Xəbər lenti

“Trampın proteksionist siyasətinə sinə gərmək üçün Azərbaycan öz qazını yalnız Qərbə deyil, Şərqə də satmaq üzərində düşünməlidir...”
Tanınmış siyasi analitik Tahir Cəfərli Moderator.az -ın əməkdaşı ilə söhbətində bu günlərdə Rusiya prezidenti V.Putinlə iki saatlıq görüş keçirmiş ABŞ lideri D.Trampın proteksionist siyasətinin  mahiyyəti, rəsmi Vaşinqtonun  Rusiya və Asiyadan Avropaya yönələn qaz kəmərlərini birbaşa və dolayısıyla əngəlləməsi və bu siyasət qarşılıgında Azərbaycanın ata biləcəyi addımlardan bəhs etdi...
(Söhbətin əvvəli ilə bu linkdə tanış ola bilərsiniz:  http://www.moderator.az/news/184210.html)       
-İlk baxışdan qəribə görünür: Tramp hətta ABŞ-a dost və müttəfiq olan ölkələrə qarşı da ciddi və sərt mövqe tutmuşdur. Bunun səbəbi nədir?
-Bu  da onun proteksionist mövqeyindən irəli gəlir. Tezliklə Tramp bütün dünyaya öz siyasəti ilə meydan oxuyacaq və ölkələrlə yalnız siyasi və iqtisadi diktə ilə danışacaq... 
-Bəlkə də artıq belə danışır... 
-Doğrudur. Çünki siyasətdə belə bir qayda var: siyasətçinin hərəkəti onun qəlbinin güzgüsüdür. ABŞ-ın sıxılmış qaz layihəsinin ortaya atılması ondan xəbər verir ki, Vaşinqton Rusiya, İran, Qətər və s. qaz kəmərlərinin Avropaya çəkilməsinin əleyhinədir... 
- Siz ötən müsahibənizdə qaz bazarları uğrunda mübarizədən danışdınız. Yaxın Şərqdə baş verən qanlı olayları da bununla bağladınız. ABŞ-ın burada marağı nədədir? 
-SSRİ-dən sonra Rusiyanı dağıtmaq... 
-Axı deyirlər ki, D.Tramp V.Putinin adamıdır... 
-Yəqin ki, siz də bu nağıla inanmırsınız... Bu saat Trampın bütün fəaliyyətinin mahiyyəti günü-gündən güclənən Rusiya və Çinin qarşısını almaqdır. Burada söhbət ABŞ-ın planetdə yeganə fövqəldövlət kimi qalmasından gedir. Bu halda Tramp necə Rusiyanın adamı ola bilər? 
ABŞ öz iqtisadi gücünü 70-ci illərin səviyyəsinə gətirmək istəyir. O dövrdə ABŞ-da ancaq daxili inteqrasiya idi, yalnız ştatlar  bir-birlərindən asılı idi. İndi isə tərsinədir: ştatların iqtisadiyyatı xaricdən gələn detallar və komplektasiya materiallarından asılıdır. Bu asılılıq o qədər gözə çarpandır ki, ABŞ-a qarşı gedən qüvvələr bu əlaqələri kəssələr, ABŞ-da zavod və fabriklər, kombinat və konsernlər dayanar. Nəticədə ABŞ iqtisadi və sonra da siyasi baxımdan  çökər. Deməli, Tramp ölkəsini düşdüyü bəladan qurtarmaq istəyir... 
-Avropa mətbuatı Trampın açıq təzyiqə keçməsindən danışır... 
-Elədir. Tramp 70-ci illərdəki kimi ABŞ-ın təzyiq mexanizmini işə salmışdır. Bu saat o, təbii qazın yalnız ABŞ-dan alınması məsələsini Avropa İttifaqının qarşısına qoyub. Bu, çox ciddi məsələdir... 
-Bunun arxasında nə durur? 
-Əlbəttə ki, anti-Rusiya siyasəti; Rusiyanı Avropaya bağlayan bütün iqtisadi əlaqələrin kəsilməsi və bu ölkəni Sovetlərin gününə salmaq istəyi... 
-Sıxılmış qazın Avropaya yalnız ABŞ-dan daşınması nə qədər ağlabatandır? 
-Bu baha başa gəlsə də, ABŞ-ın bunun üçün bütün texniki imkanları var. Sıxılmış qaz daşıyan on minlərlə gəmi-tankerləri mövcuddur. 
-Bu siyasətin mahiyyətini nədə görürsünüz? 
-İlk növbədə Avropanın enerji məsələlərində ABŞ-dan tam asılı vəziyyətə düşməsində, Rusiya və İran qazının Avropaya çatdırılmasının (kəmər yolu ilə) qarşısının alınmasında... 
-Birdəfəlik anlamaq lazımdır ki, ABŞ  digər ölkələrin qazının Avropaya verilməsinin əleyhinədir. Çünki başqa cür olsa, ABŞ Avropaya təzyiq mexanizmini itirər. ABŞ analitiklərinə aydındır ki, Avropa İttifaqının yaranması “Köhnə dünya “ ilə “ Yeni dünya”arasında mübarizənin nəticəsidir. Avropa İttifaqı güclənsə, ABŞ-a qarşı dura bilər, Rusiya ilə əməkdaşlığa da başlasa, Vaşinqton qitəyə nəzarətini tam itirər. Avropa İttifaqını  gücdən salmaq üçün Böyük Britaniyanın İttifaqdan uzaqlaşdırılması da elə bununla əlaqəlidir... 
-Yəni, ABŞ Avropanı özündən tam asılı vəziyyətə salmaq istəyir? 
-Başqa nə ola bilər? Ötən dəfə biz Qətər və İran qazının Avropaya çıxmamasında marağı olan ölkələrdən və Suriya konfliktinin neft və qazla bağlılığından danışdıq. Burada fövqəldövlətlərin maraqlarının toqquşduğunu qeyd etdik. Bu gün ABŞ tərəfindən Qətər qazının Avropaya daşınmasının qarşısının alındığını görürük... 
-Bir sözlə, ABŞ bütün alternativ qaz kəmərlərinə qarşı gedir? 
-Görünən budur. Fikir verin, ABŞ-ın sıxılmış qazının Avropaya satılması məsələsi İranın Avropa şirkətləri ilə bağladığı “Əsrin kontraktından” sonra ortaya çıxdı. Yəni ABŞ demək istədi ki, yolunuzu azmayın, məndə qaz ola-ola başqa ölkələrə üz tutmayın. Ilk növbədə sadə görünən bu məsələnin arxasında Trampın başlatdığı ciddi təzyiq siyasəti durur. ABŞ prezidenti boş-boşuna bəyanat vermir. Bir iqtisadçı kimi o, ölkəsinin gələcəyini görür və  indiyədək digər dövlətlərin ABŞ-dan olan asılılığını daha da möhkəmləndirir. Hələ Trampın 100 günlüyündə hamıya aydın oldu ki, o, hansı yolu tutub və hansı istiqamətdə hərəkət edəcək. Ona qədər olan prezidentlər Avropanın inkişafına göz yumduqlarından Avropa İttifaqı meydana gəlmişdi. Bu, gerçək qüvvədir. Ag Evdə “Köhnə dünya”nın inkişafının qarşısını almaq siyasətinə isə Bzejinskinin vaxtından keçsələr də,  ciddi addımlar atılmamışdı. Bu siyasi xətti indiki administrasiya daha da aydın şəkildə həyata keçirməyə başlayıb. Londonun “breksiti” Avropa iqtisadiyyatına vurulan ən ciddi zərbələrdən biridir. Avropa Britaniyadan uzaqlaşandan sonra ciddi iqtisadi çətinliklərlə üzləşəcək. Aydındır ki, bütün bunların başında ABŞ durur və İngiltərə rəhbərliyi necə ki, Vaşinqtonun satelliti olub, elə də qalmaqdadır... 
-Belə fikirlər var ki, Avropanın qazı Rusiyadan və yaxud İrandan alması Qərb ölkələrinin enerji təhlükəsizliyini təmin edə bilər. Bundan əlavə, Qətər qazı da ABŞ-dan asılığı heçə endirə bilər...
 
-Qazın təsir qüvvəsinin bu saat nə qədər güclü olduğunu anlamaq üçün Ukrayna-Rusiya münasibətlərinə diqqətlə fikir verməliyik. Rusiya tranziti Ukraynadan keçməsə, Ukrayna çökər, odur ki, Rusiya qazını Avropaya çatdırmaq üçün alternativ yollar axtarır. 
-Bəs ABŞ? 
-ABŞ bu yolları bağlamalıdır ki, öz hegemonluğunu itirməsin.  Avropa şirkətləri İranla “Əsrin kontraktını “ bağlayan kimi, Tramp öz caynağını göstərdi. Avropaya öz ölkəsinin qazını almaq şərtini qoydu. Bir ciddi və rasionalist iqtisadçı olan  45-ci prezident rəqiblərlə mübarizəni çox ağılla aparıb. Onun iqtisadi uğurlarına fikir versəniz, görərsiniz ki, öz iqtisadi maraqlarını həyata keçirmək istəyən Tramp optimal variantlara əl atıb və öz biznesini elə qurub ki, o, daim uğur və gəlir gətirsin. Siyasi xəttini də ölkənin maraqları üzərində qurduğundan tezliklə Trampa qarşı gedən siyasətçilərin sayı azalacaq... 
ABŞ-ın inkişaf göstəricisi statistikasdır, amerikalılar prezidentin fəaliyyətinə statistikanın gözü ilə, işsizliyin azalması və əhalinin rifah halının yüksəlməsi ilə qiymət verirlər. ABŞ statistikasına baxsanız, bu saat statistikanın Trampın xeyrinə işlədiyini görərik. Belə getsə, daxildə Trampa qarşı gedən ciddi qüvvə qalmayacaq. Əlbəttə ki, xaricdə ki, qüvvələrdən başqa... 
-Bəs Azərbaycan Trampın proteksionist siyasətindən və konkret olaraq qaz kəmərləri ilə baglı gedişlərindən hansı nəticələri çıxarmalıdır? 
  
- Nəinki Azərbaycan, regionda karbohidrogen  ehtiyatlarınan malik bütün dövlətlər ilk növbədə bu sual üzərində düşünməlidir:”Trampın dolayı zor gücünə Avropaya sıxılmış qaz verməsi fonunda Rusiya, İran, Qətər və s. ölkələrin qaz kəmərləri və yataqlarının taleyi necə ola bilər?”  Cavab birdir:ABŞ bu ölkələri vurmaq üçün öz qazını proteksionist siyasətlə Avropaya satacaq və başqa ölkələrin əlini Avropadan kəsəcək ki, həmin ölkələr inkişaf etməsin, tamamilə gücdən düşsün və nəticədə ABŞ-a baş əysin.  Yaxın Şərqə gəldikdə, bu o deməkdir ki, Qətər- Suriya -Türkiyə qaz tranziti işləməyəcək. Və nəticədə Qətərin sıxılmış qazını Avropaya elə ABŞ şirkətləri satacaqlar. Əks halda Qətəri Küveytin gününə salıb (1991-ci il hadisələrini, Səddam Hüseynin Küveyti işğal etməsini yada salın  ) varıdatını əlindən alacaqlar. Üstəlik, Qətər qazı üzərində tam nəzarətə keçəcəklər. ABŞ-ın Avropaya çıxaracağı qaz elə Qətər qazı olacaq. Odur ki, Qərb mətbuatı qaz kəmərlərinin sual altında olmasından yazır... 
Hazırda Trampın həyata keçirtdiyi, yalnız ABŞ-ın xeyrinə olan çox sadə və praqmatik siyasətin mahiyyəti budur. Bu siyasətin qarşısına çıxan kiçik ölkələrin taleyi isə faciəli ola bilər. Suriya, İraq, indi isə Qətər kimi... ABŞ-ın proteksionist siyasəti fonunda Azərbaycan  ciddi nəticələr çıxartmalıdır, neft və qazdan asılılığı tam aradan götürmək üçün yollar axtarmalıdır. Qeyri-neft sektorunun inkişafına daha da geniş yer verilməlidir. Bu saat Prezidentin kənd təssərüfatı ilə bağlı tədbirləri həyata keçirilir, göstəricilər göz qabağındadır. Ancaq daha da inkişaf etmək üçün ağır və yüngül sənayenin gəlir gətirdiyi bütün sahələrinin inkişaf etdirməliyik. Bundan əlavə, nefti xammal kimi yox, emal edilmiş şəkildə bazara çıxarmalıyıq. Yalnız belə olduğu halda biz Rusiya kimi resessiyadan canımızı qurtara bilərik. ABŞ-ın təzyiqlərini tezliklə bütün ölkələr hiss edəcək. Odur ki, Azərbaycan bu təzyiqlərə sinə gərmək üçün emal etdiyi qazı yalnız Avropaya deyil, Şərqə də yönəltməlidir. Çünki qazdan gələn gəlirlər olmasa, ölkəni düşdüyü resessiyadan qurtarmaq mümkün olmayacaq. İnanırıq ki, Azərbaycan Prezidenti ABŞ-ın siyasətinin mahiyyətini bizdən də yaxşı bilir və operativ olaraq mümkün, optimal tədbirlərini görəcəkdir...  
                                                                                                          
Sultan  Laçın

 




Ana səhifəyə qayıt        Baxış: 684          Tarix: 12-07-2017, 16:01      

Xəbəri paylaş


Paylaş:   

Prizma