Böyük Britaniya Azərbaycanı Cənubi Qafqazda ən vacib strateji tərəfdaş kimi qiymətləndirir, qlobal siyasətdəki ingilis ağlının dərin cəhətləri isə Bakı üçün əlavə fürsətlər yaradır.
Britaniyanın Azərbaycana yeni səfir təyinatını ikitərəfli münasibətlərdə dərinləşən platforma çərçivəsində və regional proseslərdə Londonun maraqlarının artması kontekstində dəyərləndirmək lazımdır.
Azərbaycanlıların sevimlisinə çevrilən Ceyms Şarpı bundan sonra xələfi Fergus Ould əvəzləyəcək.
Britaniyanın beynəlxalq siyasətdə hegemoniyasını təsbit edən “Qlobal Britaniya 2030” konsepsiyasının icra edilməsi mexanizmlərində dost və tərəfdaş ölkələrin potensialından istifadə edilir.
London cənab Ouldun çiyninə qlobal nizamda qızışan emosiyalar fonunda xeyli yük qoyub və Azərbaycanla münasibətlərin inkişafı üçün yeni formullar üzərində düşünmək tapşırığını verib.
Britaniya böyük güc rəqabətində qlobal nizamın bir parçası olan Cənubi Qafqazı da Rusiya və İransız təsəvvür edən meyillərdən əl çəkmir, Londona görə, bu iki ölkə təhlükəsizlik mühitinin pisləşməsinə səbəb olur.
Britaniya Azərbaycanın Cənubi Qafqazda yaratdığı reallıqların izi ilə gedərək Moskva və Tehranın regiondakı çəkisini sıfıra yaxınlaşdırmaq niyyətindədir və rəqibləri da adekvat tədbirlər görürlər.
Nəhəng tablo üzərindəki cizgiləri şərh etsək, deyə bilərik ki, regiondakı hab burada rəqabətin sistemli dinamikasını mürəkkəbləşdirir: Britaniyanın addımları Rusiyanın bölgədəki tarixi və hərbi-siyasi maraqları, İranın panşiəlik xətti ilə toqquşur.
Azərbaycan isə Rusiya ilə münasibətləri zədələməmək prinsipini qoruyub-saxlayır, çünki regional səhnədə Moskvanın Bakıya dəstəyi daha effektiv nəticələr hasil edilməsi üçün əsas meyarlardan biridir.
Bakının incə sərhədlər arasında balansı saxlaması onu qlobal rəqabətin tərəfinə çevirmir və Britaniya bunu anlamaqda çətinlik çəkmir, çünki Azərbaycan Londonun tərəzisində bəlli bir çəkiyə yiyələnib. Britaniya həmin kütləni itirməməkdən ötrü Rusiya ilə bağlı siyasətində Azərbaycana təzyiq etmək niyyətindən uzaqdır.
Ona görə də Britaniya ilə Rusiya Azərbaycana münasibətdə iqtisadi rəqabəti stimullaşdıran tezislərlə bir-birini neytrallaşdırmağı hədəfləyə bilərlər.
(Fergus Ould)
Lakin Britaniya Azərbaycanın Avro-Atlantik strukturlara inteqrasiyasını sürətləndirən ideyaları təkmilləşdirəcək və bununla bağlı digər gizli müttəfiqi Türkiyə ilə də məsləhətləşmələr aparacaq.
Səfir Ouldun qarşısında duran çağırışlardan biri də bu olacaq ki, Azərbaycanın əldə etdiyi faktiki və potensial qazancları Londonun maraqlarına inteqrasiya edə bilsin.
Hər nə olursa-olsun, Britaniya Azərbaycana qoyduğu iqtisadi-siyasi sərmayənin həcmini genişlətmək çağırışını özünün strateji məcburiyyəti kimi dərk edir.
İran mövzusu isə ayrıca bir xətt təşkil edir, Tehrandan Azərbaycana əsdirilən küləklərin boşluqda itməsinin bir səbəbi də Londonun Bakı ilə əlaqələrini dərinləşdirməsi səbəblərinə bağlıdır.
NƏTİCƏ:
“Britaniya İmperiyası Ordeni” ilə təltif edilmiş səfir Fergus Ould ölkəsinin Azərbaycanla münasibətlər sistemini böyütmək missiyasını həyata keçirəcək.
Britaniya səfirliyi onun Londondan aldığı təlimatlar əsasında regional təhlükəsizliyin ətraflı analizini hazırlayacaq.
Bu, Britaniya-Azərbaycan əlaqələri üçün pozitiv impulsları yeni mərhələyə keçirəcək və Bakının təhlükəsizlik yastığında Londonun rolunu çoxaldacaq.
Paylaş: