Vətən müharibəsi təkcə Azərbaycanın qələbəsi ilə yekunlaşmadı. O, həm də regionun mənzərəsini, böyük güclərin Cənubi Qafqaz ölkələri ilə münasibətlərinə, xüsusilə regiondakı güclər balansına ciddi təsir etdi. Müharibədən əvvəl istər regional, istərsə də ondan kənarda yerləşən, lakin regionda maraqları olan güclər birmənalı olaraq Azərbaycanın bütün sahələr üzrə Ermənistandan üstün olduğunu dərk etsələr də, onun belə uğurlu, ildırımsürətli və hərbi cəhətdən mükəmməl taktikalardan yararlanmaqla 44 günə 28 il ərzində qurulan müdafiə potensialını dağıda biləcək qüvvəyə sahib olduğunu proqnozlaşdıra bilməmişdilər.
Ermənistana daha güclü və hərtərəfli dəstək olan Fransa, İran, Hindistan kimi ölkələrin hazırda Azərbaycana qarşı müxtəlif cəbhələrdə açıq düşmənçilik siyasəti aparması da, Azərbaycanın gücünü vaxtında düzgün qiymətləndirə bilməmələrindən irəli gəlir.
ABŞ, Rusiya, Fransa, İran və s. ilə bağlı məsələlər aydındır. Bu barədə çox danışılıb və danışılacaq. Bəs Hindistan?
Azərbaycan-Pakistan islam həmrəyliyi fonunda ölkəmiz uzun illərdir regionda Hindistanın əsas ticarət tərəfdaşı olub və bu gün də belədir. “Azərbaycan-Pakistan qardaşlığı” Hindistana bəlli ola-ola ölkəmizlə rəsmi Yeni Dehli arasında iqtisadi əlaqələr artmaqda davam edib. 2018 və 2019-cu illərdə müvafiq olaraq bu ölkənin xarici işlər nazirləri - Suşma Svarac və Subrahmanyam Jaishankar, 2019-cu ildə vitse-prezident Venkaiah Naidu Azərbaycana səfər edib. Lakin 30 illik Ermənistan-Hindistan diplomatik münasibətləri tarixində Hindistanın xarici işlər naziri ilk dəfə olaraq Vətən müharibəsindən 11 ay sonra - 2021-ci ilin oktyabrında Ermənistanda olub.
Vətən müharibəsindən sonra Azərbaycanın Hindistanla Pakistan arasında mövcud olan probleminin həll edilməsinə dair mövqeyində heç bir dəyişiklik olmayıb. Bundan öncə də Azərbaycanın Cammu və Kəşmirlə bağlı prinsipial mövqeyi bu problemin beynəlxalq hüququn norma və prinsiplərinə, həmçinin BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə, habelə beynəlxalq humanitar hüquqa tam hörmətlə yanaşılmaqla sülh yolu ilə həllinin dəstəklənməsinə əsaslanıb.
Ancaq heç Hindistanın yadına düşməyən Ermənistan 44 günlük müharibədən sonra qəflətən rəsmi Yeni Dehlinin gündəliyinə gəlib. Hindistan rəsmilər İrəvana səfərlər etməyə və əməkdaşlığı genişləndirməyə başladı. Bununla yanaşı, Hindistan rəsmiləri Ermənistanın vəkili kimi Azərbaycana qarşı siyasi bəyanatlar səsləndirirlər. Onlar Azərbaycanın imkanlarının bloklanması ilə bağlı təşəbbüs göstərməyə başlayıb. Bu həm də onların Ermənistanla hərbi sahədə əməkdaşlığı ilə müşaiyət olunur.
Azərbaycan və İranın dəmir yolları şəbəkəsi vasitəsilə Hindistanın Mumbay şəhərindən Sankt-Peterburqa uzanan 7 200 km-lik Beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizi Azərbaycan və Hindistan əməkdaşlığı üçün böyük imkandır. Hindistan Ekspeditorlar Assosiasiyasının hesablamalarına görə, bu koridor ənənəvi marşrutlardan 40 faiz qısa və 30 faiz ucuzdur.
Eyni zamanda, Rusiyanın Ukraynaya hücumundan sonra Azərbaycanın da iştirakçısı olduğu “Orta dəhliz”in əhəmiyyəti və cəlbediciliyi artıb. Bu xüsusda, Şimal-Cənub dəhlizinin Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə Orta dəhlizə birləşdirilməsi ən çox elə Hindistanın maraqlarına cavab verir. Çünki bu seçimlər Hindistan üçün Asiya bazarlarını Avropa ilə əlaqələndirən Çin və Pakistanın rəhbərlik etdiyi layihələrə alternativdir. Üstəlik də Hindistan Süveyş kanalından uzaqlaşaraq İran, Azərbaycan, Türkmənistan, Qazaxıstan və Rusiyanın dəmir yolu sistemlərindən faydalanmaqla istifadə olunmamış ticarət potensialdan yararlanır.
2022-ci ilin ilk altı ayında Hindistan Azərbaycanın dördüncü ən böyük ixrac tərəfdaşı olub. Ötən ilin eyni dövrü ilə müqayisədə Azərbaycanın Hindistana ixracı 107 faiz artaraq 896 milyon ABŞ dollarına çatıb. Eyni zamanda, Hindistan qlobal ərzaq bazarlarında artan dəyişkənlik kontekstində Azərbaycan üçün mühüm taxıl və düyü mənbəyidir.
İslam dini adı altında hər cür haram və günah işlədən İran müsəlmanların düşmənləri ilə qardaşlıq münasibətlərini “Din ayrı, siyasət ayrı” bəhanəsi ilə pərdələyir. İndi Hindistan da Azərbaycana qarşı “Ticarət ayrı, siyasət ayrı” yanaşmasını tətbiq edir.
Rəsmi Yeni Dehli Hindistanda müsəlmanalara qarşı diskriminasiya siyasəti yürüdür. İran hakimiyəti isə bu ölkə ilə Azərbaycana qarşı fəaliyyətdə müttəfiqlik edir. Dinin siyasətdən və dövlətin idarə olunmasında ayrı olmadığını iddia edən Tehran rejimi belə vəziyyətdə “din ayrı, siyasət ayrı” deyərək, regionda Hindistanla Azərbaycana qarşı birləşir. Başqa sözlə, İran hakimiyyəti yenə də riyakarlıq edir.
Azərbaycan vasitəsilə Avropaya karqo daşıyan Hindistan hökuməti, hərbi yüklərini Ermənistana daşıyır. Belə ki, Hindistan Ermənistana 4 ədəd “Swathi” radarı tədarük edib, 155 mm-lik ATAGS haubitsaları isə yoldadır. İranın müsəlman düşməni Hindistanla birləşib Azərbaycana qarşı birgə hərbi əməkdaşlıq etməsi Tehranın saxtakarlığını bir daha təsdiqləyir.
Hindistanın Vətən müharibəsindən sonra Azərbaycana qarşı qeyri-dost addımlarının səbəbi kimi Azərbaycan-Pakistan hərbi əməkdaşlığının gücləndirilməsi istiqamətində atılan addımlar göstərilir. Əgər həqiqətən də Hindistanın narazılığının kökündə bu məsələ olsaydı, o zaman Hindistan təhlükəsizliyi üçün təhdid hesab etdiyi məsələlər üzərində işləyərdi. Ermənistanın hərbi və siyasi cəhətdən gücləndirilməsinin Hindistana əlavə dividend qazandırmadığı hamı kimi Hindistan hökumətinə də bəllidir.
Hindistan istehsalı olan silahlarla Azərbaycan vətəndaşlarının öldürülməsi, eləcə də Qoşulmama Hərəkatı Təşkilatı çərçivəsində bu ölkəyə yuxarıdan-aşağıdan aidiyyəti olmayan hansısa sənədin bloklanması Pakistan qarşısında Hindistanı gücləndirmir. Ermənistan hərbçilərinin Hindistanın zenit-raket komplekslərindən azərbaycanlılara tərəf atəş açması Kəşmirin müsəlman əhalisinin könüllü şəkildə Hindistanın suverenliyini qəbul etməsinə, Pakistanın iddialarından əl çəkməsinə gətirib çıxarmayacaq.
Başqa sözlə, Hindistan Ermənistana üstünlük verməklə Pakistanı Kəşmir məsələsində güzəştə getməyə məcbur etmək niyyətindədir. Ancaq bu münaqişə Pakistan üçün həyati vacib məsələdir. Onun İslamabad-Bakı əlaqələrinə elə ciddi təsiri olmayacaq.
Məsələnin əsl mahiyyətini və kökünü Ermənistandan Hindistana ixrac edilən qiymətli və əlvan metallarda axtaraq. Belə ki, rəsmi statistikaya görə, məsələn 2020-ci ildə Ermənistan Hindistana 148 milyon dollarlıq məhsul ixrac edib ki, bunun da 147 milyonu tək qızılın payına düşür. Bəs Ermənistan bu qızılı haradan çıxardıb? Əlbəttə ki, işğal etdiyi Azərbaycanın Kəlbəcər rayonundakı Zod yatağından.
Statistikaya diqqət yetirdikdə, 1995-ci ildən sonra qızıl və digər qiymətli metalların ixracı hesabına Ermənistan-Hindistan ticarət dövriyyəsinin hər il hiss ediləcək dərəcədə artdığını görə bilirik. Ermənistan təkcə 2019-cu ildə 5.8 ton qızıl hasil edib ki, onun da əsas təyinat nöqtəsi Hindistan, Kanada və İsveçrə olub.
Ermənistan işğal olunmuş ərazilərimizdə yerləşən və özündə müxtəlif növ faydalı qazıntıları birləşdirən 163 yataqdan qeyri-qanuni istifadə edib. Qızıl, gümüş, mis, molibden, civə, dəmir, xrom yataqları, eləcə də qum, çınqıl, gil və digər faydalı qazıntı yataqlarında Ermənistan tərəfindən qeyri-qanuni və intensiv şəkildə kəşfiyyat və hasilat işləri aparılıb. Ermənistanın apardığı qeyri-qanuni iqtisadi fəaliyyət 1949-cu ildə qəbul edilmiş “Müharibə zamanı mülki şəxslərin müdafiəsi haqqında” Cenevrə Konvensiyasının, “Quru müharibəsinin qanun və adətləri haqqında” IV Haaqa Konvensiyasının tələblərini kobud şəkildə pozub.
Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni iqtisadi və digər fəaliyyətlərə görə təkcə Ermənistan deyil, həmin ərazilərdən qeyri-qanuni çıxarılan xam materialların və materiallardan hazırlanan məhsulların ixrac edildiyi ölkələr, habelə Hindistan məsuliyyət daşıyır. Vətən müharibəsində Azərbaycanın qələbəsi Hindistan və digər ölkələrin bu qeyri-qanuni fəaliyyətinin qarşısını alıb. Ucuz xammal tədarükü dayanıb. İldə təqribən 150 milyon dollara görə Azərbaycan vətəndaşlarının qətlə yetirilməsinə vəsilə olmağa dəyərmi?
Ermənistan yönü bəli olmayan, regional və beynəlxalq təhlükəsizlik üçün təhdid mənbəyi olan ölkədir. Onun perspektivi Rusiyanın gələcyindən daha çox asılıdır. Belə bir şəraitdə Hindistan türk dünyası ilə özünü düşmən etməyə niyə rəva görür? Hər halda Yeni Dehlinin müsəlman və türk dövlətləri ilə qarşıdurmasının onun ziyanına olacağı istisna edilmir.
“Report” İnformasiya Agentliyi
Paylaş: