Xəbər lenti

ABŞ-ın Nyu-York şəhərinin Bruklin federal məhkəməsi Ukrayna Ali Radasının deputatı Andriy Derkaça qarşı ittihamı rəsmən elan edib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, o, çirkli pulların yuyulmasında və 2020-ci ildə Rusiyanın ABŞ-dakı prezident seçkilərinə müdaxiləsinə yardım etməkdə, ABŞ-ın ona qarşı tətbiq etdiyi sanksiyaları pozmaqda suçlanır.

Qeyd edək ki, Derkaçın adı vaxtilə Ukraynanın keçmiş prezidenti Petro Poroşenko və ABŞ-ın hazırkı prezidenti Co Baydenin telefon danışmalarını üzə çıxarmaqla gündəmə gəlib. Federal Təhqiqatlar Bürosu onun Rusiyanın təsir agenti olduğuna inanır. Üstəlik, Derkaç ilə əlaqəli strukturların Beverly Hills, Kaliforniyada mülklər əldə etməsi ona qarşı şübhələri artırıb.

Bruklin federal məhkəməsində açıqlanan ittiham aktında ukraynalı siyasətçinin 2013-cü ildən bəri Britaniya Virciniya adalarında qeydiyyatdan keçmiş offşor şirkətlərdən Latviya və İsveçrədəki xarici hesabları “yumaq” üçün istifadə etdiyi vurğulanıb.

“Demokratiyamıza zərər verməyə cəhd etdiyi üçün sanksiyaya məruz qalan bu Kreml agentinin davranışı göstərdi ki, o, qeyri-qanuni məqsədlərinə çatmaq üçün bank sistemimizdən istifadə etməyə çalışır”, – deyə Nyu-Yorkun Şərq Bölgəsinin prokuroru Breon Pis bildirib.

"Amerika institutlarını sarsıtmağa yönəlmiş Rusiya tərəfindən aparılan dezinformasiya kampaniyasını yürüdən Derkaç ABŞ-da özü və ailəsi üçün rahat şərait yaratmağa çalışıb",-deyə FTB direktorunun Nyu Yorkdakı köməkçisi Maykl Driskoll qeyd edib.




Ana səhifəyə qayıt        Baxış: 3 728          Tarix: 8-12-2022, 20:45      

Xəbəri paylaş


Paylaş:   

Prizma