Xəbər lenti

“Heç kimə sirr deyil ki, “Artsax”da təhlükəsizlik və bütövlükdə sağ qalmaq üçün bütün ümidlər Rusiya sülhməramlıları ilə bağlıdır. “Artsax” xalqı dəfələrlə bildirib ki, rus əsgəri getsə, “Artsax” əhalisi də onunla birlikdə gedəcək. Bu baxımdan sülhməramlılar uzun müddət “Artsax”da məskunlaşmalı və buradan getməyi düşünməməlidirlər”.

Musavat.com xəbər verir ki, bunu Arayik Arutyunyan deyib. “Hraparak” nəşrinin yazdığına görə o bildirib ki, 9 noyabr 2020-ci il tarixli sənəddə sülhməramlıların olmasının hər iki tərəfin, Ermənistan və Azərbaycanın istəyindən asılı olduğu bildirilsə də, bu sənədin bütün digər bəndləri pozulub və müddətlərə əməl olunmayıb, ona görə də deyə bilərik ki, sənəd artıq keçərli deyil: “Bu işləmir və sülhməramlıların olması yalnız Rusiyanın, “Artsax”ın və bir az Ermənistanın iradəsindən asılıdır”.

Nəşrin əldə etdiyi məlumata görə, “Artsax” prezidenti Arayik Arutyunyan “Artsax”dakı 1500 sülhməramlının ailələrini Rusiyadan “Artsax”a köçürmələri üçün hər şeyi edir ki, onlar burada daha möhkəm məskunlaşsınlar. O, bununla bağlı Rusiya Federasiyasının ən yüksək məhkəmə instansiyalarına müraciət edib və rus hərbçi ailələrinin üzvlərinin köçürülməsinin təşkil olunacağına dair təminat alıb.

Siyasi şərhçi Elçin Mirzəbəyli Musavat.com-a açıqlamasında bildirdi ki, Rusiya sülhməramlıları ilə bağlı baş verən son hadisələrin fonunda onların dislokasiya olunduğu Azərbaycan ərazilərində yaşayan erməniləri, həmçinin Ermənistan cəmiyyətini informasiya təzyiqi altında saxladığı üçün qarşı tərəf feyk məlumatlarla emosional fonu dəyişmək və bumeranq effekti yaratmaq istəyir. O, qeyd edib ki, erməni mətbuatının Rusiya sülhməramlılarının ailələrinin Azərbaycan ərazilərinə köçürülməsi ilə bağlı guya hər hansı razılaşmanın olduğu barədə yaydığı məlumatların məqsədi də təzyiqi ölkəmizin ictimai rəyinə ötürməkdən və daha kəskin emosional fon yaratmaqdan ibarətdir: “Rusiya sülhməramlılarının ailələrinin onların müvəqqəti səlahiyyət zonasına daxil olan Azərbaycan ərazilərinə köçürülməsi bir çox səbəblərdən mümkün deyil. Əvvala, nəzərə almaq lazımdır ki, Rusiya sülhməramlıları Azərbaycan ərazilərində 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatına əsasən yerləşdiriliblər. Sözügedən bəyanatda onların sayı dəqiq müəyyənləşdirilib və bu amil sözügedən sülhməramlı missiya ilə bağlı Rusiya prezidentinin müvafiq fərmanında da yer alıb. Sözügedən fərmanda sülhməramlıların rotasiyası (ildə iki dəfə) ilə bağlı məqam da nəzərdə tutulub ki, bu da onların Azərbaycan ərazilərində müvəqqəti xidmət keçdiyinin təsdiqləyir. Yəni sülhməramlılar Rusiya qanunvericiliyinə və prezident Putinin fərmanına uyğun olaraq, Rusiya Müdafiə Nazirliyi tərəfindən missiyanın tərkibinə və Azərbaycan ərazilərinə müvəqqəti xidmət keçmək üçün ezam olunurlar.

Rusiya qanunvericiliyində və bu ölkənin müdafiə nazirliyinin müvafiq təlimatlarında hərbçilərin ezam olunduqları və müvəqqəti xidmət keçdikləri yerlərə onların ailələrinin köçürülməsi, həmçinin buna görə onlara əlavə vəsaitin ayrılması nəzərdə tutulmayıb. Bu baxımdan, erməni mediasının Azərbaycanın ictimai rəyinə məqsədyönlü şəkildə ötürdüyü feyk xəbərlərə obyektiv informasiya kimi istinad edərək, onların üzərində baş sındırmaqdansa, sülhməramlıların müvəqqəti səlahiyyət zonasına daxil olan Azərbaycan ərazilərində yaşayan erməniləri və Ermənistan cəmiyyətini davamlı informasiya təzyiqi altında saxlamaq barədə düşünmək, zənnimcə daha doğru olar”.

E.Mirzəbəyli həmçinin, qeyd etdi ki, A.Arutyunyanın hara müraciət etməsindən asılı olmayaraq mövcud şəraitdə sülhməramlıların ailələrinin Azərbaycan ərazilərinə köçürülməsi ehtimalı yoxdur: “Bu məsələnin məhkəmə müstəvisində konkret həlli yoxdur. Bu, növbəti dəfə Azərbaycanın informasiya məkanına yanlış məlumat ötürmək, məqsədyönlü şəkildə diqqəti əsas problemlərdən yayındırmaq və həmçinin, sülhməramlılarla bağlı ölkəmizdə olan emosional fonu biraz da gərginləşdirməkdən ibarətdir. İndiki şəraitdə A.Arutyunyan Rusiyaya müraciət edərək nəyə nail olmaq istəyir- Rusiya prezidentinin fərmanının ləğvinə ya 10 noyabr bəyannaməsinin müddəalarının ləğvinə? Mahiyyət etibarilə bu mümkün deyil. Ümumiyyətlə, bu Rusiya məhkəmələrinin səlahiyyətinə aid olan məsələ deyil. Sülhməramlılarla bağlı qəbul edilmiş Rusiya prezidentinin fərmanı və federal qanun var. Hər ikisi hüquqi normativ aktlardır. Məhkəmələr də şübhəsiz ki, hüquqi normativ aktların əleyhinə qərar qəbul edə bilməzlər”.




Ana səhifəyə qayıt        Baxış: 4 452          Tarix: 9-12-2022, 18:15      

Xəbəri paylaş


Paylaş:   

Prizma