Xəbər lenti

Qarabağ erməniləri arasında özünü separatçıların “dövlət naziri” adlandıran Ruben Vardanyana etimad ciddi şəkildə zədələnib.

Modern.az-ın məlumatına görə, sosial şəbəkələrin erməni seqmentindəki müzakirələrə qoşulanlar bildirirlər ki, Vardanyan üçün Qarabağ məsələsi siyasi tramplin məqsədi daşıyır və sadə ermənilərin taleyi onun üçün maraqlı deyil.

“Çoxlarına sirr deyil ki, milyarder İrəvanda hakimiyyət başına gəlməyi planlaşdırır”, - deyə bəzi müzakirələrdə Vardanyana etimadsızlıq ifadə edilib.

Sosial şəbəkələrdəki ermənilər arasında hətta onu agent adlandıranlar da var, Vardanyanı gah Rusiyaya, gah da Qərb ölkələrinə işləməkdə suçlayırlar. Qarabağda yaşayan mülki ermənilər arasında Vardanyanın səmimiyətinə inananların artıq çox az olduğu qeyd edilir.

Bildirilir ki, Ruben Vardanyan ermənilərin maraqlarına ziyan vuran addımlar atır.  

“Sanki Vardanyan Qarabağdakı prosesləri Azərbaycanın xeyrinə sürətləndriməklə məşğuldur”, - deyə sosial şəbəkə izləyicilərindən biri narazılıqla vurğulayıb.

Onu agent hesab edənlər bu kontekstdə Vardanyanın həyat yoldaşının milliyətinə diqqət çəkirlər.

Bildirilir ki, Vardanyanın arvadının yəhudi mənşəli olması onun xarici ölkələrin agenti olmasına dəlalət edən səbəblərdən biridir. Hətta ötən günlərdə “Armenianreport” saytında dərc olunan bir yazıda da Vardanyanla bağlı bu məqama toxunulub.

Qeyd edilir ki, sabah Qarabağda vəziyyət ermənilər üçün kritik xarakter alanda Vardanyan yəhudi arvadı vasitəsilə asanlıqla Avropada, ABŞ-da, hətta İsraildə peyda ola bilər.  

Ermənilər qeyd edirlər ki, məhz Ruben Vardanyan Qarabağa gələndən sonra Laçın yolu bağlanıb və Xankəndi mühasirə vəziyyətinə düşüb. Vardanyan isə hər gün Qarabağ ermənilərini sakitləşdirməklə yola verir, vəziyyətin tezliklə düzələcəyini, hər şeyin yaxşı olacağını vəd edir.

Ruben Vardanyanın arvadından söz düşmüşkən, yəhudi mənşəli olduğu bildirilən Veronika Zonabend kimdir?

Modern.az-ın məlumatına görə, Veronika Feliksovna Zonabend 8 fevral 1967-ci ildə Moskva vilayətinin Jukovski şəhərində anadan olub.

1984-cü ildə orta məktəbi bitirdikdən sonra Moskva Aviasiya İnstitutunda oxuyub.

Veronika Zonabend əmək fəaliyyətinə 1990-cı ildə Moskva Aviasiya İnstitutunu bitirdikdən sonra mühəndis kimi başlayıb.

1994-1995-ci illərdə London İqtisadiyyat və Siyasi Elmlər Məktəbində bank işi və maliyyə ixtisası üzrə təhsil alıb.

1993-1998-ci illərdə bank sektorunda çalışıb.

1999-cu ildən başlayaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olur.

Veronika Zonabend həm də 1999-cu ildən Ermənistanda açılmış Beynəlxalq Dilican Kollecinin direktorlar şurasına rəhbərlik edir. Bundan əlavə, o, əri ilə birlikdə “Ruben Vardanyan və Veronika Zonabend Fondu”nun işini koordinasiya edir. Bu fond ermənilərə yönəlik xeyriyyə layihələri həyata keçirməklə məşğuldur.

Ruben Vardanyan - Veronika Zonabend cütlüyünün dörd övladı var – iki oğlan, iki qız. Onların böyük oğlu 2016-cı ildə baş vermiş “Aprel döyüşləri” zamanı Qarabağda Azərbaycan ordusuna qarşı vuruşub.

Veronika Zonabendin Rusiyada yaşayan rusdilli yəhudi mənşəli olduğu bildirilir. Hərçənd nə onun özü, nə də əri Ruben Vardanyan bu haqda danışmayıb. Amma Rusiya KİV-lərində Zonabend soyadının yəhudi mənşəli olduğu qeyd edilir.




Ana səhifəyə qayıt        Baxış: 4 161          Tarix: 5-01-2023, 12:28      

Xəbəri paylaş


Paylaş:   

Prizma