Ermənistanda hakimiyyət dəyişikliyi üçün Qarabağdakı separatizmi alovlandırmaq lazımdır ki, atəşi İrəvana düşsün; hazırkı gərginliyi Vardanyan və dəstəsinin yaratdığının Paşinyan hakimiyyəti də fərqindədir
Rusiya vətəndaşlığından imtina edən milyarder Ruben Vardanyanın Xankəndidə yerləşməsindən sonra əsas ehtimallardan biri onun Ermənistanın baş naziri Nikol Paşinyanın yerinə hazırlanmasıdır. Çünki müharibədən sonra ermənilər yeni lider axtarışına çıxanda Ruben Vardanyanın da adı o sırada çəkilirdi. Sadəcə, Paşinyan hakimiyyətini qoruyub saxlaya bildi.
“Yeni Müsavat”ın analitik şöbəsi yazır ki, “Gürcüstan ssenarisi” indi Ermənistanda istisna deyil. Hazırda Tiflis klinikasında canı ilə əlləşən qərbpərəst keçmiş prezident Mixail Saakaşvili hakimiyyətinə məhz Rusiyaya yaxınlığı ilə seçilən oliqarx Bdzina İvanaşvili son qoya bildi. Analoji prosesin İrəvanda təkrarlanması istisna deyil. Bu dəfə də rusların Sorosun məxməri inqilabla iqtidara gətirdiyi Nikol Paşinyanı devirmək üçün erməni oliqarxı Rubeni dövriyyəyə buraxdığı göz qabağındadır.
Məlumdur ki, işğal illərində Qarabağ Ermənistanda hakimiyyət üçün tramplin rolunu oynayıb: Köçəryan da, Sərkisyan da hakimiyyətə bu dalğa üzərindən gəliblər. Lakin müharibədən sonra Xankəndinin İrəvan hakimiyyətinə təsir imkanları azaldı. Oyuncaq rejimin dəstəbaşı Araik Arutyunyan isə Paşinyanın əlaltısına çevrilərək onun buyruq qulu oldu. Ona görə də Vardanyanın indiki təxribatçı açıqlamalarının, yeni “dövlət” xülyalarının reallıqla əlaqəsi olmasa da, İrəvandakı revanşistlərin işinə yarayır. Həmçinin yuxarı Qarabağda mədənlərlə bağlı razılaşmanın Vardanyanın təhriki ilə pozulması, nəticədə yolun bağlı qalması İrəvanda revanşistləri hərəkətə gətirdi və onlar da aksiya keçirdilər. Vardanyanın arxasında dayanan qüvvələrin planında Ermənistanda hakimiyyət dəyişikliyi üçün əvvəlcə Qarabağda separatizmi o həddə alovlandırmalıdırlar ki, atəşi İrəvana düşsün...
Eyni zamanda hazırkı gərginliyi Vardanyan və dəstəsinin yaratdığının Paşinyan hakimiyyəti də fərqindədir. Çünki iqtidar mənsubları Qarabağda yataqların monitorinqi ilə bağlı anlaşma olduğunu etiraf edirlər. Sitat: “Azərbaycanlıların Qarabağdakı yataqlara getməsi ilə bağlı razılaşma var idi”. Bunu Ermənistan parlamentində keçirilən brifinqdə parlamentin müdafiə və təhlükəsizlik məsələləri üzrə daimi komissiyasının rəhbəri, hakim “Vətəndaş müqaviləsi” partiyasından olan deputat Andranik Köçəryan təsdiqləyib. Onun sözlərinə görə, bu, mövcud razılaşmanın nəticəsidir: “Ekoloqların Kaşen yatağına getməsi mövcud razılaşmaların nəticəsidir. Bu razılaşmaların kimlər arasında əldə olunduğunu deyə bilmərəm. Yoxsa ekoloqlar, sadəcə olaraq, bayraqları götürüb Qarabağın istənilən nöqtəsinə gedə bilməzdilər. Yəni onların ora getməsi üçün razılaşmalar var idi və bu, lazımsız gərginlikdən qaçmaq üçün edilib”. Bununla əslində hakim partiyanın təmsilçisi separatçıları dolayı olaraq ittiham edir ki, onlar razılaşmanın həyata keçirilməsini pozublar. Faktiki etiraf edirlər ki, ekoloqların işini Vardanyanın yeni qondarma “hökuməti” qəsdən pozub.
Vardanyan isə bugünlərdə verdiyi müsahibədə Paşinyanla əlaqələrini “iş münasibətləri” kimi qiymətləndirmişdi. Təsadüfi deyil ki, Ermənistan parlamenti dekabrın 14-dəki iclasında müxalifətin Azərbaycanın hərəkətlərini pisləyən bəyanat layihəsini rədd edib. Əvəzində hakim “Mülki müqavilə” fraksiyasının təklif etdiyi variant qəbul edilib. Göründüyü kimi, Paşinyan hökuməti Vardanyanın və arxasındakı qüvvələrin əslində İrəvanda hakimiyyəti laxlatmaq niyyəti olduğunu anlayırlar. Bəs bizim analitiklər necə düşünürlər?
Ankara Universitetinin professoru Toğrul İsmayıl “Yeni Müsavat”a söylədi ki, siyasətdə hər şey mümkündür, amma Vardanyan şübhəli personadır. Onun sözlərinə görə, erməni milyarder Rusiya vətəndaşlığından imtina edib, Ermənistan vətəndaşı olub-olmadığı da bəlli deyil və hazırda Qarabağda oturub. “Bugünkü şərtlərdə Paşinyan Qarabağda müharibəni uduzmasına baxmayaraq, erməni xalqı onu seçib. Ermənistanda müxalifətin Paşinyana qarşı olması da heç nəyi dəyişmədi. Rusiya bağlantısı olan həmin qruplar heç nə edə bilmədisə, Vardanyan Ermənistan üçün tamamilə yad adamdır. Onun pulunun olması düşünmürəm ki, İrəvanda hansısa gücə çevirəcək”, - deyə T.İsmayıl şərh etdi.
Ekspertin fikrincə, Qarabağ məsələsi Azərbaycanın xeyrinə həll olunub, hamı bunu dərk edir, Paşinyan isə rəqiblərini susdurmaq üçün daxildə oyunlara gedir: “ABŞ, Rusiya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir, Fransa bir az fərqli mövqe qoyur, amma problemin bitməsini istəmirlər. Ancaq Ukrayna-Rusiya müharibəsi fonunda beynəlxalq hüquqa zidd addım atmaq Qərbin işinə yaramır”.
T.İsmayıl hesab edir ki, Rusiyanın da Vardanyana münasibəti birmənalı deyil: “Putinin və çevrəsinin ona dəstək verdiyini düşünmürəm. Biz bəzən təlimatla gəlib, Kremlin göstərişi ilə yerləşib düşünürük, məncə, oliqarx olaraq qaçıb və sanksiyalardan yayınmaq üçün bu addımı atıb. Rusiya hökumətinin Rubeni orada görmək istəyinin bir məntiqi izahı yoxdur. Çünki rus hərbçiləri bölgədədir və kifayət qədər güclüdürlər. Kreml Qarabağda ikinci fiqura ehtiyac duymaz. Üstəlik, Vardanyan kimi birisinin Qərblə siyasi bazarlığa getməyəcəyinə kim zəmanət verə bilər?! Bundan başqa, Rusiya ictimaiyyətinin gözündə Vardanyan etibarsız biridir, dar gündə qaçdı. Üstəgəl, "artsax" vətəndaşlığı deyilən bir anlayış yoxdur, Ermənistan vətəndaşı olması da mümkün görünmür, məncə, Rusiya belə işə baş qoşmaz. Qarabağda “müstəqillik” qura bilməyən adam Ermənistanda necə hakimiyyətə gələ bilər? Əgər elə plan olsaydı, Vardanyan birbaşa Ermənistana yerləşərdi. Hətta belə ssenari varsa da, çox uğursuz gedişdir. Hamı bilir ki, Vardanyan Rusiya vətəndaşıdır, Qarabağa nə zaman gəlib. Əslində Ruben Azərbaycan vətəndaşlığı almalıdır, amma bunu ona kim verəcək? Bu, həm də beynəlxalq hüquqa hörmətsizlikdir. Kəlbəcər, Laçında olan ermənilər niyə gediblər, bu da elə o səbəbdən geri dönməlidir. Çünki sonradan yerləşib Qarabağa və rədd olub getməlidir".
Siyasi şərhçi Xəyal Bəşirovun sözlərinə görə, “Gürcüstan ssenarisi”nin Ermənistanda təkrarlanması ehtimalı var: “Onsuz da iqtisadi şəraiti bərbad olan Ermənistanda milyarderin hakimiyyətə gəlməsi hansısa nəticələr verə bilər. Amma bu planları Paşinyan da görməkdədir. Ona görə Rubenin İrəvana səfərinə imkan vermədi. Odur ki, Vardanyan Qarabağdan hakimiyyətə gəlmək istəyini ortaya qoyub. Halbuki Vardanyanın Qarabağla heç bir əlaqəsi yoxdur - nə burada yaşayıb, nə döyüşlərdə iştirak edib”. Ekspertin fikrincə, kukla rejimin rəhbəri Araikin Parisə səfəri də göstərdi ki, Fransa onun arxasındadır, Rubeni öz adamı saymır: “Digər tərəfdən, Vardanyan sabitliyin olmadığı, təhlükəli bir əraziyə maliyyə qoymaz. Bu da göstərir ki, o öz istəyi ilə Qarabağa yerləşməyib. Onun pafoslu, avantürist çıxışları, guya "artsax xalqı"nı müdafiə edəcəyi bəyanatları erməniləri ələ almağa hesablanıb". X.Bəşirov deyir ki, Paşinyanın anti-Rusiya siyasətinə görə Ermənistanda Putinə, ruslara qarşı bir nifrət yaranıb: “Rusiyaya bağlı olan müxalifətin də sözü keçmir. Belə olan halda, Rusiyanın göndərdiyi Vardanyana erməni cəmiyyəti səs verməz. Erməni cəmiyyəti müharibədə anladı ki, Köçəryanın, Ohanyanın qurduğu ordu mif imiş. İndi bu qüvvələrin səsi çıxmır, aksiyalarına az dəstək verilir, o baxımdan indi Vardanyanla eksperiment edirlər. Amma Ermənistanda Rusiyanın nüfuzu çox aşağıdır, Moskva istəsə də Rubeni İrəvanda hakimiyyətə gətirə bilməz”.
Emil SALAMOĞLU
“Yeni Müsavat”
Paylaş: