Xəbər lenti

Türkiyə səfirliyi qarşısında Quranın yandırılması seçki öncəsi təxribatmı, yoxsa...

Danimarkalı siyasətçi, ifrat sağçı Stram Kurs partiyasının lideri Rasmus Paludan bu dəfə Danimarkada polisin mühafizəsi altında Quran yandırıb.

Musavat.com xəbər verir ki, o qalmaqallı əməlini Kopenhagen şəhərində həyata keçirib.

5 gün əvvəl sosial media hesabından Quranı yandıracağını açıqlayan Rasmus Paludan dediyini edib. Danimarkanın paytaxtı Kopenhagendə Türkiyə səfirliyi qarşısında Quran yandıran Paludan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın timsalında İslamı və bütün müsəlmanları hədəf alıb.

Paludan deyib: "İslamı və Ərdoğanı bütün dünyaya göstərməyimiz çox önəmlidir. İslama hörmət etmirik. İslama xor baxırıq..."

İsveç mətbuatında yer alan xəbərə görə, o, Ramazan ayının ilk günündə İngiltərədə də Quran yandıracağını bildirib.

Qeyd etmək yerinə düşər ki, yanvar ayında İsveçdə terror təşkilatı PKK/YPG tərəfdarları paytaxt Stokholmda bələdiyyə binası qarşısında Türkiyə prezidenti Tayyib Ərdoğana bənzədilmiş manekeni ayaqlarından asıblar. Görüntülər Türkiyədə və dünyada böyük reaksiyalara səbəb olub. Bundan sonra isə İsveç polisi Türkiyə səfirliyi qarşısında "Quran"ın yandırılacağı aksiyaya icazə verib və Rasmus Paludan müsəlmanların müqəddəs kitabı olan Qurani-Kərimi yandırıb.

Bəs görəsən, bütün baş verənlər Türkiyəyə qarşı seçki öncəsi təxtibatdırmı, yoxsa bunun başqa səbəbləri də var?

Siyasi şərhçi, Ağ Partiya başqanının ideoloji məsələlər üzrə müşaviri Azər Hüseynov mövzu ilə bağlı Musavat.com-a dedi ki, Quranın hədəf alınması əslində Avropanın rifah və demokratiya arxasında gizlənən tarixi "manyakal" durumunu ortaya qoyur:

"Əndəlüs Xilafətinin işğal edilməsindən sonra müsəlmanların elmi irsini ələ keçirdilər. İnkişaf etdilər. Amma müsəlmanlardan fərqli olaraq getdikləri yerə qətl və qətliam gətirdilər. Hansı birindan danışaq, Afrikada Əlcəzair qətliamındanmı, Amerika qızıl dərilərinin soyqırımındanmı, Bosniya müsəlmanlarının qətliam edilməsindənmi?! Digər bir tərəfdən, bu cür məxluqlar Quranı yandırmaqla müsəlmanların qəlblərindəki "zəlzələ fay"larını yavaş-yavaş hərəkətə gətirirlər. Yəni, dünyanın düzəninin dəyişməsində katalizator rolunu oyanırlar. Antireklam etməklə Avropanın özündə minlərlə insanın qəlbində Qurana qarşı maraq oyadırlar. Bu, məsələnin imani və insani tərəfidir".

Ekspert məsələnin siyasi tərəfinə də toxunub:

"Bu gün hamı Türkiyənin üstünə düşüb, bunlar daxildəki əcnəbilərdən qidalanan kalonlardır. Xaricdən də onun güclənməsindən narahat olanlar var. Niyə? Türkiyə qırıcı istehsal edir, SİHA buraxır. Zəlzələ sonrası xaosa girmir. Təbii ki, bunun hamısı Allahın izni ilə Ərdoğanın siyasi şəxsiyyətinə bağlıdır. Şərq toplumlarında şəxsiyyətin rolu böyükdür. Şərq bəzən bir şəxsiyyət yetişdirir və Qərbin illərlə üzərində işlədiyi bütün rəqəmsal alqoritmləri pozur. Niyə bilirsinizmi? Çünki şəxsiyyət planlarını və hədəflərini qəlbində gəzdirir. Onu bilgisayar sistemlərinə vurmur. Qəlblər isə ancaq Allaha məlumdur. Buna görə də, Ərdoğan onlar üçün qorxuludur. Eyni qaydada onlar Avrasiya toplumu olan Rusiyanın prezidenti Putindən də qorxular. Qərblilərdə sistem belədir. Toplanırlar, müzakirə edirlər və qərara alırlar. Şərqlilərdə sistem belədir. Əgər Şərq bir şəxsiyyət ortaya çıxardısa, o, toplayır, məsləhətləşir, Allaha təvəkkül edir və addım atır. İkinci yanaşma rəqəmsal deyil, onu proqnozlaşdırmaq olmaz. Birinci yanaşmanın isə sürəti azdır. Ola bilər, kimsə deyər ki, Qərb indi axı öndədir. Bu elmi bir yanaşma deyildir. Strateji perspektivə cılız bu günlə baxmaqdır. Tarixi konteksti sistemli ələ almamaqdır. İndi bu məxluq da çıxıb İslama xor baxdığını deyir. Zatən, bunu onun deməsinə ehtiyac yoxdur ki, Quran deyir ki, onların dillərinə gətirdiklərindən qəlblərində gizlədikləri kin daha güclüdür. Quran bunlara belə deyir: “De ki: “Kininizlə ölün”. Şübhəsiz ki Allah, sinələrdə olanı biləndir. Ali İmran, 119.”. Ramazan öncəsi bu addımın atılması da bir işarədir. Peyğəmbər və onunla birlikdə olanlar qələbələrini Ramazanda qazandılar".

Afaq Mirayiq,

Musavat.com




Ana səhifəyə qayıt        Baxış: 2 495          Tarix: 22-03-2023, 14:36      

Xəbəri paylaş


Paylaş:   

Prizma