Paşinyan hökumətinin siyasəti və gətirmək istədiyi islahatlar ordunun zəifləməsinə və hətta məhvinə yönəlib.
Musavat.com Ermənistan mediasına istinadən xəbər verir ki, bu fikir erməni hərbi ekspert David Camalyan tərəfindən səsləndirilib.
Xatırladaq ki, Ermənistan hökuməti aprelin 21-də keçirilən iclasda “Hərbi xidmət və hərbi qulluqçunun statusu haqqında” qanuna və “Müdafiə haqqında” qanuna əlavə və dəyişikliklərin edilməsini nəzərdə tutan qanun layihələri paketini təsdiqləyib. Müdafiə naziri Suren Papikyanın sözlərinə görə yeni dəyişikliklərlə qadın vətəndaşlar üçün könüllü olaraq məcburi hərbi xidmət sisteminin tətbiqi təklif olunur. Qanun layihələrinin bu sessiya bitənə qədər parlamentə təqdim olunacağı gözlənilir. Sənədə görə, tam hüquqlu xidmət zamanı qadın nümayəndələr xidmət müddəti bitdikdən sonra 1 milyon dram (2580 ABŞ dolları)məbləğində ödəniş alacaqlar.
David Camalyan məsələyə konseptual nöqteyi-nəzərdən baxmağa çağırıb.“Hökumətə regionda həlledici təsir gücünə malik olan və geosiyasi prosesləri geri qaytarmağa qadir olan güclü, döyüşə hazır Silahlı Qüvvələr lazımdırmı? Yox, indiki hakimiyyətə lazım deyil. Deməli, onların Silahlı Qüvvələrlə bağlı bütün addımları ucuz, populist xarakter daşıyır”, - deyə o, söyləyib.
Camalyanın fikrincə, istənilən faydalı ideyadan ucuz populizm üçün istifadə edildikdə onun heçbir dəyəri qalmır.
“Hakimiyyət idarəçilik qabiliyyətindən uzaq olduğu üçün Silahlı Qüvvələrdəki bu qondarma islahat, daha bir xaotik vəziyyət yarada bilər. Çünki bu, orduda idarəetmədə daha da çaşqınlıq yaradacaq, zabit çatışmazlığı ilə bağlı olan idarəetmə böhranını dərinləşdirəcək və nizam-intizamın aşağı düşməsinə, həmçinin fövqəladə halların artmasına səbəb olacaq”.
Paylaş: