Xəbər lenti

Prezident İlham Əliyevin  xanımı ilə Türkiyəyə bugünkü işgüzar səfərinin məqsədi təkcə İstanbulda keçirilən “TEKNOFEST” texnologiya festivalında iştirak deyil yəqin ki.

Ərdoğanın bu həftə canlı efirdə rahatsızlaşmasından sonra bu ətrafda xeyli spekulyasiyalar başlamışdı, Türkiyə Prezidentinin ağır xəstələndiyi, hətta seçkidən çəkilə biləcəyi təəssüratı yaradılmışdı. Prezident Əliyev şübhəsiz ki, rəsmi tirajlanmasa da, qardaş ölkənin rəhbərinə zəng də etmişdi, “keçmiş olsun” diləklərini çatdırmışdı. İndi isə görünür, İlham Əliyev bununla yetinmədi, həm də Ərdoğanı şəxsən görmək, belə bir həssas dönəmdə Türkiyə prezidentinə bir daha dəstəyini göstərməyi özünə mənəvi borc bildi. Bu səfərin festivaldan kənar mənasını belə anlayıram, izahım belədir…

Əlbəttə, bölgəmizdə də hadisələr sürətlə baş verir ki, bunu da iki qardaş ölkə rəhbərinin üzbəüz müzakirə etməsinə zərurət var. Azərbaycan Laçın yolunun girişində nəhayət ki, sərhəd-gömrük postunu qurdu, Zəngəzur dəhlizi ilə bağlı məsələ indi əsas gündəm mövzusu olar bilər və sairə...  

Müstəqillikdən üzü bəri Azərbaycan-Türkiyə münasibətlərinin tarixini çözələsək, xüsusilə 1992-95-ci illərdə xeyli xoş olmayan faktlarla da üzləşə bilərik. Amma son 5 ildə Əliyev-Ərdoğan tandem bütün bu bəzən yanlış, bəzən xoş olmayan keçmişin üstündən xətt çəkdi, yeni bir mərhələ başlatdı. Bundan hər hansı ölkənin dönüşü bağışlayın məni, dönüklük olar ki, bu da əlbəttə mümkün deyil...

İki ölkə arasında əlaqələrin səviyyəsini Rusiya-Belarus, daha dəqiqi Putin-Lukaşenko münasibətləri ilə müqayisə edənlər də var. Amma burada da bir mühüm fərq var. Lukaşenko daha çox özünü qorumaq üçün Putinə yaxındır, indi də ərazisində nüvə başlığı yerləşdiriləcək. İlham Əliyevin çıxışlarına isə diqqət etsəz görərsiz ki, iki qardaş ölkə arasında münasibətlərdən, Türkiyənin İkinci Qarabağ müharibəsindəki mənəvi dəstəyindən hər tədbirdə danışmaz, NATO-nun ikinci ən güclü ordusu ilə az qala hərbi müttəfiq (Şuşa Bəyannaməsi) olduğundan söz açmaz. Bunun əsas səbəblərindən biri hazırkı qarışıq dünyada Türkiyəni və Ərdoğanı mümkün kənardan təzyiqlərdən qorumaqdır. Çünki İkinci Qarabağ müharibəsində Ərdoğana ““Bayraqdar” vermisiz, bundan sonrasına daha qarışmayın” deyən ölkələr var idi, Türkiyə prezidenti isə bunları görməzdən və eşitməzdən gəlmişdi. Ərdoğan iqtidarının Qarabağ məsələsində qətiyyətli mövqeyi Azərbaycanı bu haqlı savaşda qarşısında durmaq istəyənlərin planlarını pozdu. Ərdoğanı həm də bu mövqeyinə görə də bağışlaya bilməyənlər də var. Dünya görürdü ki, hər həftə Türkiyənin hərbi naziri də daxil olmaqla rəsmi şəxsləri müharibə davam edən Azərbaycana səfər edir, ölkəyə dəstəyini ifadə edir. Bunları biz unutmadıqsa, müharibənin bütün ağırlığını üzərinə götürmüş İlham Əliyevin yaddan çıxarması mümkün deyil.

Türkiyədə çox həssas bir dönəm yetişib. Türkiyədə  siyasi mübarizə sərhədləri də aşıb, dünyanın bütün beyin mərkəzləri, təhlilçilər Ərdoğanın 16 gün sonra keçiriləcək seçkilərdə hakimiyyətdə qalıb-qalmayacağını müzakirə edirlər. Adətən, ABŞ-da prezident seçkilər dünyanı bu qədər məşğul edər. İndi Ərdoğanın personasına olan diqqət heç yenə də prezident olmaq iddiasını açıqlayan Baydenə də yoxdur. Ölkənin daxili işlər naziri Süleyman Soylunun 14 mayı Türkiyədə “siyasi darbe(silahlı çevriliş) girişimi” kimi xarakterizə etməsi fikri ilə razılaşmaq olar. Soylu “Türkiyədə 14 mayda kim siyasi çevriliş etməyə cəhd edir” sualına “Amerikanı deyirəm” cavabını verib. Ərdoğanın səhhətindəki narahatlıqdan dərhal sonra HDP-nin başqa bir adla birləşdiyi seçki bloku da Kılıçdaroğluna açıq dəstəyini bildirdi. Kılıçdaroğlunu bir-birinə nifrət edən siyasi birliklərin dəstəkləməsi təsadüfi ola bilməz. Türkiyə üzərində Amerikanın və digər maraqlı dövlətlərin oyunun artıq gizli tərəfi qalmayıb. Ərdoğanı hakimiyyətdən salmaq, “Berlindən Vaşinqtonadək bunu şampanla qeyd etmək…” 

Ərdoğanın getməsini istəyən kənar qüvvələrin mövqeyi o qədər aydındır ki, onu xüsusi izahat vermək gərək deyil. Hətta ermənilər də indi qulaqların tülkü kimi şəkləyib Türkiyədə hakimiyyət dəyişikliyi arzusundadırlar. Ərdoğan seçkidə xalqın istəyi ilə gedərsə, dünyanın da axırı olmayacaq, Türkiyənin də. Türkiyə oturuşmuş dövlətdir, zəifləyə, zəif iqtidarı ola bilər, amma əsla ayaq altında qalmaz. Ərdoğan qalarsa, Türkiyəni qaldığı yerdən yenə irəli götürə bilər. Təki sağlıq olsun...

Müsavat.com




Ana səhifəyə qayıt        Baxış: 3 373          Tarix: 29-04-2023, 16:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma