Birləşmiş Millətlər Təşkilatının Atom Nəzarəti Agentliyinin rəhbəri İranın "bir neçə" nüvə bombası istehsal etmək üçün kifayət qədər urana malik olduğu barədə xəbərdarlıq etdikdən sonra, iranlı deputat cümə günü İran rejiminin atom silahına malik olduğunu iddia edib.
"Məncə, biz nüvə silahını əldə etməyə nail olmuşuq, lakin bunu elan etmirik. Bu o deməkdir ki, bizim siyasətimiz nüvə bombalarına sahib olmaqdır, lakin bəyan etdiyimiz siyasət hazırda “JCPOA” (Birgə Hərtərəfli Fəaliyyət Planı) çərçivəsindədir" - Londonda yerləşən müstəqil İran Beynəlxalq xəbər təşkilatının dərc etdiyi məqaləyə görə bunu cümə günü “Rouydad 24”-ə çıxışı zamanı deputat Əhməd Ərdəstani bildirib.
Mart ayında yenidən İranın parlamentinə “seçilən” (oxu: təyin edilən) Ərdəstani əlavə edib: “Səbəb odur ki, ölkələr düşmənləri ilə qarşı-qarşıya gəldiyi zaman imkanları onların imkanları ilə uyğun olmalıdır. İranın Amerika və İsraillə uyğunluğu o deməkdir ki, İran nüvə silahına malik olmalıdır. "
Müstəqil ekspertlər İranın qeyri-qanuni nüvə silahı proqramı üzrə Ərdəstaninin spekulyativ görünən şərhləri barədə xəbərdarlıq ediblər. Keçmiş vitse-prezident Dik Çeyninin nüvə silahlarının yayılmaması və Yaxın Şərq strategiyası üzrə keçmiş baş məsləhətçisi Devid Vurmser “Fox News Digital”-a deyib: “İran iddia etdiyi mövqedən çox uzaqdır. Biz Şimali Koreyalıların iranlılarla qarşılıqlı əlaqədə olduğunu bilirik və Şimali Koreya ilə münasibətlərin illər əvvələ gedib çıxdığını bilirik”.
Devid Vurmser daha sonra davam edib: “Mən İranın hələ nüvə silahına malik olduğuna şübhə edirəm. Amma inanıram ki, İran rejimi nüvə silahı əldə etmək istiqamətində irəliləyir və sona qədər davam edəcəklər. Bunun qarşısını almaq üçün hələ vaxtımız var, lakin tükənir. Təbii ki, İranın nüvə silahı əldə etməsi, İsrailin sağ qalması və Amerikanın dünyadakı qüdrətinin statusu üçün fəlakətlidir”.
Gunaz.tv
Şahin Elxanoğlu
Paylaş: