Xəbər lenti

Hindistan qarşıdakı 10 il ərzində Çabahar limanını idarə etmək üçün İranla müqavilə imzalamağa hazırlaşır.

Musavat.com xəbər verir ki, bu barədə “The Economic Times” qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, Hindistanın limanlar, gəmiçilik və su yolları naziri Sarbananda Sonoval sazişi imzalamaq üçün bu gün İrana səfər edəcək. Hindistan ilk dəfədir ki, xarici limanın idarəçiliyini öz üzərinə götürür. Yeni müqavilə 10 il müddətinə qüvvədə olacaq və avtomatik yenilənəcək.

Bu qərar ciddi regional nəticələrə səbəb olacaq İranla əməkdaşlığın inkişafı istiqamətində mühüm geosiyasi addım kimi qiymətləndirilir. Hindistanın Əfqanıstan, Mərkəzi Asiya və daha böyük Avrasiya regionu ilə əsas əlaqəsi olan limanın Pakistanın Qvadar limanı, eləcə də Çinin “Bir kəmər və yol” təşəbbüsü ilə rəqabət aparacağı gözlənilir.

Gələcəkdə Çabaharın İran vasitəsilə Hindistanı Rusiya ilə birləşdirəcək Beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizi ilə birləşdirilməsi planlaşdırılır. Bu ticarət marşrutu Hindistan və Fars körfəzi ölkələrindən İran, Azərbaycan və Rusiya əraziləri vasitəsilə, o cümlədən bu üç ölkənin dəmir yollarını birləşdirərək Qərbi və Şimali Avropaya yüklərin daşınması üçün nəzərdə tutulub. Dəhlizin əsas üstünlüyü yüklərin çatdırılma müddətinin iki-üç dəfə azalmasıdır.

Çabahar limanı İranın cənub-şərqində yerləşir. Hindistan və İran 2003-cü ildə limanın birgə inkişafı ilə bağlı razılığa gəliblər, lakin sonradan İrana qarşı beynəlxalq sanksiyalara görə layihə təxirə salınıb. 2016-cı ildə Hindistanın baş naziri Narendra Modi Tehrana səfəri zamanı Yeni Dehlinin liman infrastrukturunun tikintisinə 500 milyon dollar sərmayə qoymaq niyyətini açıqlamışdı. 2016-cı ilin mayında Hindistan limanda Şəhid Beheşti terminalının tikintisi üçün İran və Əfqanıstanla üçtərəfli saziş imzalayıb.




Ana səhifəyə qayıt        Baxış: 3 725          Tarix: 13-05-2024, 11:24      

Xəbəri paylaş


Paylaş:   

Prizma