Xəbər lenti

Xəbər verdiyimiz kimi, mayın 8-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yaz sessiyasının növbəti plenar iclası keçirilib.

TNS xəbər verir ki, iclasda Nazirlər Kabinetinin əvvəlki il üzrə fəaliyyyəti haqqında hesabat müzakirə olunub.

Müzakirələr zamanı deputatlar bir sıra problemlər qaldırıb, təkliflər səsləndiriblər.

Deputat İsmayıl Qəribli 4 saylı Yengicə seçki dairəsinin ərazisini əhatə edən yaşayış məntələrindəki su problemini hökumətin diqqətinə çatdırıb. Bildirib ki, Yengicə, Axaməd, Qarabürc, Kürçülü, Kürkənd, Şəhriyar kəndlərində su bölgüsünə nəzarət istənilən səviyyədə deyil.

İsmayıl Qəribli deyib ki, həmin kəndlərin bir qismi Araz çayı sahilində yerləşir. Deputat Araz çayından istifadə olunaraq kəndlərin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasını təklif edib.

Deputat kənd təsərrüfatı məhsullarının satışı probleminə də toxunub, tədarük məntəqələrinin yaradılmasının əhəmiyyətini vurğulayıb. O, əhalinin məşğulluğunun artırılması üçün Şərur Sənaye Məhəlləsində işlərin sürətləndirilməsini xahiş edib.

“Son dövrlərdə mülkiyyət hüququ pozulmuş şəxslərə, şəhid ailələrinə kafe, mağaza tikilməsi üçün icazə verilib. Lakin obyektlər fəaliyyətə başlasa da, həmin şəxslər onları sənədləşdirə bilmirlər. Dövlət qurumları rəy verməkdən imtina edirlər”, - İsmayıl Qəribli əlavə edib.

Deputat Ehtimad Məmmədov çıxışında deyib ki, bu gün muxtar respublikada ən böyük problem işsizlik və ondan qaynaqlanan gənc və orta nəslin Naxçıvanı tərk etməsidir:

“Bu gün bir sıra gənclərimiz ingilis və alman dillərini öyrənir. Məqsəd isə xaricdə iş tapmaqdır. Yaxşı təhsil almış, düşünən, istehsalçı iş gücünün formalaşdığı bu nəslin digər ölkələrə geri dönməmək üçün getməsi Naxçıvandan digər ölkələrə beyin köçünün yaranmasıdır. Bundan başqa, bağlanan iş yerlərində yüzlərlə insan işsiz qalıb. Yeni iş yerləri isə açılmır. Bu da insanların Türkiyəyə və Azərbaycanın digər bölgələrinə üz tutmasına səbəb olur”.

Ehtimad Məmmədov bunun qarşısının alınması üçün tədbirlər görülməsini xahiş edib. Deputat təklif edib ki, hökümət bağlanan iş yerlərinin və işsiz qalan insanların sayını müəyyənləşdirib onların yeni iş yerləri ilə təmin olunması ilə bağlı tədbirlər görsün.

“Kəngərli rayonunun Qabıllı kəndində quşçuluq sexi, Böyükdüz kəndində duz emalı zavodunun tikilib qurtarmasından uzun müddət keçməsinə baxmayaraq, istifadəyə verilmir. Halbuki istifadəyə verilsə, çoxlu insan iş tapmlış olar”, - Ehtimad Məmmədov bildirib.

Digər deputatlar da çıxışlarında bir sıra problemlər qaldırıb, hökumət üzvlərinə suallar veriblər.

İclasın videosunu təqdim edirik.

https://youtu.be/y143SrNeRO0




Ana səhifəyə qayıt        Baxış: 5 522          Tarix: 13-05-2024, 09:41      

Xəbəri paylaş


Paylaş:   

Prizma