“Onu əvəz edəcək yeni hərbi şirkət Rusiyanın Afrika və bir sıra regionlarda siyasətini davam etdirəcək”
Təyyarə qəzasında ölən “Vaqner” özəl hərbi şirkətinin təsisçisi Yevgeni Priqojinlə vida mərasimi qapalı formatda baş tutub. APA-nın Rusiya bürosu xəbər verir ki, bu barədə Priqojinin mətbuat xidməti məlumat yayıb. Priqojinlə vidalaşmaq istəyənlərə elan edilib ki, Sankt-Peterburqdakı Poroxovskoye qəbiristanlığını ziyarət edə bilərlər. Priqojinlə vida mərasiminin də qapalı formatda olması bir daha onun ölmədiyi, başqa adla, üz dəyişərək yaşayacağı iddialarını artırmış oldu. Bəziləri hətta iddia edir ki, Priqojin hazırda Afrika qitəsindədir və Rusiyanın oradakı gələcək planlarında yer ala bilər...
Digər bir sual odur ki, Priqojin istənilən halda artıq “Vaqner”in rəhbəri deyil. Onun təşkilatı buraxılacaqmı, yoxsa digər şəxsə veriləcək? Putin bundan sonra kiməsə hərbi özəllik verərmi?
Natiq Cəfərli: "Yeni fonddan Azərbaycan da istifadə edəcək"
Bu xüsusda yerli və xarici ekspertlərin maraqlı təhlilləri var. Məsələn, iqtisadçı ekspert Natiq Cəfərli Ölkə.az-a deyib ki, “Vaqner” qrupuna nə qədər pul xərcləndiyini demək çətindir, çünki təşkilat uzun illərdir fəaliyyət göstərir: “Yalnız 2 ay öncə çevrilişə cəhd zamanı Rusiya prezidenti təşkilatın xərcləri ilə bağlı məlumat vermişdi. Bildirilmişdi ki, son bir ildə "Vaqner" qrupuna 86 milyard rubl ödəniş olunub. Bu isə təqribən 1 milyard dollardan yuxarı məbləğdir. Bu qrup bir neçə ildir fəaliyyət göstərir və onun maliyyələşdirilməsi büdcənin gizli hissəsindən həyata keçirilir. Bundan əlavə, bir sıra şirkətlərə Priqojinə əlavə vəsaitlərin ödənilməsinin tapşırıldığı güman edilir". Ekspertin sözlərinə görə, Priqojin “Vaqner”dən əlavə 10 milyardlarla rubl dövriyyəsi olan “Konkord” şirkətlər qrupunun da rəhbəri idi: “Ketrinq şirkəti orduya, dövlət müəssisələrinə yemək və ərzaq tədarükü ilə məşğul idi. Əgər "Konkord" şirkəti və “Vaqner” qrupu qalacaqsa, yeni rəhbərliyi və maliyyə mənbələri olacaqsa, Rusiyanın xarici ölkələrdə, eləcə də Afrika ölkələrindəki iqtisadi maraqlarını hərbi yolla həyata keçirməkdə davam edəcək. Lakin bu qrupun qalıb-qalmayacağı, hansı formada idarə olunacağı, Priqojinin yerini tuta biləcək birinin olması məlum deyil". “Vaqner” və “Konkord” qrupunun nə qədər vəsaitə nəzarət etdiyi açıqlanmasa da, yüz milyonlarla dollar itkidən söhbət getdiyini deyə bilərik", - deyə N.Cəfərli əlavə edib.
“Yevgeni Priqojinin öldürülməsindən sonra "Vaqner" ləğv ediləcək". Bu sözləri isə Globalinfo.az-a politoloq Məhəmməd Əsədullazadə deyib. Onun sözlərinə görə, buradakı silahlılar digər muzdlu hərbi şirkətə transfer olunacaq: ““Vaqner” Qərb tərəfindən terror təşkilatı kimi tanınır və ciddi hərbi cinayətlər törədiblər. Rusiyanın imicinə zərbə vurulub, üstəlik, daxildə hərbi qiyam etməklə Vladimir Putinin zəifliyini nümayiş etdirdilər. Kreml bu qruplaşmadan yaxasını qurtarır. “Vaqner”i əvəz edəcək yeni hərbi şirkət Rusiyanın Afrika və bir sıra regionlarda siyasətini davam etdirəcək. Kremldə elita daxilində qarşıdurmaların davam edəcəyi gözlənilir".
““Vaqner” hərbi şirkət kimi qalmayacaq" - bu fikirlər isə Müharibə Araşdırmaları İnstitutunun gündəlik hesabatında yer alıb. Hesabata görə, “Vaqner” özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojin, onun komandiri Dmitri Utkin və logistika və təhlükəsizlik şöbəsinin rəisi Valeri Çekalovun qətlə yetirilməsindən sonra qurumun kvazi müstəqil paralel hərbi qurum kimi mövcudluğu sual altındadır. Məlumata görə, Rusiya Müdafiə Nazirliyi sözügedən hərbi şirkətin xaricdəki əməliyyatlarına nəzarət etmək üçün indiki və keçmiş “Vaqner” üzvlərini cəlb edən özəl hərbi şirkətlər yaradıb. Rusiya mənbələri iddia edir ki, Kreml maliyyə problemləri səbəbilə Belarus hökumətinə pul ödəməkdən imtina edib və bu, Belarusdakı döyüşçülərin istefaya getməsi ilə nəticələnir. Avqustun 1-i və 23-də peykdən çəkilmiş görüntülər göstərir ki, "Vaqner" ötən ay Belarusun Asipoviçi əyalətinin Tselje şəhərindəki düşərgəsindəki çadırların demək olar, üçdə birini söküb. Ukrayna Müqavimət Mərkəzi avqustun 23-də Belarusdakı düşərgələrdə olan naməlum sayda “Vaqner” döyüşçülərinin Rusiyaya qayıtmaq üçün hazırlıqlara başladığını da bildirib.
“Ukrayna Gələcəyin İnstitutu” analitik mərkəzinin beynəlxalq siyasət və Yaxın Şərq üzrə eksperti İliya Kusa da bu mövzuda maraqlı təhlil ortaya qoyub. O qeyd edir ki, Yevgeni Priqojinin yarımçıq üsyandan sonra xilas olmayacağı aydın idi: “Nəticə budur. Onunla birlikdə üsyanda birbaşa iştirak edənlərin hamısı, o cümlədən Dmitri Utkin də öldü. Putini zəif göstərdilər, onun tək adam imicini darmadağın etdilər və ona bir müddət vaxt verdilər. Və Putindən gözlənilən cavab gəldi. Bundan sonra "Vaqner" zəifləyəcəkmi? Bir təşkilat olaraq, bəlkə də, hə. Rusiya xarici siyasətinin aləti kimi - yox. İndi bu cinayətkar dəstəni sındırmaq və “Vaqner”ə nəzarəti ələ keçirmək daha asan olacaq. Artıq iki aydır ki, Kreml bunu etməyə çalışırdı. Priqojin gözdən çıxarılmışdı, çünki ona artıq ehtiyac yox idi. Bəlkə də Yevgeni yenə hansısa demarş hazırlayırdı, kim bilir. Hər halda, “Vaqner”in fəaliyyətinə son qoyuldu demək olmaz. Bu hadisə mənə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Əl-Qüds xüsusi təyinatlı bölməsinin komandiri, general Qasım Süleymaninin öldürülməsini xatırladır. Bu elit qüvvələri onun ölümündən sonra yoxa çıxdılarmı? Yox. İranın Süleymani olmadan xaricdə fəaliyyət göstərmək qabiliyyəti kəskin şəkildə zəifləyibmi? Yox. Bəli, bəzi bölmələr daha pis işləməyə başladı, axı onun şəxsiyyəti üstün idi və təşkilatçılıq qabiliyyəti var idi. Amma fəlakət baş vermədi, digər şəxslər tez bir zamanda qurumu nəzarətə götürdülər. Və ya başqa bir misal. Suriyada bir çox əsas döyüşlərdə öz adını çəkən yarımuxtar elit birliklər olan “Pələng Qüvvələri” var idi. Təbii ki, onlar üsyan qaldırmadılar, lakin çox məşhur oldular. Xüsusən də onların komandiri general Suqeyl əl-Hassan və ruslar onlara qarışdı. Nəticədə heç bir qətl hadisəsi baş vermədi, amma məntiq eynidir: general mümkün qədər uzaqlaşdırıldı, zabitlər dəyişdirildi, dəstələrin adı dəyişdirilərək Suriya Silahlı Qüvvələrinin 25-ci diviziyası və orduya inteqrasiya olundu. Düşünürəm ki, “Vaqner”lə bağlı da belə olacaq. Priqojindən bir müqəddəs düzəldəcəklər, “Vaqner” bir növ “rebrendinqdən” keçəcək və dövlət strukturlarına daha da inteqrasiya olunacaq. Bunun məhz Kremlin “Priqojin planı” olduğuna şübhə yoxdur. Bu vəziyyət Rusiya Federasiyasının düşdüyü müharibə şəraitində olduqca yayğındır. Amma biz rahatlamamalıyıq. Priqojinin ölümünün təşkilatın imkanlarına və imzalanmış müqavilələrin sonrakı icrasına necə təsir edəcəyini təhlil edərkən Kiyev bir az vaxtını ayırıb Afrika ölkələrini “Vaqner”lə əməkdaşlıqdan imtina etməyə inandırmağa başlaya bilər".
Elşən MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”
Paylaş: