Xəbər lenti


Belarus prezidenti Aleksandr Lukaşenkonun araya girməsi ilə Vaqner üsyanı yatırıldı. Moskvanın 200 km-liyə qədər yaxınlaşan Priqojin geri çəkilməyə qərar verdi. O, bu geri çəkilişinin səbəbini bu cümlələrlə əsaslandırdı:

 

“İyunun 23-də ədalət yürüşünə çıxdıq. Bir gündə Moskvanın 200 km-nə qədər gəldik. Bu müddət ərzində bir damcı da qan tökmədik. İndi isə qanın tökülə biləcəyi an gəlib, ona görə də hər tərəfdən rus qanının tökülməsinin bütün məsuliyyətini anlayaraq, kolonlarımızı əks istiqamətə çəkib planlarımıza uyğun şəkildə səhra düşərgələrimizə qayıdırıq”.

 

Məlumata görə, Priqojinin bu qərarı qəbul etməsində ona verilən təhlükəsizlik təminatı önəmli rol oynayıb. Bu təminata əsasən, Priqojin barəsində qaldırılan cinayət işi təxirə salınacaq və o, bundan sonra Belarusda yaşayacaq. Asi hərbi liderin komandanlığı altında fəaliyyət göstərən vaqnerçilər isə Rusiya Müdafiə Nazirliyi ilə müqavilə bağlayıb ordunun tərkibində fəaliyyət göstərəcəklər.

 

İlk baxışdan hər şey Putinin və Rusiya hərbi komandanlığının qələbəsi ilə nəticələndi. Hadisənin dərinliyinə nəzər salanda isə fərqli mənzərə ortaya çıxır. Məsələ burasındadır ki, Priqojinin üsyanının səbəbi heç də Putini devirmək deyildi. O bunu üsyanın ilk günündən son anına qədər açıq şəkildə ifadə edirdi. Vaqner üsyanı tamaşasının sonunda “planlarımıza uyğun şəkildə səhra düşərgələrimizə qayıdırıq” deməklə Priqojinin özü də bunun “planlı üsyan” olduğunu bildirirdi.

 

Bu mənada Priqojinin Moskvaya qədər irəliləyib Müdafiə Nazirliyinin binasını ələ keçirməməsini asi komandanın məğlubiyyəti kimi qiymətləndirmək olmaz. Əksinə, Priqojinin əsas məqsədi Rusiya Müdafiə naziri Sergey Şoyqunun və Baş qərargah rəisi Valeri Gerasimovun hərbi idarəyə yarasızlıqlarını, bunun bir gün böyük insidentlərə səbəb ola biləcəyini Kremlin diqqətinə çatdırmaqdı. Prinsipcə, Vaqner komandanı bu istəyinə böyük ölçüdə nail oldu. Özü də istəyini təkcə Putinə yox, bütün dünyaya car çəkdi. Nəticədə Kremlin və Rusiya Müdafiə Nazirliyinin təmsilçilərini danışıq masasına çəkməyi bacardı. Üstəlik, atdığı olduqca riskli addımdan salamat çıxdı.

 

Nə qədər açıq ifadə edilməsə də, Priqojinin Kremllə (Lukaşenko hər halda onunla öz adından yox, Kremlin adından danışırdı) apardığı müzakirələrdə, böyük ehtimalla, öz istəklərinin qəbulu istiqamətində də bəzi razılıqlar əldə etməsi də istisna deyil. Əks halda, ona verilən təhlükəsizlik təminatının altı boş olardı və Vaqner komandanı quru vədlərə aldanacaq qədər sadəlövhə oxşamır. Bəs, gizli tutulan bu şərtlər nələr ola bilər?

 

Təbii ki, üsyanın ilk günündən son anına qədər Priqojinin dilə gətirdiyi tələblər. Bu tələblər olduqca aydın idi: Şoyqu və Gerasimov istefaya göndərilsin! Bir sıra rus qaynaqlarının iddialarına inansaq, danışıqlarda Priqojinə Şoyqu və Gerasimovun məsələsinə baxılacağına söz verilib. Nəzərə alsaq ki, Priqojin təkcə öz şəxsi davasını aparmır, rus hərbi elitasındakı müəyyən bir dairənin maraqlarından çıxış edirdi, onun heç bir bədəl almadan kənara çəkilməsinə mənsub olduğu qrup da icazə verməzdi. Bəs bu qrupa kimlər daxildir və nə qədər güclüdürlər?

 

Bəzi analitiklər rus hərbi elitasının iki mühüm hissəyə ayrıldığını bildirirlər. Bu təxminlərə görə, Rusiyada güc strukturları heç vaxt özündə vahid bir qüvvəni xarakterizə etməyib. “Hazırda Bortnikov (FTX/ФСБ) + Narışkin (XKX/СВР) + Patruşev (TŞ katibi) bir qrupu, Zolotov (Milli Qvardiya) + Kadırov isə digər qrupu təmsil edirlər. Putinin sabiq müşaviri A.İllarionova görə birinci qrup mütəmadi olaraq Putinə Kadırovu aradan götürmək üçün müraciətlər ünvanlayır... 

 

Patruşev qrupuna daha sonra müdafiə naziri Şoyqu və Baş qərargah rəisi Gerasimov, Zolotov-Kadırov qrupuna isə general Surovikin və “Vaqner”in rəhbəri Priqojin qoşuldu”, - Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin bu ilin əvvəlində yazdığı analizdə bildirilir.

 

Analizdən göründüyü kimi, Priqojin əslində Zolotov-Kadırov-Surovikin qruplaşmasına daxildir. Bu zamanadək cəbhə bölgələrində ən aktiv mübarizə aparan bu qrup Moskvada kabinetlərində oturub müharibədən yararlanaraq böyük varidatlar qazanan hərbi rəhbərliyi həzm edə bilmir. Onların fikrincə, Şoyqu-Gerasimov-Bortnikov-Narışkin-Patruşev qrupu müharibədəki gerçək vəziyyətlə əlaqədar Putini düzgün məlumatlandırmır, dolayısıyla onun sülhə yanaşmasının qarşısını alırlar.  Ən pisi isə odur ki, döyüşlərdə iştirak edən hərbçilərin ciddi itki vermələrinə baxmayaraq, onlar yetərli hərbi sursat və ləvazimatlarla təchiz olunmurlar. Bir çox hallarda döyüşçülərə göndərilən silah sursatlar sənədlər üzərində olduğundan çox göstərilir və beləcə kabinet generalları korrupsiya yolu ilə daha artıq varlanırlar. Əslində Priqojinin üsyan edərkən dilə gətirdikləri də bu həqiqətlər idi və ordu rəhbərliyi bu iddiaları səsləndirdiyinə görə Vaqneri cəzalandırmaq istəyirdi. Vaqner rəhbərinin son ifşasının ardından onun rəhbərliyindəki hərbi birləşmə hücuma məruz qaldı və Priqojinin səbr kasası daşdı. Nəticədə vaqnerçilər Ukrayna savaşının idarə olunduğu Cənub Hərbi Dairəsinə hücum edib öz etirazlarını bütün dünyanın eşidəcəyi səviyyədə “bağırdılar”.

 

Maraqlıdır ki, Priqojinin bu üsyanının qarşısına onunla eyni qrupda yer alan generallar çıxarıldı. Sanki rus hərbi elitasının ən güclü qrupu bu addımla “iti öldürənə daşıtdırmaq” və rəqib düşərgəni parçalamaq istəyirdi. İlk öncə Ukraynadakı hərbi əməliyyatlara rəhbərlik edən ordu generalı Sergey Surovikin video-bəyanat yayaraq Vaqner liderini üsyanı dayandırmağa çağırması bu baxımdan təsadüfi deyildi. “Biz birlikdə çox çətin yollar keçmişik. Birlikdə vuruşub risklərə girmişik, itkilər verib qələbələr qazanmışıq. Biz eyni qandan olan əsgərləriyik. Mən sizi üsyanı dayandırmağa çağırıram. Düşmənimiz daxili siyasi vəziyyətin daha da pisləşəcəyini gözləyir. Biz düşmənin əlinə kozır verməməliyik”, - Surovikin video-müraciətində bildirirdi.

 

General həmçinin Priqojini prezident Vladimir Putinə biət etməyə çağıraraq deyirdi: “Çox gec olmadan xalq tərəfindən seçilmiş prezidentin iradəsinə və əmrinə tabe olmaq lazımdır. Üsyanı dayandırın, əsgərləri daimi dislokasiya yerlərinə qaytarın. Bütün problemləri yalnız Ali Baş Komandanın rəhbərliyi altında sülh yolu ilə həll edin”.

 

Surovikinin xüsusilə son cümlələri göstərir ki, o da Priqojinin qaldırdığı problemin həqiqət olduğu ilə razılaşır və bunun Putinlə danışaraq çözülməsini dəstəkləyir. Bu mənada generalın video-müraciəti zahirən nə qədər Priqojinin üsyanının əleyhinə görünsə də, mahiyyət etibarilə onun müdafiəsinə yönəlmişdi. Belə ki, Surovikin bir növ Priqojinin “haqlı iddiaları”nın həll yolunu bəyənmədiyini bildirirdi. Nəzər alsaq ki, Priqojin də hərbi çevriliş üçün üsyana qalxmadığı, sadəcə əks hərbi elitanın öz siyasətinə son qoymasını tələb etdiyini bildirirdi, Surovikinlə onun arasında hər hansı fikir ayrılığının olmadığı ortaya çıxır.

 

Rostovdan Moskvanın 200 km-nə qədər hardasa 900 km-lik uzun məsafəni heç bir maneə ilə üzləşmədən irəliləyən vaqnerçilərin qarşısına Voronej magistralında yalnız bir dəfə Milli Qvardiyanın əsgərləri çıxmışdı. Ordu generalı Viktor Zolotovun rəhbərlik etdiyi qvardiyaçılar isə silahlarını meydanda qoyub, dolayısıyla vaqnerçilərə ötürüb geriyə çəkilmişdilər. İki qüvvə arasında avtomat silahdan belə, atışmalar baş verməmişdi. Sözsüz ki, bu da vaqnerçilərə qarşı mübarizədən çox, onlara verilmiş səssiz dəstəyə bənzəyirdi. 

 

Ən maraqlı “mübarizə”ni isə çeçen yaraqlıları sərgiləmişdi. Vaqner üsyanına bir neçə saat səssiz qalan Ramzan Kadırov sonunda ağzını açıb, əsib daşmışdı. O, öz “Axmed” ordusunu Vaqnerçilərin üstünə göndərəcəyi ilə asilərə hədə-qorxu gəlsə də, sonunda məlum olmuşdu ki, Qroznıdan çıxan çeçen döyüşçülər Rostova 90 km qalanda avtomobil tıxacına düşüblər. Tıxacdan çıxmaq üçün isə onlarda 3 saatdan çox vaxt lazım olacaq. Maraqlıdır ki, çeçen yaralılar tıxacın bitməsini gözlədiyi anlarda vaqnerçilər artıq Moskva vilayətinə daxil olmuşdular. Beləcə, çeçenlərlə onların arasında 1000 km məsafə yaranmışdı. Elə o anlarda Belarus lideri Lukaşenko araya girmiş və Priqojini sülhə inandıra bilmişdi.

 

Qısası, Vaqnerin içərisində olduğu rus hərbi qüvvələri açıq şəkildə olmasa da, dolayı yolla Priqojinlə mübarizə aparmağa meyl göstərməmişlər. Bu da onların əslində yumşaq formada Putinə bir şeylər anlatmaq istəyindən xəbər verir. Anlatılacaq şey isə Müdafiə naziri Şoyqunun və Baş qərargah rəisi Gerasimovun öz yerində olmaması həqiqətidir. Putinin vətənə xəyanətdə ittiham etdiyi Priqojini bağışlaması və Belarusa sürgünə göndərməsi ona verilən bu mesajı qəbul etdiyini göstərir.

 

Bütün bunlar həm də ona işarə edir ki, Priqojin öz üsyanını dayandırsa da, problem kökündən həll olunmayıb, əksinə daha mürəkkəb hal alıb. Zira Putin ya ordunun asi generallarının Vaqnerlə göndərdiyi mesajına uyğun olaraq Rusiya Silahlı Qüvvələrində daha güclü mövqe tutan digər “müftəyeyənlər” qrupunu zərərsizləşdirməli, ya da asilər öz içərilərindən ikinci Priqojin çıxara bilərlər. Üstəlik, ikinci Priqojin birincidən daha qüdrətli də ola bilər. Və onun üsyan bayrağı qaldırması Ukraynada daha ciddi itkilərlə nəticələnər.

 

Putinin Priqojenlə göndərilən mesaja əməl edərək “müftəyeyən” generalları cəzalandırması da asan məsələ deyil. Çünki Rusiyanın hərbi sənaye kompleksindən tutmuş, ən önəmli ordu birliklərinə qədər bir çox sahələr həmin qrupların əlində cəmləşir. Üstəlik, bu qrup həm də təhlükəsizlik orqanlarına nəzarət edirlər. Kiçik bir toxunuş onları altından çıxılması çətin olan təxribatlar törətməyə vadar edə bilər.

 

Məsələyə bu aspektdən nəzər salanda görürük ki, Priqojinin zərərsizləşdirilməsindən sonra Putin daha təhlükəli reallıqlarla üz-üzə qalıb. Onun üçün ən ağır vəziyyət isə Ukraynanın əks-hücuma hazırlaşmasıdır. Qərbdən gələcəyini gözlədiyi daha müasir silahları aldıqdan və rus müdafiə sisteminin ən zəif nöqtəsini müəyyənləşdirdikdən sonra Ukrayna əsgərlərinin hərəkətə keçməməsi üçün heç bir səbəb qalmayacaq. 

 

Ən əsası isə, bu gün Ukraynanın başlatdığı əks-hücum əməliyyatının birinci mərhələsində arzuedilən nəticənin alınmaması Sergey Surovikinin döyüş xəttində qurduğu istehkamların möhkəmliyi ilə əlaqədardır. “Surovikin xəttiadlanan bu istehkam səddi barədə ətraflı məlumatlar verilməsə də, mediada yayılan bəzi xəbərlər və təhlillər onun piyada səngərləri, piyada və tank əleyhinə mina sahələri, tank əleyhinə komplekslər, habelə 'əjdaha dişləri' (düşmən zirehinin irəliləməsini ləngidir) adlanan bir metr yüksəkliyində olan beton maneələrdən və çox qatlı şəbəkələrdən ibarət olduğunu göstərir. Hətta NATO generallarının açıq şəkildə “biz indiyədək bu cür istehkam xətti görməmişik” deyərək hərbi zəkasına heyrətləndikləri Surovikini incitmək təkcə Putinə yox, ümumiyyətlə Rusiyaya xeyir gətirməz. Yəqin ki, Putin də bunun fərqindədir. 

 

Bununla belə Rusiya lideri digər tərəfin də quyruğunu ayaqlaya bilməz. İki daş arasında qalan Rusiya liderinin sonunda hansı qərarı verəcəyi sual altındadır. Bilinən tək həqiqət isə onun hansı qərarı almasından asılı olmayaraq, ciddi imtahanla qarşı-qarşıya qalacağıdır.

 

Heydər Oğuz,

Ovqat.com

 

 

 




Ana səhifəyə qayıt        Baxış: 6 730          Tarix: 25-06-2023, 11:21      

Xəbəri paylaş


Paylaş:   

Prizma