Hərbi ekspert: “Rusiya bütün imkanlarını işə salacaq ki, Ermənistan NATO dövləti olan Fransanın silahları ilə təchiz olunmasın”
Kapitulyant Ermənistan öz əsas qonşuları Azərbaycan və Türkiyə ilə təcili sülh anlaşmaları imzalayıb əmin-amanlıq içində mövcud olmaq əvəzinə, hələ də Fransa başda olmaqla regiondan çox-çox uzaq güclərin fitnəsinə uyub avantürist planların tərkib hissəsi olmağa can atır. Halbuki ağıllı analitiklərin hamısı bu yolun Ermənistana yalnız fəlakət gətirəcəyinə əmindirlər. Kapitulyant ölkə hətta qlobal güclərin savaş meydanına - poliqonuna çevrilə bilər.
Azərbaycan Prezidenti İlham Əliyev ötən həftəsonu Avropa İttifaqı Şurasının sədri Şarl Mişellə telefon danışığı zamanı bu xüsusda artıq xəbərdarlığını edib. Dövlətimizin başçısı vurğulayıb ki, Fransanın Ermənistana silah verməsi sülhə deyil, yeni qarşıdurmaya xidmət edən yanaşmadır və əgər regionda hər hansı yeni qarşıdurma baş verərsə, bunun səbəbkarı məhz Fransa olacaq.
Öz növbəsində rusiyalı tanınmış hərbi ekspert, Aleksandr Xramçixin hesab edir ki, Fransa silahları Ermənistanı xilas etməyəcək: “Fransa Ermənistana yalnız özünün istehsal etdiyi silahları verə bilər. Fransızlar özlərinin istehsalı olmayan silahları çətin ki, Ermənistana sata bilsinlər. Eyni zamanda, fransızlar indi Ukraynaya verməyə silahlarının olmamasından şikayətlənir. Maraqlıdır, bir tərəfdən silah satmağa hazırlaşırlar, digər tərəfdən isə silahlarının olmamasından gileylənirlər. Ermənistan həmişə şikayət edib ki, Qərb KTMT-nin üzvü olduğu üçün ona silah satmır. İndi nə baş verdi, Ermənistan KTMT-dən çıxdı? Deməli, KTMT İrəvana Qərbdən silah tədarük görməyə heç bir maneə yaratmır”.
Sözünə davam edən analitik deyib: “Fransa Ermənistanla hərbi texnikanın tədarükü ilə bağlı müqavilə imzalamağa hazırdır. Bu barədə ölkənin xarici işlər naziri Ketrin Kolonna oktyabrın 4-də Ermənistana səfəri zamanı bildirib. Fransa dünyada hər cür silah istehsal edən dörd ölkədən biridir. Digər üçü ABŞ, Rusiya və Çindir. Burada yenə sual yaranır, əgər Ermənistan silah bazarına üz tutursa Rusiyadan niyə yan keçir?”
Hərbi ekspertə görə, Fransadan alınan silahlar Ermənistan silahlı qüvvələrində effektli olmayacaq. O, Ermənistanın silah arsenalındakı sovet, rus, İran və Hindistan silah növlərinin ahəngdar işləyəcəyinə şübhə ilə yanaşdığını söyləyib: “Buna baxmayaraq, ölkələr bir-birilərindən silah alır. Ən çox silah idxal edən Misirdir. Onlar 10-dan çox ölkədən silah alır və çox güclü orduya malikdirlər. Amma müxtəlif ölkələrdən alınan silahlar modifikasiya edilir”.
Xramçixinin qeyd etdiyi kimi, müxtəlif istehsalçıların bir çox silah növlərini özündə birləşdirən mürəkkəb, lakin effektiv işləyən müdafiə sistemi mövcuddur: “İşin çətin tərəfi də bundadır. Arsenalındakı silahların modifikasiya etmək çətin və mürəkkəb məsələdir. İnanmıram ki, Ermənistan bunun öhdəsindən gələ bilsin”, - deyə hərbi ekspert bildirib.
Xramçixin haqlımı?
Hərbi ekspert, polkovnik Rövşən Məhərrəmov “Yeni Müsavat”a bildirdi ki, əsas məsələ Fransanın Ermənistana silah verməsi deyil, əsas məsələ odur ki, Ermənistan hansı sərhədi keçməklə silahla təmin olunacaq. Qara dəniz vasitəsilə, Gürcüstan üzərindən, Türkiyə üzərindən, yoxsa İran və ya Rusiya tərəfindən. Təbii ki, nə Türkiyə, nə Rusiya, nə də Gürcüstan öz ərazisi üzərindən Ermənistanın Fransa tərəfindən silahlandırılmasına icazə verməyəcəklər. Logistika məsələsi vacibdir. Əgər Fransa yük təyyarələri vasitəsilə silah daşıyacaqsa, bunun qiyməti Ermənistana çox baha başa gələcək. Ermənistanda bunun öhdəsindən gələcək büdcə yoxdur. Rusiya bütün imkanlarını işə salacaq ki, Ermənistan NATO dövləti olan Fransanın silahları ilə təchiz olunmasın. Ermənistan KTMT-nin üzvüdür və ordusunun silahlanması, ştat cədvəli, moderilaziya Rusiya-sovet sisteminə uyğundur. Əgər Fransa Ermənistan ordusunu silahlandıracaqsa, Ermənistan bu sistemdən imtina etməlidir və NATO sisteminə keçməlidir. Moskva buna dözəcəkmi? İnandırıcı deyil. Bütün bu amillərə və digər faktorlara görə Ermənistan Fransadan təzə silahların alınmasına hələ hazır deyil. Ola bilsin ki, Fransa ilk növbədə müəyyən PUA-lar versin, hansısa artilleriya qurğuları versin. Ancaq onların da daşınması böyük maliyyə tələb edir. Odur ki, Xramçxin dedikləri əslində həqiqətdir. Güman edirəm ki, yaxın 5-10 il müddətində Ermənistan ordusunun Fransa ordusu modelinə keçidi mümkün görünmür, çox çətindir. Bu, müsbət effekt verməyəcək"
Paylaş: