Xəbər lenti
27-11-2024, 19:25

44 günlük Vətən müharibəsindən sonra Azərbaycan, Ermənistan və Rusiya arasında üçtərəfli bəyanat imzalandı. Bəyanata görə, Qarabağda Rusiya sülhməramlıları yerləşdirildi. Bundan qısa müddət sonra isə mərkəzi Ağdamda yerləşən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi Fəaliyyətə başladı.

Bu gün Azərbaycan öz suverenliyini tamamilə bütün ərazilərində bərpa edib. Buna müvafiq olaraq, Rusiya sülhməramlıları bir çox postlarını bağlayıb.

Bəs Türkiyə-Rusiya Monitorinq Mərkəzinin hazırkı fəaliyyəti necə dəyərləndirilə bilər? Mərkəzin aqibəti necə olacaq?     

Musavat.com xəbər verir ki, məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aydın Mirzəzadə razılaşma əsasında Türkiyə-Rusiya birgə Monitorinq Mərkəzinin fəaliyyət istiqamətinin dəyişə biləcəyini söyləyib:

"Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyətə başlamasından keçən müddət ərzində müəyyən iş görülüb. Əlbbəttə, indi situasiya kökündən dəyişib. Azərbaycan ərazisində nə Ermənistanın, nə də separatçıların qeyri-qanuni hərbi birləşmələri var. Razılaşma əsasında Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyət istiqaməti bir qədər dəyişə bilər. Çünki Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi yoxdur. Sərhədlərin müəyyənləşməəsi üçün kommisyalar fəaliyyətdə deyil. Eyni zamanda Ermənistan tərəfindən Azərbaycana qarşı hərbi təxribatlar edilir".

 A.Mirzəzadə Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyəti üçün 3 yol olduğunu düşünür:

"Azərbaycan və Rusiya arasındakı anlaşma əsasında mərkəzin fəaliyyətini razılaşdırmaq mümkündür. Yəni burada 3 yol var. Birincisi Rusiya və Azərbaycan monitorinq mərkəzinin fəaliyyətinin dayanmasına razılaşa bilər. Digər yandan Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi formal fəaliyyətinin 2025-ci ilə qədər davam edə bilər. Rusiya ilə Azərbaycan Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin Ermənistan tərəfdən sərhəddə törədilən təxribatların qeydə alması istiqamətində fəaliyyətinə razılıq verə bilər".

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin digər bir üzvü Arzu Nağıyev münaqişə tərəfləri olmadıqda həm sühməramlıların, həm də Monitorinq Mərkəzinin fəaliyyətlərini dayandırmalı olduğunu söyləyib:

"Rusiya sülhməramlılarının Azərbaycanda olması, eləcə də Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyəti 44 günlük müharibədən sonra imzalanmış müvafiq sənədlə tənzimlənir. 2025-ci ilə qədər Rusiya sülhməramlıları, eləcə də Türkiyə-Rusiya birgə Monitorinq Mərkəzi fəaliyyət göstərəcək. Təbii ki, münaqişə  tərəfləri olmadıqdan və sülhün bərqərar olması üçün addımlar atıldıqdan sonra həm sülhməramlılar, həm də Monitorinq Mərkəzi fəaliyyətlərini dayandırmalıdırlar. Bu gün Azərbaycan-Ermənistan arasında sülh müqaviləsinin imzalanması istiqamətində ciddi addımlar atılır. 2020-ci ilin noyabrında imzalanmış sənədin müddəaları yerinə yetirilməlidir. Bu istiqamətdə ciddi addımlar atılır".

Arzu Nağıyev Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyətindən istifadə edilə biləcəyini vurğulayıb:

"Minalardan təmizləmə, infrastrukturun bərpa edilməsi ilə bağlı sülhməramlıların qalması mümkündür. Mən hesab edirəm ki, 2025-ci ilə qədər bu proseslər öz həllini tapar. Həm Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinə, həm də sülhməramlılara ehtiyac qalmaz. Lakin bu gün onların Azərbaycanda olması reinteqrasiya məsələsini yerinə yetirmək üçün lazımdır. Müxtəlif revanşist fikirlərlə çıxış edə biləcək ünsürlərə qarşı tədbirlərdə həm Monitorinq Mərkəzinin, həm də sülhməramlıların fəaliyyətindən istifadə etmək olar".

Milli Məclisin deputatı Fazil Mustafa bölgənin tam təhlükəsizliyə qovuşduqdan sonra müəyyən məsələlərin düşünülməsinin mümkün olduğunu deyib:

"Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin sonrakı fəaliyyəti tərəflərin razılaşması əsasında onun sonrakı taleyi həll olunacaq. Çünki bölgəni terrorçulardan təmizləmə missiyasını Azərbaycan tərəfi yerinə yetiribdi. Burada hansısa hərəkətlənmələr, terrorçuların fəaliyyəti ilə bağlı narahatlıq doğuran məqamlar ortadan qalxdıqdan sonra Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyəti və funksiyaları ilə bağlı qərarın verilməsi mümkündür".




Ana səhifəyə qayıt        Baxış: 3 324          Tarix: 29-10-2023, 22:19      

Xəbəri paylaş


Paylaş:   

Prizma