Xəbər lenti
Dünən, 19:25

Prezidentin köməkçisi vətəndaşlıq üçün mühüm detalları açıqladı; mütəxəssislərin fikrincə, qanunvericilik bazası ermənilərin qayıdışında sayla bağlı sui-istifadə hallarının qarşısını ala bilər, lakin onlar Qarabağa gəlmək istəmirlər axı?!

“Azərbaycan ermənilərin reinteqrasiya məsələsi ilə bağlı bütün müvafiq müraciətlərinə baxmağa hazırdır”. “Yeni Müsavat” xəbər verir ki, bu barədə Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “BBC World”ə müsahibəsində deyib. 

“Bütün işğal dövrü ərzində Ermənistan azərbaycanlılara qarşı etnik təmizləmə həyata keçirib. Bir milyon azərbaycanlı hələ də qaçqın və məcburi köçkün vəziyyətindədir. Azərbaycanda bir milyon qaçqın və məcburi köçkünün öz evlərinə qaytarılması prosesi gedir və onlar 30 ildən artıq bu hüquqdan məhrum ediliblər. Lakin bu arada biz onları qalmağa çağırmağımıza baxmayaraq, Qarabağı tərk etmək qərarına gələn ermənilər oldu. Azərbaycan onların geri qayıtması üçün bütün imkanları, o cümlədən təhlükəsizliyi təmin edir. Bu səbəbdən biz vətəndaşlığa ərizələrin verilməsi üçün xüsusi elektron portal yaratmışıq. Birincisi, biz müəyyən etməliyik ki, ermənilərin geri qayıtması üçün müvafiq qanunvericilik bazası olmalıdır. Burada əsas ilkin şərtlərdən biri də Azərbaycan qanunlarına və qaydalarına uyğun olaraq Azərbaycan vətəndaşlığına və yaşayış yerinin qəbul edilməsidir. Bu səbəbdən və biz aydın şəkildə bildirdik ki, hər bir konkret hal əsasında bütün müvafiq hüquqi müraciətləri nəzərdən keçirməyə və baxmağa hazırıq”, - deyə o bildirib.

H.Hacıyevin sözlərinə görə, hazırda Azərbaycan və Ermənistan arasında diplomatik səviyyədə danışıqlar aparılır: “Azərbaycan Ermənistanla sülh müqaviləsi bağlamağa hazırdır. Bu səbəbdən Azərbaycan da beş fundamental prinsip və sülh müqaviləsinin mətnini təklif edib. Hazırda Ermənistan və Azərbaycan arasında birbaşa danışıqlar çərçivəsində diplomatik öhdəliklər var. Hesab edirəm ki, Ermənistan və Azərbaycan müsbət gündəmlə dünyanı təəccübləndirməyi bacarıb. Dekabrın 7-də iki ölkə birgə bəyanat yayaraq, sülh gündəmini irəli sürmək və etimad quruculuğu tədbirlərini həyata keçirmək niyyətlərini ifadə edib”. O qeyd edib ki, son üç ayı iki ölkə müstəqillik əldə etdikdən sonra Ermənistan- Azərbaycan münasibətləri tarixində ən sakit dövr hesab etmək olar. “Müharibə yoxdur, vəhşilik yoxdur, qarşıdurma yoxdur, əsgərlər kazarmalarına qayıdırlar. Yerli olaraq nisbi sülh təmin edildi. İndi sülh müqaviləsinin imzalanması da daxil olmaqla, onu davamlı sülhə çevirməyin vaxtıdır”, - deyə H.Hacıyev qeyd edib. 

Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin rəhbəri Xəyal Bəşirov “Yeni Müsavat”a açıqladı ki, onlar çıxmamışdan əvvəl çağırışlar edildi, amma getdilər: “Onlar qanunsuz məskunlaşmışdılar, yəni Azərbaycan vətəndaşlığını təsdiqləyən sənədləri yox idi, bununla belə, Qarabağda - Azərbaycan ərazisində yaşayırdılar. Onlar kimlərinsə təhriki ilə Qarabağı tərk etdilər. Bizim tələbimiz də bu idi ki, hər bir proses qanuni olsun, Azərbaycan vətəndaşlığına qəbul üçün müraciət etsinlər. Bilirsiniz ki, vətəndaşlığa qəbul prezidentin səlahiyyətində olan məsələdir. Əgər onlar getməsəydilər, bu həssas məsələ ilə bağlı Azərbaycan dövləti səfərbər olub qısa müddətdə problemi həll edə bilərdi. Amma qalmadılar, getdilər. İndi də rəqəmləri saxtalaşdırırlar və saylarını şişirdib qayıda bilərlər. Bunun üçün də ən azından normativ akt olmasa belə, bir sənəd olmalıdır. Çünki bu, unikal hadisədir, hər dövlətin qarşısına çıxan problem deyil”. X.Bəşirov qeyd etdi ki, bu səbəbdən qanunvericilik bazasının olması sui-istifadə hallarının qarşısını almağa yardım edə bilər: “Çünki nə qədər erməni getdiyini bilmirik və qayıdarkən sayları dəyişə bilər. Əgər kütləvilik olacaqsa, sui-istifadəliyin qarşısını alıb prosesi tənzimləmək üçün bir hüquqi baza yaratmalıyıq. Əslində qanunverici baza formalaşdırmaq elə də çətin deyil, sadəcə, ilk növbədə ermənilərin qayıdışı başlamalıdır. İkincisi, qərbi azərbaycanlıların da dönüşü məsələsi var. Bakı şərt kimi irəli sürür ki, qarşılıqlı addımlar atılmalıdır. Yəni hüquqi baza Ermənistan tərəfində də olmalıdır. Çünki qərbi azərbaycanlıların sayı həmin ərazilərdə yaşayan ermənilərdən çoxdur”. 

Hüquq müdafiəçisi Xəzər Teyyublu hesab edir ki, qanunvericilik bazasının olması vacibdir, lakin ermənilərin Qarabağa qayıdış həvəsi yoxdur: “Onlar geri dönmək niyyətində görünmürlər. Biz Qərb dövlətlərinin və Rusiyanın burada daha çox maraq göstərdiklərini müşahidə edirik. Çünki Rusiya və Qərb regiona onların qayıdışı fonunda yenidən nüfuz etmək fikrindədir. Azərbaycan isə Qarabağ münaqişəsini bağlayıb, Ermənistandan da onların Xankəndinə qayıdışı haqda çağırışlar səslənmir, Paşinyan bu haqda bir kəlmə fikir bildirmir, əksinə, sülh açıqlamaları verilir. Madam ki, Bakı və İrəvan ermənilərin qayıdışını prioritet mövzu kimi müzakirə etmirlər, əhali özü də ya Ermənistanda, ya da xaricdə yaşamağı üstün tutursa, niyə bu məsələ belə tez-tez gündəliyə salınmalıdır?! Sadəcə, Rusiya və Qərb anlayır ki, ermənilər Ağdərə, Xocavənd, Xankəndi ərazilərinə qayıtmasalar, bu güc mərkəzləri də Qarabağa siyasi olaraq qayıda bilməyəcəklər. Tam tərsinə, slühməramlılar da gedəcəklər, bölgə tam ermənisiz və russuz bir Qarabağ olacaq”. Hüquq müdafiəçisi düşünür ki, bu halda isə Azərbaycana və Ermənistana təzyiq etmək üçün heç bir vasitə qalmır: “Artıq ikitərəfli danışıqlar da gedir, ümidvarıq ki, kənar müdaxilələr olmadan proses yüksələn xətt üzrə inkişaf edəcək. Yəni bizim dəvətimizə, çağırışımıza baxmadan bölgəni tərk ediblərsə, indi də gəlmələri üçün təkliflər verməyimizə baxmayaraq, ermənilərin Qarabağa dönüş niyyəti yoxdursa, o zaman bu məsələni gündəmdən tədricdən çıxarmaq lazımdır. Ona görə ki yalnız Qərb jurnalistləri, Avropa təsisatları qayıdış məsələsini dilə gətirirlər, heç separatçıların, rəsmi İrəvanın gündəliyində bu məsələlər yoxdur. Çox qəribədir ki, Azərbaycan və Ermənistandan başqa, az qala hamı ermənilərin qayıdışı, Qarabağda erməni abidələri, kilsələri, nə bilim onların mədəni irsinin qorunmasının təəssübünü çəkir. Sual yaranır ki, sizin sancınız nədəndir? Niyə ermənilərin Qarabağdakı mülkiyyəti, kilsələri sizin üçün bu dərəcədə əlahiddə məsələ olub? 20-30 min erməninin qayıdışını dünyanın taleyüklü mövzusuna çevirirlər, amma 1 milyon azərbaycanlının qayıdışı 30 il yadlarına düşməyib”.

Emil SALAMOĞLU

“Yeni Müsavat”  




Ana səhifəyə qayıt        Baxış: 4 232          Tarix: 22-12-2023, 13:11      

Xəbəri paylaş


Paylaş:   

Prizma