Rusiya rəsmiləri Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın Qarabağın itirilməsinə görə Moskvanı günahlandırmasına qəribə cavablar veriblər. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib ki, Armen Qriqoryan öz əraziləri (?!) uğrunda savaşan və canlarını verən erməniləri aşağılayıb.
Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.
O bildirib ki, Mariya Zaxarova guya Qriqoryanı hədəf alıb, ancaq əslində Azərbaycanın ərazi bütövlüyü əleyhinə fikirlər söyləyib:
“Onun sonrakı cümləsi də bundan xəbər verir: “Ermənilər bilirdilər ki, niyə döyüşə gedirlər, nə üçün öz rifahlarını qurban verirlər, arvadlarını, uşaqlarını dulluğa, yetimliyə məhkum edirlər. Onların xatirəsinə necə xəyanət etmək olar?” Zaxarova açıqlamasıyla Azərbaycan torpaqlarını işğal edənlərdən qəhrəman obrazı yaradıb.
Rusiyanın Xankəndidə konsulluq xidmətinin açılmasını təklif edən Rusiya Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri Qriqori Karasin də müəammalı açıqlama verib. Karasin Armen Qriqoryanın açıqlamasının həqiqətə uyğun olmadığını belə izah edib: “Qriqoryan bu məsələ ilə bağlı erməni siyasətçilərin açıqlamalarıyla tanış olmalıdır. Erməni siyasi xadimlərin, o cümlədən yüksək rütbəli rəhbərliyin qeydlərinə və çıxışlarına müraciət etmək lazımdır. Bu sualların cavabları orada var. Armen Qriqoryan həmin qeydləri oxusun”. Karasin hansı çıxışları və qeydləri nəzərdə tutub? Görünür, Karasin demək istəyib ki, Rusiya Qarabağın işğal altında və separatçıların nəzarəti altında qalması üçün əlindən gələni etməyə çalışıb, ancaq işləri qərbpərəst Baş nazir Nikol Paşinyan korlayıb”.
Paylaş: