Xəbər lenti

Deputat: “Konstitusiyadakı ərazi iddiası sülh sazişinin altına qoyulan bombadır...”

Ermənistan Azərbaycanla sülh müqaviləsi məsələsində “nala-mıxa” vurmağa davam edir. Bir yandan, guya sülh sənədinin bir aya imzalana biləcəyini, buna hazır olduğunu bəyan edir, o biri yandan isə həmin sənədin əsasında duracaq beynəlxalq hüquqa sayğısızlıq göstərir. Azərbaycanın ərazi bütövlüyünü dolayısıyla şübhə altına almağa davam edir. Bu da növbəti fakt. 

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan srağagün Tiflisdə olarkən həyasızcasına iddia edib ki, guya “Bakı sülh sazişinin bağlanmasına süni maneələr yaradır”.

Mirzoyan Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası prosesinin başlanması və davam etdirilməsinin vacibliyini qeyd edərək, bunun Almatı bəyannaməsi əsasında getdiyini söyləyib. “Biz prosesin davam etdirilməsinə böyük əhəmiyyət veririk. Eyni zamanda sülh sazişinə hazırlıq gedir. Mən özüm də dedim ki, bir ay ərzində intensiv işləməklə, hazırlığı başa çatdırmaq və Azərbaycanla sülh sazişini, bu çox mühüm sənədi imzalamaq olar. Təklifin müsbət cavablandırıldığını deyə bilmərəm, əksinə, biz prosesin ləngiməsinə yeni, süni maneələr görürük,”, - deyə Mirzoyan iddia edib.

Hansı maneələr? Kim sülhə maneə, əngəl yaradır? Mirzoyan nəyə işarə edir? 

Reallıq bundan ibarətdir ki, sülhə ən böyük əngəl Azərbaycan və Türkiyəyə ərazi iddialarının yer aldığı Ermənistan konstitusiyasıdır. Mirzoyan niyə bundan danışmır? 

Deputat Aydın Hüseynov “Yeni Müsavat”a bildirdi ki, Ermənistan hakimiyyəti sülh sazişinin imzalanmasını qəsdən uzatmağa çalışır: “Azərbaycanın haqlı olaraq irəli sürdüyü "Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddiası qanundan çıxarılmalıdır" tələbini isə İrəvan bilərəkdən bəhanə edir. Azərbaycan hətta bu tələbi irəli sürməmişdən öncə də Ermənistan sülh sazişinin hazırlanması və imzalanması prosesini başqa əsassız bəhanələrlə uzadırdı. Sülh prosesinin ləngiməsinə əngəl Ermənistan hakimiyyətinin sürüşkən mövqeyi, qeyri-səmimi olmasıdır. 

Mirzoyan Ermənistan konstitusiyasında qonşu ölkələrə ərazi iddialarının nəzərdə tutulduğu faktını gizlətməyə cəhdlər edir. Lakin bu faktı gizlətmək və ya başqa cür təqdim etmək mümkün deyil. Bunu necə inkar etmək olar?! Rəsmi İrəvan Bakının haqlı tələbini yerinə yetirməlidir və Azərbaycanın bu tələbinin guya Ermənistanın daxili işlərinə qarışmaq olduğu fikrini tirajlamaqdan əl çəkməlidir. Heç bir beynəlxalq sazişin konstitusiyadan üstün olmadığı hər kəsə yaxşı məlum olan faktdır. 

Ermənistanın konstitusiyanı dəyişmək tələbinin gözardı edilə biləcəyi ilə bağlı bu yanaşma İrəvanın dayanıqlı sülhdə maraqlı olmadığını və indiki konstitusiyanın gələcəkdə yenidən Azərbaycana qarşı təcavüzə başlamaq üçün ehtiyat variant kimi saxlamağa çalışdığını göstərir. Yəni yenə vaxt udmaq cəhdi. Ermənistan konstitusiyasında Azərbaycanın ərazi bütövlüyünə təhdid yer alır. Azərbaycanın bu məsələnin qaldırması qətiyyən Ermənistanın daxili işlərinə qarışmaq sayıla bilməz. Azərbaycanın beynəlxaq hüquqa görə də bu təhdidləri ortadan qaldırmaq hüququ var".

Deputat qeyd etdi ki, nazir Mirzoyan konstitusiya dəyişikliyinə getməmələrinə öz aləmlərində əsas yaratmağa çalışır: “Onlar buna görə konstitusiyada məlum ərazi iddiasını ləğv etmək istəmirlər ki, gələcəkdə hər hansı Ermənistan hakimiyyəti ölkəsinin əsas qanununu, yəni konstitusiyanı əsas tutaraq imzalanmış sülh sazişini tamamilə bir kənara ata və qüvvədən düşmüş elan edə bilsin. Ona görə də Nikol Paşinyan əgər hiylə işlətmirsə, daimi sülhdə maraqlıdırsa, sülh sazişindən öncə referendum keçirib konstitusiyada dəyişiklik etməlidir. Nə qədər ki, Ermənistan ana qanununda dəyişiklik etməyib, Paşinyan hakimiyyətinin “biz sülhə hazırıq” bəyanatları beynəlxalq ictimaiyyəti çaşdırmaq cəhdindən başqa bir şey sayılmayacaq. Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddiasının qalması sülh sazişinin altına qoyulmuş bomba kimi qəbul olunur".




Ana səhifəyə qayıt        Baxış: 2 923          Tarix: 5-07-2024, 11:34      

Xəbəri paylaş


Paylaş:   

Prizma