Macarıstanın baş naziri Viktor Orban Ukrayna, Rusiya, Çin və ABŞ-yə səfərlərinin nəticəsi barədə Avropa İttifaqı (Aİ) Şurasının rəhbəri Şarl Mişelə məruzə təqdim edib.
Modern.az xəbər verir ki, məktub Ukrayna hökumətinin saytında dərc olunub.
Viktor Orban deyib ki, Ukrayna və Rusiya atəşkəs və ya danışıqlar üçün təşəbbüs göstərməyə can atmır və nizamlanma üçün kənardan müdaxilə lazımdır.
“Donald Trampla apardığım müzakirələr zamanı belə qənaətə gəldim ki, onun kampaniyasında xarici siyasət cüzi rol oynayacaq. Ona görə də seçkilər öncəsi ondan hər hansı sülh təşəbbüsü gözləyə bilmərik. Bununla belə, əminliklə deyə bilərəm ki, seçkilərdəki qələbəsindən az sonra o, inauqurasiyasını gözləməyəcək, dərhal sülh vasitəçisi kimi çıxış etməyə hazır olacaq. Onun bunun üçün ətraflı və əsaslı planları var”, - Orbanın məktubunda deyilir.
Macarıstanın baş naziri hesab edir ki, Türkiyə mühüm regional oyunçudur. Aİ, ABŞ və Çin də Ukraynadakı hadisələrə təsir edə bilər. Viktor Orban vurğulayıb ki, Avropa İttifaqı Ukrayna üzrə növbəti sülh konfransının keçirilməsi ilə bağlı Çinlə danışıqlara başlamalıdır.
Orban bildirib ki, Avropa Rusiya ilə birbaşa diplomatik təmasları bərpa etməlidir. O, həmçinin xəbərdarlıq edib ki, münaqişənin intensivliyi “yaxın gələcəkdə köklü şəkildə artacaq”.
İyulun əvvəlində Viktor Orban “sülh missiyası” çərçivəsində Kiyev, Moskva, Pekin və Vaşinqtona səfər edib. Səfərlərinin nəticələrinə əsasən o, Avropa İttifaqı Şurasına Rusiya-Ukrayna münaqişəsinin həllinə yeni yanaşmalar hazırlamaq təklifi ilə çıxış edib.
Avropa Parlamentinin üzvləri və Avropa Komissiyasının nümayəndələri qeyd edirlər ki, Macarıstanın baş nazirinin heç bir “sülh missiyası” üçün mandatı yoxdur.
Paylaş: