Xəbər lenti

Polkovnik: “Türk Dövlətləri Təşkilatı bütün dünyada yaşayan türklərin səsi, arxası-dayağı olacaq bir təşkilata çevrilməlidir” 

Türkdilli dövlətlərin ayrıca hərbi birliyinin, “Türk NATO-su”nun yaradılması ideyası vaxtaşırı gündəmə gətirilir. Bildirilir ki, türk ölkələrinin siyasi, iqtisadi əməkdaşlıqla yanaşı, hərbi təhlükələrə qarşı bir təşkilat altında birləşməsi artıq günün tələbinə çevrilir. Yada salaq ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) üzvü olan dövlətlərdən biri - Türkiyə NATO-da, Qazaxıstan isə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) təmsil olunur. Bununla belə, Türk dövlətləri qarşılıqlı anlaşma, dünyada sülhün və təhlükəsizliyin bərqərar olunması fonunda NATO kimi hərbi birlik yarada biləcəyi haqda mövzu aktuallığını saxlayır. Təsadüfi deyil ki, Şuşadakı beynəlxalq media forumunda da Azərbaycan Prezidentinə bu barədə sual ünvanlanıb.      

 “III Dünya müharibəsindən bəhs olunduğu bir dövrdə, bir sıra ittifaqların sarsıldığı bir şəraitdə Türk Dövlətləri Təşkilatı müsbət mənada dəyişməkdədir. Bundan sonrakı dövrdə bu təşkilatın siyasi, iqtisadi, ticari baxımdan, eyni zamanda hərbi sahədə uzunmüddətli perspektivdə necə bir gələcəyi var” sualına  Prezident İlham Əliyev belə cavab verib: “Türk Dövlətləri Təşkilatının gələcək inkişafına, mənim baxışlarım burada tamamilə aydındır. Əminəm ki, bu təşkilatın çox böyük gələcəyi var. Təşkilatı daha yüksək pilləyə qaldırmaq üçün ortaq səylər lazımdır. Coğrafiyamız çox böyükdür, təbii sərvətlər, nəqliyyat yolları, gənc və artan əhali - bütün bunları mən öz çıxışımda söylədim. Yəni bütün bu amillər təşkilatımızın potensialını əyani şəkildə göstərir. Biz birliyi daha da gücləndirməklə Türk Dövlətləri Təşkilatını dünya miqyasında güc mərkəzinə çevirməliyik. Çünki bu gün bir neçə beynəlxalq təşkilat var. Bəziləri böhran içində, bəziləri tənəzzüldədir, Türk Dövlətləri Təşkilatı isə yüksəlişdədir. Bu yüksəliş rahat olmalıdır və buna ortaq səylərlə nail olacağıq. O ki qaldı hərbi sahədə işbirliyinə, buradan bir neçə yüz metr məsafədə əziz qardaşım Tayyib bəylə biz 2021-ci il iyunun 15-də Şuşa Bəyannaməsini imzaladıq. Türkiyə və Azərbaycan rəsmən müttəfiq oldu, o cümlədən hərbi sahədə. Yəni hesab edirəm ki, bu, bütün türk cümhuriyyətləri üçün gözəl bir örnəkdir. Təbii ki, hər cümhuriyyətin öz siyasəti, öz baxışları var və biz təşkilat olaraq hər bir ölkənin müstəqilliyini dəstəkləyirik, qoruyuruq və hər şeydən üstün tuturuq. Ancaq sizin də qeyd etdiyiniz kimi, Qarabağ Zəfəri bir çox ünvanlara gözəl mesaj oldu. Gücümüz bir olanda dəmir yumruğumuz da ağır olur, daha möhkəm olur. İnşallah, belə də olacaq”.

 Hərbi ekspert, polkovnik Rövşən Məhərrəmov “Yeni Müsavat”a bildirdi ki, Türk Dövlətləri Təşkilatının əsas təşəbbüskarı Rəcəb Tayyib Ərdoğan və İlham Əliyevdir: “Şuşa Bəyannaməsi isə Azərbaycanla Türkiyənin hərbi, siyasi müttəfiqliyini rəsmiləşdirən sənəd oldu. Türkiyə ordusu Avropanın ən güclü ordularından biridir. Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatı haqda dedikləri ondan xəbər verir ki, Azərbaycan bu təşkilatın dünyanın ən güclü təşkilatlarından birinə çevrilməsini istəyir. Eyni zamanda Prezidentin Şuşa Bəyannaməsini yaxşı bir nümunə kimi qeyd etməsi isə o deməkdir ki, Azərbaycan digər türk dövlətləri ilə də Türkiyə ilə imzalanmış Şuşa Bəyannaməsi kimi sənədi imzalamaqda maraqlıdır. Türk dövlətləri arasında bu cür ikitərəfli müqavilələrə, bəyannamələrin imzalanması təkcə ikitərəfli müttəfiqliyi gücləndirmir, həmçinin Türk Dövlətləri Təşkilatının güclənməsinə təkan verir. Gələcəkdə Türk Dövlətləri Təşkilatının vahid ordusunun yaranmasına da bu cür sənədlərin imzalanması öz təsirini göstərər”.

Polkovnik qeyd etdi ki, Türk Dövlətləri Təşkilatındakı dövlətlərin yerləşdiyi coğrafi əraziyə diqqət etdikdə bu təşkilatın daha da güclənməsinin, ordusunun olmasının dünya siyasətində söz sahibinə çevrilməsi perspektivinin real olduğunu söyləyə bilərik. Türk Dövlətləri Təşkilatının dünyada çox güclü qüvvəyə çevrilməkdə olduğu bir həqiqətdir. Bunun üçün onun bütün resursları var: “İlk növbədə çox ciddi ərazi, coğrafi mövqe resursu var, 4,8 milyon kvadrat kilometr əraziyə malikdir. Həmçinin çox ciddi iqtisadi resursa malikdir, təxminən 4 trilyon dollarlıq bu ölkələrin birlikdə ümumi daxili məhsulu təşkil edir. Eyni zamanda bu təşkilata üzv olan dövlətlərin ümumilikdə 200 milyon nəfərədək əhalisi var. Yəni burada çox ciddi insani resurslardan söhbət gedir. Ticarət dövriyyəsi 856 milyard dollara çatır. Türk dövlətlərinin ordusunun da çox böyük gücü var. Bütün bunlar onu göstərir ki, sözün həqiqi mənasında bu gün Türk Dövlətləri Təşkilatına üzv olan dövlətlərin birgə potensialı istənilən hədəfə çatmağa imkan verir. Amma əsas deviz odur ki, biz birlikdə güclüyük. Prezident buna işarə etdi. Doğrudan da türk dövlətləri bir yerdə təşkilatlanmış formada olanda istənilən hədəfə çata bilərlər və hər birinin üzləşdiyi problemin tənzimlənməsində məhz bir yerdə olmaq öz sözünü demiş olar. Türk Dövlətləri Təşkilatının perspektivləri daha böyükdür, iqtisadi və hərbi güc mərkəzi kimi tanınmaq, öz sözünü beynəlxalq aləmdə demək imkanları daha böyükdür. Azərbaycan Prezidenti açıq mesajını da çatdırdı ki, daha da güclənməyin yolu türk dövlətlərinin daha da sıx birləşməyindən keçir”.

R.Məhərrəmov vurğuladı ki, Türk Dövlətləri Təşkilatı gələcəkdə bu təşkilatın üzvləri ilə yanaşı, bütün dünyada yaşayan türklərin səsi, arxası-dayağı olacaq bir təşkilata çevrilməlidir. 

Etibar SEYİDAĞA,

“Yeni Müsavat”





Ana səhifəyə qayıt        Baxış: 4 795          Tarix: 23-07-2024, 10:22      

Xəbəri paylaş


Paylaş:   

Prizma