Rusiyalı politoloq, millətlərarası münaqişələr üzrə mütəxəssis və təhlükəsizlik üzrə ekspert Yevgeni Mixaylovun Axar.az-a müsahibəsi:
- Ermənistan Baş naziri Nikol Paşinyan MDB Dövlət Başçılarının Moskva sammitində bir daha bildirdi ki, bu ay sülh müqaviləsi imzalamağa hazırdır. Ancaq sülh sazişinin bəndləri tam razılaşdırılmayıb. Sizcə, Paşinyanın imzalamaq istədiyi sənədi sülh müqaviləsi hesab etmək olarmı?
- Həm Əliyev, həm də Paşinyan razılaşmanın 80 faiz hazır olduğunu bildiriblər. Bu müqavilənin qalan müddəaları Bakıya lazım olan şərtlərdir. Amma Ermənistan çətin ki, onları yerinə yetirsin, çünki bu, İrəvanın müttəfiqlərinə yaramır. Düşünürəm ki, Zəngəzurla bağlı razılaşmaya əməl olunmayacaq. Demarkasiya məsələsi də tam həll olunmayacaq. Bütün bunlar isə Bakını qane etmir. Ona görə də məncə, indi sülh müqaviləsindən danışmaq yersizdir. Sülh danışıqları başlayan kimi Ermənistan tərəfdaşları ilə nəsə fikirləşir ki, razılaşma yekunlaşmasın. Bakıya uyğun olan müqavilə əvvəlcə Moskva və İrəvanla birgə işlənib hazırlanmışdı. İrəvanın əvvəlki razılaşmaların əsas tezislərindən yayınmağa çalışması Qərb müttəfiqlərinin və Brüsselin hiyləsidir. Bakını qane edən ideya Ermənistanın normal hökumətini də qane etməlidir. Amma proses hələ buna çatmayıb. Hətta sülh müqaviləsi imzalansa da, İrəvanın onu pozmayacağına zəmanət yoxdur. Düşünürəm ki, Ermənistan üçün Qarabağ məsələsi bitməyib. Moskvada bəzi ermənilərlə söhbət edirdim. Deyirlər ki, indi silahlanacağıq, sakinlərimizi Qarabağa qaytaracağıq, ora erməni ərazisi olacaq. Bax belə söhbətlər gedir. Amma mən buna çox şübhə edirəm. Bu yuxular erməni qulaqlarına şirin gəlir. Paşinyan sülh müqaviləsi imzalayanda belə, beynində əksini düşünəcək. Yəni aldatmağı. Aldatmaların baş verməməsi üçün müqavilə imzalanarkən Rusiyanın yardımı olmalıdır. İmzalanmanın əsas təminatçısı Rusiya olmalıdır.
- Velosiped yürüşü, şortik və tərlikdə pəncərə kənarında fotosessiya, Əliyev və Azərbaycan bayrağı qarşısında çaşqınlıq... Paşinyan ümumiyyətlə Moskvaya niyə getdi?
- Paşinyanın Moskva səfəri ilə bağlı bir çox situasiyalar, əlbəttə ki, komik idi. İlk növbədə, hətta rəsmi medianın yaydığı fotoşəkillərə də diqqət yetirmək lazımdır, burada İlham Əliyevin yanında Paşinyan çox kədərli və narahat mövqelərdə görünür. O, bir qədər qaşqabaqlı, bir qədər kədərlidir, başı aşağıdır. Paşinyan, prinsipcə, Əliyev və Azərbaycan bayrağı qarşısında özünü çox narahat hiss edir. Velosiped sürməyə isə ermənilərin özləri də çox gülür, deyirlər ki, burada hər yeri bağlayıblar ki, o, rahat velosiped sürsün. Bəli, o, Moskvanın ətrafında dolandı, guya Rusiyaya dostluğunu göstərmək istədi. Amma əslində, prinsipcə, Paşinyandan çox şey asılı deyil. Yaxşı ki, o, MDB sammitinə gəldi, Əliyevlə Putini bir daha gördü. Amma üçtərəfli görüş baş tutmadı. Bu da belə bir göstəricidir. Görünür, Paşinyan qorxurdu, üçtərəfli görüşməyə və sülh müqaviləsinin imzalanması ilə bağlı lazımi mövzuları danışmağa utanırdı. Bu, təbii ki, qarşıdurmanın uzanması və sülh müqaviləsinin imzalanması perspektivlərinin hələ də uzaqda olması deməkdir.
Paylaş: