Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekçinin İzmirdə beynəlxalq yarmarkanın açılışı zamanı verdiyi bəyanat Türkiyə-Ermənistan sərhədlərinin açılması mövzusunu yenidən gündəmə gətirdi.
Türkiyəli nazirin sözlərinə görə, ölkəsi Avrasiya İqtisadi Birliyi (AİB) ilə gömrük anlaşmasını imzalamaq barədə təklif alıb. O, eyni zamanda bunu, Avropa İttifaqı ilə analoji sazişə mane olmamaq şərtilə qiymətləndirməyin vacib olduğunu vurğulayıb.
Qardaş ölkənin nazirinin bu açıqlaması Ermənistanda dərhal reaksiya doğurdu. İrəvanın fikrincə, Ermənistanın AİB-nin üzvü olmaqla yanaşı, Türkiyə ilə həmsərhəd yeganə üzv ölkə olması xüsusi üstünlük sayılmalıdır.
Ermənistan xarici işlər nazirinin müavini Şavarş Köçəryan deyib ki, Ankaranın birtərəfli qaydada Ermənistanla sərhədi bağlaması Türkiyənin AİB ilə gömrük razılaşmasını imzalamasına mane olur.
Erməni ekspertlərin fikrincə, Türkiyə AİB ilə gömrük anlaşmasını imzalamaq istəyəcəyi halda, İrəvan Ankara qarşısında bir sıra şərtlərlə çıxış edə, məsələn, sərhədlərin açılmasını tələb edə bilər.
İndiki halda Ermənistanın mövzu ilə bağlı iddiaları nə dərəcədə real görünür və rəsmi Ankaradan məsələ ilə bağlı hansı gözləntilər var?
Publika.az-a mövzu ilə bağlı açıqlama verən Qərb Universitetinin professoru, politoloq Fikrət Sadıxov Türkiyənin iqtisadiyyat nazirinin verdiyi bəyanatın arxasında siyasi intriqanın da olmasını istisna etmir.
Türkiyənin Qərblə, o cümlədən ABŞ-la mühasibətlərinin son vaxtlar gərgin olduğunu deyən müsahibimiz hesab edir ki, Nihat Zeybekçinin çıxışı Türkiyənin illərdir sıralarına daxil etməyən Avropa İttifaqına ünvanlanan şantaj da ola bilər. F. Sadıxov həmçinin qeyd edib ki, AİB-nin aparıcı üzvü Rusiya olduğu üçün Türkiyənin qurumla mümkün əməkdaşlığında İrəvan heç bir həlledici səsə malik deyil.
“Türkiyə Avrasiya İqtisadi Birliklə əməkdaşlıq etmək istəyərsə, Ermənistan burada heç bir rol oynamayacaq. Birliyin digər üzvləri olan Qazaxıstan, Qırğızıstan və Belarusun isə Türkiyə ilə çox yaxşı əməkdaşlıq münasibətləri var”, - o vurğulayıb.
Türkiyə-Ermənistan sərhədlərinin açılması ilə bağlı Ermənistanın gözləntilərinə gəlincə, politoloq hesab edir ki, Ankara özünün xarici siyasət prioritetlərini heç zaman dəyişməyəcək: “Burada yaxın və uzaq gələcəkdə nə Ermənistanla münasibətlərin qurulması, nə də sərhədlərin açılması nəzərdə tutulur. Türkiyə Abdullah Gülün prezident olduğu dövrdə Ermənistanla Sürix protokollarını imzaladı. Amma sonradan başa düşdülər ki, Ermənistan özünün siyasi ambisiyalarından geri çəkilmək niyyətində deyil. Ermənistanın 1915-ci il hadisələrini “soyqırımı” kimi qələmə verməsi və dünya ölkələri tərəfindən tanınması cəhdlərindən geri çəkilməməsi, Türkiyəyə qarşı ərazi iddiaları İrəvanın dəyişməz siyasətidir. Eyni zamanda, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal faktı var. Türkiyə Ermənistanla münasibətlərin qurulması və sərhədlərin açılması üçün İrəvandan xarici siyasətində prioritetlərin dəyişdirilməsini tələb edir. “Soyqırımı” iddialarından geri çəkilməsə, Türkiyəyə qarşı ərazi iddialarını davam etdirsə və Azərbaycana qarşı işğalçılıq siyasətinə son qoymasa, Ermənistan bundan sonra da qapalı və təcrid olunmuş dövlət olaraq qalacaq”.
Xatırladaq ki, 2009-cu il mayın 13-də o zaman Türkiyə baş naziri olan Rəcəb Tayyib Ərdoğanın Bakıya səfəri zamanı Milli Məclisdəki çıxışında verdiyi bəyanat mövcud şərtlər altında- Dağlıq Qarabağda işğal bitmədən Türkiyə-Ermənistan sərhədlərin açılmayacağanı göstərdi.Türkiyənin digər rəsmi şəxsləri də dəfələrlə Dağlıq Qarabağda işğal bitmədən sərhədlərin açılmayacağını bəyan ediblər.
Müsahibimiz hesab edir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sentyabr ayında Bakıya səfərində də analoji bəyanatları səsləndiriləcəyi şübhəsizdir:
“Düşünürəm ki, Türkiyə prezidentinin bu mövzuda mövqeyi kifayət qədər qətidir. O, qəti şəkildə ifadə edib ki, işğal olunmuş torpaqlar azad edilməyincə, nə Ermənistanla sərhədlər açıla bilər, nə də hər hansı münasibətlər qurula bilər. Şübhə etmirəm ki, Ərdoğan Azərbaycana səfərində nəinki bu fikir yenidən səsləndirəcək, həmçinin daha da gücləndirəcək”.
Paylaş: