Azərbaycanın qurtuluşu bu Vahid Milli Güc İttifaqından keçir
Uzun zamandır “Qaynar Qazan” efirə çıxmır. Əsas səbəb prezident seçkiləri olsa da, zaman problemləri ilə bəzən gözlənilməz sürprizlər edə bilir. Əvvəl seçkilər, sonra Kərbəla ziyarəti, danışan adamların sürətlə və kəskin şəkildə azalması, hökumətin uğursuz media siyasəti – bütün bunlar “Qaynar Qazan”a təsirsiz ötüşmür. Həm iqtidar, həm də müxalifət düşərgəsinin adamları son dərəcə ehtiyatlı olublar. Ağızlarını bıçaq açmır. Qorxurlarmı, çəkinirlərmi, bilmirəm, amma onu bilirəm ki, bəziləri “Qaynar Qazan”a çıxmağa, bu qazanın içində qaynamağa risk etmirlər. Həm də səbəb budur təbii ki…
Amma təbii ki, bizim özümüzün də proqramımız bəzən sıx olur. Bu sıxlıq içərisində bəzən istədiyimiz alınmır. Hələ Avropadakı dostlarımızın uğurlu efir layihələri də bəzi hallarda bizim “dayandoldurum” verilişlərimizi kölgədə qoya bilir. Bütün bunları ona görə yazıram ki, bəzi həssas tamaşaçılar çox narahatlıqla “Qaynar Qazan”ın aqibətindən narahat oldular, onlarla adam yazdı mənə, zəng etdilər. Bu da onu göstərir ki, bu informasiya bolluğunda bu “canlı” yayınların cirit atdığı bir zamanda bu “dayandoldurum” imkanlarla biz hələ lazımıq və tamaşaçı bizi gözləyir. Açığı, bu, mənə ayrı bir stimul verdi. Və fasilə bir az çəksə də, yenidən bizi izləyənlərin və sevənlərin qarşısındayıq.
Bu dəfə qonağımız Azərbaycanın gənc siyasətçilər nəslinin nümayəndələrindən biri Hürrü Əliyevdir. Hürrü bəy Azərbaycanın 2-ci prezidenti Əbülfəz Elçibəyin qardaşı Almurad Ağanın oğludur. Yeni ”Bəyaz” Hərəkatı yaradıb və onun sədridir. Onunla söhbətləşmək marağı məni onu “Qaynar Qazan”a dəvət etməyə səslədi. Həm yeni hərəkatın məramı maraqlı idi, həm də Hürrü Əliyev mənim tələbə yoldaşım olmuşdu, onu müsahibəyə çəkmək, illərin nəyi və necə dəyişdiyini müşahidə etmək istəyirdim.
Hürrü Əliyev gənc siyasətçilər nəslinin nümayəndəsi kimi ənənəvi siyasi sistemdən gileylidir. Daha ötəsi var. O, Elçibəyin ölümündən bu tərəfə keçən 18 ildə onun ideoloji mirasına sahib çıxılmadığı iddiasındadır və bir çox məsələlərdə keçmiş silahdaşlara iradlarını bildirir. Hürrü bəy həm Əbülfəz Elçibəyin siyasi-ideoloji mirasına, həm də bu ideoloji silaha sarılaraq hamını birləşdirəcəyinə inanır. Onun üçün yeni birlik modeli təklif edir: “Vahid Milli Güc İttifaqı”! Bu birlik yaranarsa, Azərbaycanın bütün problemlərinin öz həllini tapacağına əmindir.
Hürrü Əliyev “Qaynar Qazan”ın budəfəki qonağıdır. Qiymət isə tamaşaçıların olacaq…
Əvəz Zeynallı
“Qaynar Qazan”
I hissə
Ölkədə mətbəx siyasəti mövcuddur
– “Qaynar Qazan”ın bugünkü qonağı Hürrü Əliyevdir. Hürrü Əliyev həm də Əbülfəz Elçibəyin qardaşı Almurad Ağanın oğludur. Zaman-zaman Azərbaycan siyasətində öz sözünü deyib, Milli Məclisə seçkilərdə yanılmıramsa namizədliyini verib, müəyyən siyasi yapılanmaların içində iştirak edib. Bu günlərdə eşitdik ki, Hürrü bəy “Bəyaz” Hərəkatının startını verib. O baxımdan, həm də verdiyi mesajları nəzərə alaraq qərara gəldik ki, Azərbaycan gənclərinin bir nümayəndəsi kimi Hürrü bəyi “Qaynar Qazan”a salaq. Xoş gəlibsən, bəy.
– Təşəkkür edirəm, bəy. İlk öncə dəvətiniz üçün minnətdarlıq edirəm. Sizin də bütün gözəl layihələrinizə, fəaliyyətinizə uğurlar diləyirik.
– Nədir “Bəyaz” hərəkatı?
– Ümumiyyətlə, suallarda da bəzi tənqidlər var, olur, bunlar təbii məsələlərdir. Bir neçə dəfə “Bəyaz” hərəkatının yaradılması haqqında danışmışam. Hərəkatın yaranma zərurəti və buna qədər keçilən mərhələlər var. Biz fəaliyyətimizi anons etmədik, hay-küy salmadıq. Özümüzü xüsusi təbliğ etmədik, reklama ehtiyac duymadıq. Əsasən, milli ideoloji məsələləri gənclər arasında təbliğ etmək niyyətimiz var. Bizim bəzi ziyalılarımız, söz adamlarımız, fikir adamlarımız var ki, onlar gənclərə zamanında bir şeylər verə bildilər. Əslində, “Bəyaz” hərəkatı 6 ay bundan əvvəl elan olunmalı idi. Müəyyən səbəblər oldu ki, bu, ertələndi. 2 ay öncə isə biz hərəkatı gündəmə gətirib təsis etdik. “Bəyaz” hərəkat nə deməkdir? “Bəyaz” hərəkat isim olaraq aydınlıq, şəffaflıq, təmizlikdir. Bir də “Bəyaz” hərəkatın önəmli tərəfi, meydana çıxma səbəbi nədir, nə idi? Cəmiyyətdə gedən siyasi hadisələri müşahidə edərək, bəzi qənaətlərə gəlirik. Siz də şahidsiniz ki, cəmiyyətdə çox cılız, dar çərçivəyə sığdırılıb – bir az sərt çıxmasın – bir mətbəx siyasəti mövcuddur. Üzr istəyirəm, böyük danışmaq, yekəxana danışmaq kimi çıxmasın, bu, bir reallıqdır. Biz kimsənin fəaliyyətinə, yoluna kölgə salmaq istəmirik. Sadəcə görünən reallığı deyirik. “Bəyaz” hərəkatın varlığının səbəbi bir az da bu boşluqdur…
Milli-ideoloji sistem, milli ruh çökdürülür
– Yəni Azərbaycan siyasətindəki boşluğu həm də doldurmaq iddianız var?
– Ondan kənar… Baxın son 15-18 ilə. Bir tərəfdə parçalanmış vətən, bir tərəfdə işğal olunmuş torpaqlar, bir tərəfdə rus-fars şovinizmi – imperialist qüvvələrin caynağında, işğalında, istilasında olan Azərbaycan, bir tərəfdə də ortada olan siyasi mənzərə. Tam ziddiyyət təşkil edir. Yenə də kimsə çıxıb bizə iradlarını bildirsə, özümüzü haqlı sayacağıq. Təbii ki, bunu təkcə biz demirik, cəmiyyət də görür, xalq da görür. Mən Cənubi Azərbaycanı hələ ki, qoyuram kənara. Sırf Qarabağın azadlığı ilə bağlı nələr olur? Təbii ki, bəzi fəaliyyətlər var. Bəzi auditoriyalarda çıxışlar olur, təbliğat gedir – o başqa, amma sırf Qarabağın işğaldan azad olunması ilə bağlı ortaya çıxarılacaq aktiv siyasi fəaliyyət yoxdur. Torpaq, millət, vətən məsələsi sonda nəyə gətirir – milli-ideoloji mənaya. Bu, siyasətdə də milli ideologiya gedir. Biri var hökumətin hansısa nöqsanına, ya da yarıtmaz fəaliyyətinə qarşı çıxmaq ki, bu, sırf siyasi fəaliyyət sayılır. Amma ortada milli-ideoloji sistemin, milli ruhun çökdürülməsi prosesi gedir. Biz bunu nəzərə alaraq “Bəyaz” hərəkatı təsis etdik və meydana çıxmağa qərar verdik.
– Əvvəlki illərdə də siyasi fəaliyyətləriniz var idi…
– Bəli, siyasi fəaliyyətlərimiz var idi. Həmin siyasi fəaliyyətlərimiz də ideoloji əsaslı idi. Doğrudur, siyasi fəaliyyətimiz qısa müddətli oldu, amma milli oldu. O zaman üzərimizə gələnlər də oldu. Biz də dedik, ola bilər ki, biz yanlış anlayarıq, bəlkə onlar doğrusunu bilir, onlar təcrübəli yoldan gəlmiş insanlardır, hərəkat insanlarıdır, təşkilat rəhbərləridir. Dedik, ola bilər, biz cəmiyyəti doğru anlayıb görə bilmirik, bəlkə bunlar bizdən daha fərqli baxırlar, görürlər. Bu məsələləri əsas götürüb bir az kənar durduq. Sadəcə siyasətdən və ictimai fəaliyyətdən kənar durmadıq, bütün proseslərdən kənar durduq və izləmə mövqeyinə çəkildik. Yekəxanalıq çıxmasın, gedən siyasi proseslərin sonda gətirib milli-ideoloji fəaliyyəti çökdürəcyini və zərərsizləşdirəcəyini bilirdik. Əmin idik. Çünki xəttlər və mövqelər yanlış idi. Daha sonra “Vahid Millət – Dövlətçiliyə dəstək” İctimai Birliyini yaratdıq. Bu, ictimai fəaliyyət idi. Gənclərlə işləyirdik. Milli ənənələrimizi, milli-ideoloji sistemə köklənmiş tarixi keçmişimizi örnək gətirərək gənclər arasında maarifləndirmə-təbliğat işləri aparırdıq. Bu qaydada gündəmdə var idik. Amma indi bizim Vahid Milli İttifaq haqqında düşüncələrimiz var və bu haqda bir müraciətimiz də yayınlanıb. Bu, nə deməkdir, bəy? Təşkilatlara və onların rəhbərlərinə iradlarımızı bildirdiyimiz üçün onlar da bizi yanlış anlamasınlar. Mən hər zaman demişəm, bu insanlar bizim üçün böyük bir hərəkat keçmiş insanlardır.
– İndiki partiyaları nəzərdə tuturuq?
– Bəli, öndə gedən partiyaları. Onlar böyük hərəkat yolu keçmiş insanlardır. İnsan umduğu yerdən küsər. Məsələn, bu gün Yeni Azərbaycan Partiyasından Bütöv Azərbaycan, Cənubi Azərbaycan, Turan məsələsi, Türk dövlətlərinin birliyi, milli-ideoloji məfkurə, Elçibəy ideyalarının davamını tələb edə bilərikmi? Onlara irad tuta bilərikmi ki, siz bu məsələlərdə doğru etmədiniz? O mənada, biz də umduğumuz yerə iradlarımızı bildiririk. Onlar Azərbaycanın şərəfli bir keçid tarixi olan Milli Azadlıq Hərəkatının, imperiyaya qarşı qalxmış xalqın milli iradəsini ortaya qoyan hərəkatın üzvləri idilər. Dünənin gəncləridirlər. Əksinə, onlar bizlərdən daha gözəl mövqe tutub gəlməli idilər.
…Bir lider, bir sərkərdə getdisə
– İddia edirsiniz ki, Əbülfəz Elçibəydən sonra hər şey yanlışmı oldu?
– Milli Azadlıq Hərəkatı nədən doğuldu? Milli məfkurədən doğuldu, eləmi? Xalqın imperiyaya, istilaçı güclərə qarşı savaşı, iradəsi ortaya qoyuldu. Yəni imperiya dövründə hakimiyyət uğrunda savaş getmirdi ki. Seçki uğrunda, demokratiya uğrunda da savaş getmirdi. Hər şey bir ağacın – bir meşənin kəsilməsindən başlamadımı? O vaxt iradə vardı, o iradə ortaya qoyuldu və bunun arxasında da liderlər vardı. Xalqı o istiqamətə aparan fəaliyyət var idi. Biz bunu qəbul edirik, bir lider, bir sərkərdə getdisə, deyək ki, ümumi fəaliyyətdə 50 faizlik enmə yarana bilər. Ruh düşkünlüyü, ümidsizlik yarana bilər, amma bütövlükdə məhv ola bilməz ki, hər şey. Elçibəy idealları nə idi? Elçibəy idealları bizim tarixdən qaynaqlanan milli ideallarımızın müasir dövrə gətirildiyi bir sistem idi. Bu, mütləq idi ki, götürülsün və davam etdirilsin.
– Etdirilmədimi?
– Etdirilmədi. Bu, göz qabağındadır ki, etdirilmədi. Biz demirik ki, kimlərsə yanlış etdilər. Onlar da fərqli siyasət, fərqli mövqe, fərqli yol tutdular. Biz də onlara uğurlar diləyirik. Amma bu gün bizim meydana çıxmağımız üçün kifayət qədər əsaslar var.
– Nə istəyirsiniz, neyləyəcəksiniz? Milli Azadlıq Hərəkatından – Elçibəyin şinelindən çıxan bütün insanları birləşdirməkmi istəyirsiniz, yoxsa nədir məqsədiniz?
– Bizim güc mərkəzinin yaradılması ilə bağlı bir müraciətimiz vardı. Təkrar iki dəfə yayınlandı o müraciət. “Bəyaz” hərəkatının gənclərlə apardığı iş ayrı. Biz ona görə Vahid Milli Güc İttifaqının yaradılmasını istəyirik ki, onlar da bu kökdən gələn insanlardır. Biz bölməmişik – onlarla yanaşı, biz iqtidar partiyasına da müraciət etmişik. Ümummilli amallardan danışan bir təşkilat heç vaxt iqtidar-müxalifət ayrımını ortaya qoymaz. Ümummilli məsələlərdə bu, bizim borcumuzdur ki, bu müraciəti edirik. İndi bizimlə həmrəy olacaqlar, bu gücün yaranmasında əllərindən gələni edəcəklərsə, nə gözəl. Biz özümüz üçün çalışmırıq. Ortada olan cılız siyasi çərçivəyə sığdırılmış bu siyasi mənzərə – ikiyə bölünmüş, parçalanmış, torpaqları işğal altında qalan vətəni ilə Azərbaycan xalqının əxlaqına və şərəfinə yaraşan bir mənzərə deyil. Biz bu mənzərəni qəbul etmədiyimiz üçün meydana çıxmışıq. Bir az pafos kimi çıxmasın, ola bilər 3 nəfər, ola bilər 5 nəfər, ya da 100 nəfər ola bilərik, amma bu məfkurədə – torpaqlarımızın azadlığı, bütövlüyü, Türk dövlətlərinin birliyi uğrunda başlatdığımız mübarizəyə qanımızın sıçradılmasına qədər hazırıq. Kimsə deyə bilər ki, Əbülfəz Elçibəyin qardaşı oğlu… Burada tək Əbülfəz Elçibəyin qardaşı oğlu olmaqdan söhbət getmir, milli məfkurənin fikir adamları var, milli məfkurənin vuran əlləri var, qazilərimiz var, keçmiş hərəkatçılar var, aydınlarımız var. İnşallah, yaxın gələcəkdə baş tutacaq mətbuat konfransımızda bütün bunlar haqqında geniş məlumat verəcəyik. Vahid Milli Güc İttifaqını təkcə Azərbaycan üçün yox, həm də bütövlükdə Türk Dünyası üçün, bütün dünyada olan milli təfəkkürdə, milli düşüncədə olan bütün qüvvələr, ictimai təşkilatlar, dərnəklər üçün səsləndirmişik. Biz bu yolda tək deyilik. Dünyada və Türkiyədə bu tip təşkilatların olduğunu siz də bilirsiniz. Biz ümumiyyətlə, belə təşkilatların bir mərkəzini, ittifaqını təşkil etmək istəyirik. Bəlkə bu fikrə ümidsiz yanaşanlar da ola bilər. Amma biz bu istiqamətdə fəaliyyət göstərən insanları və təşkilatları inandıracağıq ki, Azərbaycanın qurtuluşu bu Vahid Milli Güc İttifaqından keçir. Otursun Fransada, otursun Amerikada – fərqi yoxdur, yəni xalqın bütövlüyünü təmin etmək üçün onun birliyini təmin etmək lazımdır. Yəni bu düşüncədə olan birliyi. Bugünkü uğursuzluğumuzun ən böyük səbəbi, bacarmadığımız məsələnin kökü nədir – birliyimizin təmin olunmaması. Hər şeyin kökündə bu durur. Bu birlik təmin olunsa, mən tam əminəm ki, elə bil Azərbaycanın bütövlüyünün 50 faizinə nail olmuş olacağıq. Xalqın və bu düşüncənin birliyini təmin etmək lazımdır. Vahid Milli Güc İttifaqı bu birliyin mərkəzinə çevrilməlidir. Bu, “Bəyaz” hərəkatının ortaya qoyduğu və axıradək arxasınca gedəcəyi ilk fəaliyyəti, təşəbbüsüdür.
Ölkədə düşmənçilik toxumu səpilir
– Belə başa düşdüm ki, hədəfinizdə hakimiyyət deyil. Hətta hakimiyyətlə də müəyyən ittifaqlara gedə bilərsiniz. Müxalifəti və hakimiyyəti ümummilli bir məqsəd ətrafında birləşdirməyi qarşınıza məqsəd qoyubsunuz?
– Bəli. Müxalifəti, ya da hakimiyyəti kənarda qoysan, ümummilli yanaşmasan, deyərlər ki, get, işinlə məşğul ol, buradan Vətən, Millət, Bütöv Azərbaycan, Türk Dünyası deyirsiniz, oradan kimisə kənarda qoyursunuz. Əksinə, biz çalışırıq ki, Azərbaycan siyasətinə əxlaqi bir mübarizə, əxlaqi davranışlar gətirək. Niyə deyirəm, bölməyək? Ölkədə çox təhlükəli vəziyyət nədir, gənc nəsilə çox yanlış örnəklər verilir. Düşmənçilik toxumu səpilir. Həm də nəyin uğruna, heç nə iki tərəfin tərəfdarlarının bir-biri ilə deyişməsi… Ortada elə bir ciddi siyasi mübarizə və fəaliyyət də görmürəm. Onlar özlərini elə təqdim edirlər ki, sanki ortada iqtidardan və müxalifətdən başqa bir məfkurə, bir ideologiya yoxdur, ola da bilməz. Bu, yanlışdır. Bayaq da dedim, biz kiminsə fəaliyyətinə kölgə salmaq niyyətində deyilik, amma bu gün iqtidarlı-müxalifətli, bizli-sizli Azərbaycanın dünya qarşısında, xüsusilə, Türk Dünyası qarşısında düşdüyü vəziyyət yaxşı deyil. Hətta Ermənistanın belə qarşısında çox cılız bir mənzərədə dayanmışıq – bizə baxış bu cürdür. Bir başlarını qaldırıb baxmırlar ki, dünyada, Türk Dünyasında nə siyasət gedir, Cənubi Azərbaycanda nələr danışılır. Bu vəziyyətin qarşısında biz başımızı salmışıq aşağı, demək olar ki, çox cılız işlərlə məşğuluq. Bu gün Azərbaycan xalqının bugünkü durumuna görə, bugünkü siyasi fəaliyyət ümumiyyətlə, qəbul olunmalı deyil, qəbulolunmazdır. İstəyir bizə qarşı getsinlər, bizi tənqid etsinlər, bir şey dəyişməz. Azərbaycan xalqının cəsarəti də, qüruru da var – nəhəng imperiyanı Azərbaycanın mərkəzində, Bakıda diz çökdürəndə, bütün güclər, Türk Dünyası, Türkiyənin özü belə cəsarəti olmadı ki, Azərbaycan xalqı ilə həmrəy olsun. Böyük bir imperiya vardı və Azərbaycan xalqı öz iradəsi ilə onun qarşısında idi. İstər daxildən, istər xaricdən Azərbaycan xalqına “zəif xalq”, “cəsarətsiz xalq” deyənlər, ona görə deyirlər ki, ortada milli-ideoloji bir xətt yoxdur. Xalqı müəyyən istiqamətlərə aparmaq qabiliyyətləri yoxdursa, o zaman bu xalqı niyə qınağa çəkirlər? Xalqı kiçik və xırda oyunbazlığa salıblar, bunun xalqa nə dəxli var? Bu, tərəflər arasında olan mübarizədir. Azərbaycan xalqı tam fərqli bir məfkurəyə sahibdir. Azərbaycan xalqı yeri gələndə öz iradəsini Qarabağla da bağlı, Cənubi Azərbaycanla da bağlı, Türk Dövlətlərinin gələcəyi ilə də bağlı ortaya qoyur, gec-tez ortaya qoyacaq. Sadəcə, biz indi deyirik ki, xalqın istəkləri ilə ayaqlaşmaq lazımdır. Bu gün biz siyasi fəaliyyətlərdə qat-qat geri qalmışıq.
…xalq ona görə getdi tankın altına ki
– Eldar Şirvanlı sual verir ki, salam Hürrü bəy, niyə 1988-1990-cı illərdə rus ordusunun tankının, topunun qarşısına əliyalın çıxan xalq bu gün meydanlara çıxmır. Bunun səbəbini nə ilə izah edə bilərsiniz?
– Eldar bəyə təşəkkür edirəm. Baxın, yenə gəlirik eyni mövzuya. Tank önünə gedən xalqımızı, igidlərimizi, vətən övladlarını ora gətirən liderlərimiz vardı, siyasət vardı. Maarifləndirmə, təbliğat və onun üzərində yürüdülən aktiv siyasi bir hərəkat var idi. Hərəkatın məram və məqsədi nə idi? İmperiyadan öz müstəqilliyini əldə etmək. Əbülfəz Elçibəyin müasir Azərbaycan tarixinə gətirdiyi 3 əsas məqsədindən birinə çatıldı. O məfkurə ilə Azərbaycan xalqı tankın altına getdi. Ona səbəb olan məfkurə var idi, ideya var idi, lider var idi – xalq ona görə getdi tankın altına. Ondan sonra Cənubi Azərbaycanın müstəqilliyi və Bütöv Azərbaycanın qurulması gəlirdi. Bu, Əbülfəz Elçibəyin fikir amalları idi. Bu da artıq milli-ideoloji məfkurəyə çevrildi, bunu artıq danmaq olmaz. Kimsə dana bilməz. Azərbaycan xalqının, Türkün köklü mübarizəsinin, köklü məfkurəsinin köklü milli-ideoloji sistemini müasir Azərbaycan tarixinə və siyasətinə gətirən Əbülfəz Elçibəydir. Yəni o zaman ilkin mərhələ keçildi, Azərbaycan müstəqil oldu. Onlar öz siyasətini durdurmadan davam elədi. İstər dövlət siyasətində, istər ondan sonrakı dövrlərdə – ta ki dünyasını dəyişənə qədər. Bu, tarixdir, reallıqdır, bunu mən nağıl danışmıram. Burada mütləq lazım idi ki, o hərəkat insanları Əbülfəz Elçibəyin daha çox ideoloji mirasına önəm verməli idilər.
– Deyirsiniz ki, önəm vermədilər?
– Vermədilər. Bu, açıqca ortadadır. Bizi qane etmir. Bugünkü Azərbaycanın vəziyyəti ilə qarşılaşdıranda, önəm verilmədiyi ortaya çıxır. Görün, Türk Dünyası haradadır, Türk Dünyası hansı məfkurədən danışır, biz nəyin davasını aparırıq. Biz nəyin savaşını aparırıq, heç özümüz də bilmirik. Bunu kim inkar edə bilər ki?
– Siz həmin o ideoloji mirasçılığa iddialısınız, eləmi?
– Nə mənada iddialıyıq. Burada bir tək Hürrü Əliyev vurğulanmasın, onlar da Əbülfəz Elçibəyin məktəbindən çıxan insanlardır, onlar öz bildikləri siyasətlə getdilər, bizlər də Əbülfəz Elçibəy ideallarının davamçıları olaraq bu gün “Bəyaz” hərəkatını ortaya qoymuşuq. Biz də bu idealları önə gətiririk. Milli-ideoloji sistemi bərpa etmək istəyirik. Kim nə deyir-desin, milli-ideoloji sistem çöküb. O dərəcədə çöküb ki, Qarabağ işğalda ola-ola bütün resursları ilə fars-rus imperialist gücləri Azərbaycanı təsir və təzyiqi altında saxlayır, üzr istəyirəm, erməni gədələri yenə üzərimizə gəlir, ağızlarına gələni danışırlar. Bu da ortada aktiv milli fəaliyyətin olmamasının nəticəsidir. Azərbaycan xalqı bu gün bu cür olmamalıdır. Bu gün meydanlar “Ya Qarabağ, ya ölüm!” deyə titrəməlidir. Qəribə düşüncə sahibləri ilə qarşı-qarşıyayıq. Ya olanları anlamırlar, ya da anlayır, amma bilərəkdən əhəmiyyət vermirlər. Böyük danışmayım, amma biz ən təhlükəli istiqamətə gedən bir fəaliyyət planı qoyuruq qarşımıza. Bizim hədəfimiz böyükdür və böyük güclərə qarşıdır. Böyük güclərin qarşısında böyük amallarla çıxış etməlisən. Bizim savaşımız böyük güclərlədir, öz xalqımıza, öz millətimizə, öz müxalifətimizə, öz iqtidarımıza qarşı deyil. Biz müxalifətə də, iqtidara da deyirik ki, Azərbaycanın da, xalqın da qurtuluşu bu yoldan keçir – bunu artıq istəyəcəksiniz-istəməyəcəksiniz, o başqa məsələ. Qurtuluş budur. Bir dönəm mütləq gələcək ki, Azərbaycan xalqı bu yöndə öz iradəsini mütləq qoyacaq ortaya. Bir məqam haqqında da demək istəyirəm. “Bəyaz” hərəkatının ortaya çıxmaq məsələsi haqda… Mən qardaşı oğlu olaraq, bizim digər bəylər və silahdaşlarımız da birlikdə bu məsələni borcumuz olaraq ortaya qoyuruq. Əbülfəz Elçibəyin və şəhidlərimizin ruhu qarşısında bu bizim vicdan borcumuzdur.
I hissənin sonu
Strateq.az
Paylaş: