Mariam Qriqoryan
1-in am (Ermənistan), 10.07.2018
Rusiya politoloqu, sosioloq və filosof, “Beynəlxalq Avrasiya hərəkatı”nın lideri Aleksandr Duqinin Ermənistan nəşrinə müsahibəsini Strateq.az-ın oxucularına təqdim edirik.
-Cənab Duqin, siz iyulun 1-də Bakıda “Azərbaycan – Rusiyanın Cənubi Qafqazda yeganə müttəfiqidir” adlı forum keçirmisiniz. Yəqin, bu forumla bağlı müzakirələrlə tanışsınız? Yeganə müttəfiq nə deməkdir, məgər Ermənistan Rusiyanın müttəfiqi deyil?
– Faktiki olaraq bu forum Cənubi Qafqazda yaranmış geopolitik gerçəkliklər kontekstində Bakının Rusiyaya yaxınlığını vurğulayıb. Ermənistanda yeni baş nazir Paşinyanın hakimiyyətə gəlişindən sonra (fikrimcə, rəngli inqilab nəticəsində gəlib) keçmiş rəhbərliklə əldə edilmiş anlaşmalar – Qarabağ ətrafındakı yeddi-beş rayonun Azərbaycana qaytarılması – Qarabağda sabitliyin təminatına açar idi, amma bu anlaşmalar ləğv olunub. Serj Sərksiyan uzun müddət bu danışıqları aparıb və bu, Rusiyanın Azərbaycanla münasibətlərini möhkəmləndirməyə imkan verərdi, amma Ermənistana qarşı deyil, bütün xalqların xeyrinədir. Bütün bunlar dayandırılıb və ləğv edilib. Rusiya Ermənistanın müttəfiqi olmaqla, əslində, müxtəlif strateji məsələlərdə Azərbaycana getdikcə daha çox yaxınlaşır. Paşinyann siyasəti bu sazişləri zərbə altında qoyub ki, bu da öz növbəsində durumun gərginləşməsinə səbəb ola bilər. Bu konfransı buna görə keçirmişik. Mənim fikrimcə, bu həm Ermənistanda, həm də hətta Rusiyada qeyri-adekvat reaksiya doğurub. Söhbət antierməniçilikdən getməyib. Bu konfransda ermənilərə və Ermənistana ünvanlanan heç bir tənqid olmayıb, söhbət əməkdaşlıqdan və yalnız Ermənistan hökumətinin qatıldığı sazişlərin yerinə yetirilməsindən gedib. Yeni hakimiyyət bu rayonların Azərbaycana dinc və qeyri-hərbi yollarla qaytarılmasını şübhə altına qoyub…
–Bağışalyın, amma bizə rəsmən məlum deyil ki, Serj Sərkisyan öz idarəçiliyinin sonunda beş rayonu verməyə hazırlaşırmış və habelə məlum deyil ki, yeni rəhbərlik bu vədi ləğv edib. Bu məlumat sizdə haradandır?
–Əlbəttə, bu mənim məlumatımdır, amma məsələ bunda deyil. Rusiyanın Azərbaycanla yaxınlaşması ölkəmizin suveren qərarıdır. Amma bu yaxınlaşma dinc olsun deyə buna Ermənistan da qatılmalıdır, bu yaxınlaşma Ermənistana qarşı deyil. Mən demək istəyirəm ki, bu konfransda antiermənistan heç nə yoxdur, hətta qiyabi də. Cənab Paşinyan Serj Sərkisyanın yolunu davam etdirsə, onda Bakı və Moskva arasında yaxınlaşma ancaq sürətlənəcək və inanın, bu, Ermənistana qarşı deyil. Rusiya sülh istəyir, bütün tərəflərin maraqlarını nəzərə almaqla tənzimləməyə getmək istəyir. Beş rayonun qaytarılması bütün tərəfləri qane edir, çünki bundan Ermənistanın da öz mənfəəti var. Siz təkcə bu rayonları vermirsiniz, həm də Azərbaycan prezidenti əvəzində həm iqtisadi əməkdaşlıq üçün güzəştlər təqdim etməyə, həm də Ermənistan-Türkiyə sərhədinin açılmasına şərait yaratmağa hazırdır. Ermənistan mühasirədən çıxacaq, düşmənlik yox olacaq. Mən Ermənistan tərəfinin bütün bunları necə şərh etdiyinə, sadəcə, mat qalmışam. Heç bir antiermənistan demarşı yoxdur, İnternet və mətbuatda gördüyüm zir-zibil məni məəttəl qoyub.
–Rusiya qeyd edir ki, münaqişənin ATƏT Minsk Qrupu formatında tənzimlənməsinə tərəfdardır, hazırda siz beş rayonun verilməsindən danışırsınız ki, bu da mahiyyətcə ayrı bir plandır. İndi bu sizin özəl fikrinizdir, yoxsa rəsmi dairələrin siqnalını ötürürsünüz? Məsələn, Moskvada qeyd ediblər ki, bu, rəsmi rəy deyil.
-Rusiyada bir rəsmi fikir var: bu, prezidentin rəyidir, qalan hamısı şərhdir. Mənim söylədiklərimi müdafiə edən adamlar var, öz fikri olanlar var. Ümumiyyətlə, Rusiyada müxtəlif qruplar, müxtəlif analitiklər var. Mən təkcə öz fikrimi deyil, həm də Yaxın Şərq, Türkiyə, İran, Cənubi Qafqazın problemərilə məşğul olan və professional, çox mühüm və nüfuzlu strateji qrupların fikrini ifadə edirəm. Amma adamlar var ki, rəğbəti, ya da mənfi önrəyçiliyi əsas götürürlər, mən rəğbəti əsas götürmürəm. Mən savaşa qarşıyam, həm də ancaq barış istəyirəm. Azdan-çoxdan məşhur hərbi ekspertlər, Dövlət Dumasının deputatları – o cümlədən “Vahid Rusiya”dan – jurnalistlər Bakıda mənimləydi, amma məsələ bunda deyil. Məsələ bundadır ki, obyektiv geopolitik gerçəkliklər var. Söhbət Rusiya və Ermənistan arasında münasibətlərin dəyişilməsindən getmir, söhbət bundadır ki, Cənubi Qafqazda Azərbaycanın Rusiya üçün rolu xeyli güclənib və bunu görməmək olmaz. Habelə Rusiya və Türkiyə arasında da münasibətlər dəyişilib ki, mən bunda iştirak etmişəm, Ermənistan isə indi olduqca konstruktiv yolla bu dəyişiklikləri diqqətə almalıdır. Strateji məsələlərdə Ermənistanın keçmiş rəhbərliyi ilə bəzi konstruktiv anlaşmalar əldə etmək mümkün olubsa, onda yeni rəhbərlik bu anlaşmalara əməl etməlidir, bu halda heç bir problem olmayacaq. Zaman keçdikcə Rusiyanın münasibət qurmağa, yeni təmaslar tapmağa cəhd etdiyi Gürcüstan da prosesə cəlb olunacaq. Düşünürəm ki, hazırda reaksiya şişirdilib, bu konfransa xeyli intellektual qatılıb, yeri gəlmişkən, orada Ermənistandan bir qadın, hüquq müdafiəçisi Süzan Caginyan var idi.
-Bu qadının daha Ermənistandan olmadığını bilmirsinizsə, o, Bakıya qaçıb və Ermənistanda satqın sayılır.
–Xəbərim yoxdur, duruma pis bələdəm, sadəcə, qeydə aldım ki, o, oradaydı – barışın gərəkdiyi, erməni anaların iztirablarından və s.-dən danışırdı… Mən indi tələsirəm, mümkündürsə, son sual.
-Siz qeyd edirsiniz ki, barış tərəfdarısnız, amma Azərbaycanın 2016-da hərbi yolla iğşal etdiyi Lələ təpəyə qalxırsınız. Səfərinizin məqsədini necə anlayaq?
-Birinci növbədə, yəqin, bilirsiniz, Rusiyanın fikrincə, təkcə bu beş rayon deyil, bütün Qarabağ Azərbaycanın ərazisidir, beynəlxalq hüquq belə təsbit edir. Və düşünürəm ki, ölkəmin Azərbaycan ərazisi saydığı əraziyə səfər etmək yetərincə adi məsələdir. İkincisi, bu, Lələ təpə yüksəkliyinə səfər idi, hərbi xarakter daşımırdı, əlimdə silah yox idi və hərbi əməliyyatda iştirak etmirdim. Anlamaq istəyirdim ki, proseslər necə inkişaf edir, nə qədər dağıdıcı, təhlükəlidir, gələcək hadisələr necə ola bilər. Demək istəyirəm ki, bu ərazini Azərbaycan ərazisi kimi tanıyırıq və Rusiya vətəndaşının bu rayon üzrə yer dəyişməsi tamamilə normaldır, onu Ermənistan ələ keçirməyib… buranın kimin əlindən kimin əlinə keçdiyini o qədər başa düşmədim, amma hüquqi baxımdan heç bir pozuntu etməmişəm. Mən və konfrans iştirakçıları heç bir antiermənistan bəyanatı verməmişik, bu, elmi konfrans idi. Mən Kürdüstan, İraq, Suriya, Türkiyə sərhədlərində olmuşam, qaynar nöqtələrə gedərək orada nə baş verdiyini araşdırıram. Bu mənim həyatımdır, baş verənləri öz gözlərimlə görməliyəm. İnsanların əzablarını görmədən danışmaq asandır, müharibə ilə şəxsən üzləşməyəndə hər şey asan görünür, amma siz hər şeyi yaxından görməlisiniz. Mənim orada iştirakımın son dərəcə yeri var, heç bir qanunu pozmamışam, mən niyə özümə bəraət qazandırmalıyam? Mən deyirəm ki, dinc yolun alternativi yoxdur, insanlar əziyyət çəkməməlidir, qarşılıqlı güzəştlər, qarşılıqlı öhdəliklər gərəkdir. Qan – böyük faciədir.
Tərcümə Strateq.az-ındır.
Paylaş: