Xəbər lenti

 

Ramazan SİRACOĞLU

Ərazisi beynəlxalq güclərin poliqonuna çevrilmiş Suriyanın müstəqillik yaşı cəmi 75 il olsa da, tarixi çox qədimdir. Əməvilər zamanında (661-750) xilafətin paytaxtı Suriyanın Dəməşq şəhəri olub. Sonralar burada hülakülər hökmranlıq edib. Suriya bir müddət teymurilərin də ərazisinə çevrilib, 1517-1920-ci illərdə Osmanlı imperiyasının tərkibinə qatılıb, 1920-1946-cı illərdə isə Fransanın işğalına məruz qalıb. Sovet dövlətinin tələbi ilə 1946-cı ildə fransız ordusu Suriyadan çıxıb və 17 aprel 1946-cı ildə Suriya öz müstəqilliyini elan edib. Suriya elə o vaxtan SSRİ-yə rəğbət bəsləmiş, bu münasibəti SSRİ-nin siyasi varisi Rusiya ilə indiyə qədər də davam etdirməkdədir.

Xatırladaq ki, SSRİ dağılanədək Suriyaya 26 milyard dollar həcmində hərbi silah və texnika satıb. Suriya hər zaman Sovet dövlətini və onun siyasi varisi Rusiyanı dəstəkləyən qərarlar qəbul edib.

Suriyanın Tərtus şəhərindən təqribən 15 km aralıda Sovet dövlətinin yaratdığı və indi Rusiyaya məxsus geniş hərbi baza mövcuddur və Aralıq dənizinin sahilində yerləşən bu hərbi baza Rusiya üçün son dərəcə önəmlidir. Rusiya 2005-ci ildə Suriyanın Sovet hökumətindən qalma 15 milyardlıq borcunun 10 milyardını silib. Suriya da bunun müqabilində minnətdarlıq əlaməti olaraq ancaq Rusiyadan silah-sursat almaqdadır.

Suriya 1970-ci ildən bu günə qədər bir ailənin hakimiyyəti altındadır. 1966-cı il hərbi çevrilişindən sonra ölkənin müdafiə naziri vəzifəsi tutmuş Hafiz Əsəd 12 noyabr 1970-ci ildə başqa bir hərbi çevrilişlə prezidənt vəsifəsini icra etməyə başlamış, 12 mart 1971-ci ildə isə yekdilliklə Suriyanın prezidenti seçilmiş, ölənədək, yəni, 10 iyun 2000-ci ilədək bu vəzifədə qalmışdır. Hafiz Əsədin vəfatından həmən sonra Suriya parlamenti ölkənin konstitusiyasında dəyişiklik etmiş, prezidentlik üçün yaş senzini 40 yaşdan 34 yaşa endirmiş, mərhum prezidentin oğlu, 1965-ci il təvəllüdlü Bəşar Əsədin iqtidara gedən yoluna yaşıl işıq yandırmışdır. Az sonra Bəşar Əsəd alternativsiz olaraq 97 faizlə prezident seçildi və 20 ildir bu vəzifəni davam etdirir. O, həmin nəticəni 2007-ci il seçkilərində də təkrarlamışdır.

Vətəndaş müharibəsi şəraitində keçirilən və müxalifətin boykot etdiyi 2014-cü il seçkisini Bəşar Əsəd 88,7 faiz səslə qazanmışdır. İxtisasca göz həkimi olan Bəşar Əsəd 1991-1994-cü illərdə Londonda internatura keçmiş və ordinaturada oxumuşdur. Bütün suriyalıların gələcək prezident kimi gördükləri, hətta Hafiz Əsədi böyük oğul Bəsilin şərəfinə Əbu Bəsil- “Bəsilin atası” adlandırdıqları Bəsilin müəmmalı şəkildə avtomobil qəzasında həlak olmasından sonra xəstə ata Hafiz Əsəd kiçik oğlunu dərhal Londondan geri çağırmışdır. Yeri gəlmişkən, Bəşar Əsədin ixtisasca kompüter texnoloqu və ədəbiyyatşünas olan xanımı Əsma Əsəd (1975) Böyük Britaniya vətəndaşıdır. 2014-cü ilə qədər Bəşar Əsəd haqqında, demək olar ki, susan Qərb dünyası seçkinin nəticələrini tanımadığını bildirdi. ABŞ başda olmaqla, Qərbin Bəşar Əsədə bu münasibəti 2011-ci ilin mart ayından hərbi toqquşmalar getdiyi Suriyada hadisləri daha da alovlandırmış, məhəlli konfliktlər tədricən genişlənərək beynəlxalq güclərin də iştirak etdiyi böyük meydan savaşına çevrilmişdir. İndi, sözün əsl mənasında, Suriya nəhənglərin mənafelərinin toqquşduğu məkandır.

Bu qarşıdurma təkcə Yaxın və Otra Şərq üçün deyil, bütövlükdə dünya üçün fəlakətlə nəticələnə biləcək müharibəyə çevrilə bilmək potensialının güncəlliyini qorumaqdadır. Koreyada, Vyetnamda və Əfqanıstanda qarşı-qarşıya gəlmiş dünyanın iki nəhəngi bu gün Suriyada təkrar üz-üzədir. BMT-nin Təhlükəsizlik Şurasının daimi üzvü olan Rusiya və onu müşayiət edən Çin hər dəfə ABŞ-ın Suriyada geniş miqyaslı hərbi əməliyyatlar aparmaq təklifinə qarşı çıxaraq veto haqlarını tətbiq edir. Boks termini ilə ifadə etsək, dəfələrlə nokdaun olmuş Suriya, heç cür nokaut vəziyyətinə düşmür. 

Bir tərəfdə hökumət qüvvələri (onları Rusiya və İran dəstəkləyir), digər tərəfdə isə 1963-cü ildən siyasi iqtidarda olan Bəəs Partiyasının yarıtmaz fəaliyyətindən cana yığılmış, rejimə qarşı silahlı mübarizəyə başlamış müxalif düşüncəli xalq (onları ABŞ və NATO dəstəkləyir) bir-biri ilə ölüm-dirim mücadiləsindədir. Rejim əleyhdarları 1962-ci ildən davam edən fövqəladə vəziyyətin ləğvini, hakimiyyətdə varislik prinsipinin aradan qaldırılmasını, ölkədə demokratik seçkilər keçirilməsini tələb edirlər.

2015-ci ilin sentyabr ayından Rusiya silahlı qüvvələrinə mənsub hərbi birləşmələr Suriyada Əsəd rejiminə hərbi yardım göstərir. Bütün dünya bilir ki, Rusiyanın dəstəyi olmasa Bəşar Əsəd müxaliflərlə əsla bacarmaz. Müxaliflərin təzyiqi ilə B.Əsəd bir çox güzəştlərə getmişdir. Məsələn, Suriyanın şimali-şərqində yaşayan kürdlərə pasportlar verilməyə başlanmış, ali təhsil müəssisələrində xanımların niqabla gəzməsi yasağı qaldırılmış, ölkədə 1962-ci ildən hökm sürən fövqəladə hal ləğv olunmuşdur. ABŞ və Avropa İttifaqı isə Bəşar Əsədin istefaya getməsində israrlıdır. Hətta B.Əsədin 1984-cü ildən hakimiyyətə gəlmək istəyən, buna görə də ölkədən sürgün edilmiş doğmaca əmisi Rüfət Əsəd də onun getməsini istəyir. NATO-ya bağlı qüvvələr zaman-zaman Əsəd qüvvələrinə dağıdıcı həmlələr həyata keçirirlər. Məsələn, 2018-ci ilin aprelində ABŞ, Böyük Britaniya və Fransa hərbi təyyarələri Əsədin mühüm hərbi bazalarına aviazərbələr endirmişdir.

1980-1988-ci illərdə baş vermiş İran-İraq müharibəsində Suriya birmənalı şəkildə İranın tərəfini saxlamış, ona çox sayda maddi-hərbi yardım göstərmişdir. Suriyada müxalif qüvvələr Bəşar Əsədə qarşı çıxandan bəri İran da öz hərbi müttəfiqinə hərtərəfli kömək etməkdədir. İran, eyni zamanda, mütəmadi olaraq Suriya ərazisindən faydalanaraq Livanda fəaliyyət göstərən “Hizbullah” hərbi birləşmələrinə də dəstək verir. Londonda çıxan “Qardian” qəzetinin iddiasına görə, rəsmi Tehran Suriyada Əsəd əleyhdarlarının anti-hökumət çıxışlarını dağıtmaq üçün oraya əlavə canlı qüvvələr göndərmişdir. (Bax: https://www.theguardian.com/world/2011/may/08/iran... Böyük Britaniyaya məxsus “Deyli Teleqraf” isə bildirir ki, Suriyada müxalifləri zərərsizləşdirmək üçün İrandan xüsusi sneyperlər qrupu gətirilmişdir. Qərb mətbuatında ara-sıra Suriyada fəaliyyət göstərən, yaralanan, həlak olan yüksək rütbəli iranlı zabitlər haqqında yazılara rast gəlmək.

Türkiyə ilə Suriya 911 km-lik ərazidə bir-biri ilə qonşudur. 1998-2011-ci illər arasındakı dövrü nəzərə almasaq, bu iki qonşu dövlətin münasibəti daim gərgin olmuşdur. Suriya həmişə Türkiyəyə qarşı ərazi iddiası ilə çıxış etmiş, Türkiyənin cənub-şərqində bölücülük fəaliyyəti göstərən silahlı terrorçu birliklərə rahat şəkildə Suriyada sığınmağa imkan yaratmışdır. Rəsmi statistikaya görə, Suriya əhalisinin 7 faizi Bayat, Əfşar, Bəydilli, Düyər, Qınıq və Bayındır boylarına mənsub türkdür. Ərəblər onları türkmən adlandırır. 2018-ci ilin yanvarında Türkiyə Silahlı Qüvvələri mənsublarının gerçəkləşdirdikləri uğurlu “Zeytun budağı” əməliyyatı hamıya məlumdur. ABŞ Türkiyəyə təzyiq göstərmək üçün Suriya və İraq ərazilərindəki illeqal hərbi birləşmələrdən hər zaman istifadə edir. Türkiyə buna qarşı dəfələrlə ABŞ-a öz narazılığını bildirsə də, amerikanlar ancaq boş vədlər verirdilər.

Suriyadakı YPG və PYD yetkililəri sözdə müstəqillik uğrunda mübarizə aparmadıqlarını bəyan etsələr də, onların əsl məqsədlərinin PKK-nın İraqın şimalı, Suriyanın şimali-şərqi, İranın şimali-qərbi və Türkiyənin şərqi ilə cənubi-şərqindəki ərazilərdə müstəqil dövlət yatamaq uğrunda başlatdığı hərəkata dəstək olduğu aşkar şəkildə özünü büruzə verir.

2003-cü ildən Türkiyəyə qarşı aktiv fəaliyyətə başlayan YPG və PYD istər Avropadan, istərsə də Amerikadan artıqlaması ilə istənilən yardımı almaqdadır. Pentaqon 2015-2016-cı illərdə İŞİD-i (İraq-Şam İslam Dövləti yaratmaq üçün mücadilə aparan silahlı ərəb millətçilər) neytrallaşdırmaq və zərərsizləşdirmək üçün YPG-yə hərbi və maliyə yardımını daha da artırmağa başlamışdı. Avropalı təəssübkeşlər də bu məsələdə maddi və mənəvi dəstəklərini heç əsirgəmirdilər. İŞİD mifi ortadan yox olduqdan sonra YPG bölgədə nüfuz sahibinə çevrilməyə başladı, müxtəlif yollarla Türkiyə ərazisinə keçərək fərdi və kiçik mobil qruplar halında fərqli yaşayış məntəqələrində təxribatçı fəaliyyətlə məşğul olanların sayı artdıqca, türk rəsmiləri bu barədə ABŞ başda olmaqla, NATO üzvlərinə ciddi iradlarını bildirsələr də, hər dəfəsində “narahatlığa əsas yoxdur”, “hər şey nəzarətimizdədir” tipli cavablar verilirdi.

2016-cı ilin 12 avqustunda bilavasitə Pentaqonun dəstəyi ilə Fəratın qərb sahilində yerləşən Menbici ələ keçirən YPG, oradan Türkiyənin Reyhanlı-Kilis yaşayış məntəqələrində sürəkli iğtişaşlar törətməyə davam edirdi.

Səbr kasası daşan rəsmi Ankaranın “bir gece ansızın gelebiliriz” xəbərdarlığını da Pentaqon ciddiyə almayanda MEHMETCİKLER ildırım sürətilə əməliyyata başladılar. PKK-nın (Partiyai Kargərəni Kurdistan – Kürdüstan İşçi Partiyası) silahlı dəstəkçisi olan YPG (Yekineyen Parastina Gel – Xalq Qoruma Birlikləri) və PYD (Partiya Yekitiya Demokrat – Demokratik Birlik Partiyası) adlanan hərbi-siyasi təşkilatın nəzarəti altında olan Suriyaya məxsus şimal sərhədlərinin xeyli hissəsini terrorçulardan təmizləyib, orada bufer zolağı yaratdılar. ABŞ, cavabında Türkiyəyə sanksiyalar tətbiq etsə də, Türkiyə öz qətiyyətindən əsla dönmədi. Maraqlıdır ki, Rusiya bu zaman susqunluq nümayiş etdirdi. Susmaq isə çox vaxt razılıq əlaməti olaraq dəyərləndirilir.

2020-ci ilin yanvar ayının 7-də cənab Putinin Suriyaya qısa müddətli səfər zamanı rus əsgərlərinə “siz burada təkcə Suriyanı deyil, həm öz ev-eşiyinizi, həm də bizə yaxın olan dövlətləri qoruyursunuz” söyləməsi Rusiya dövlətinin Suriya məsələsinə çox əhəmiyyət verməsini göstərir.

ABŞ Prezidenti D.Tramp ilə Rusiya Prezidenti V.Putinin Suriyanın rəhbəri B.Əsədə münasibətlərində fərqli mövqelər var. Cənab Tramp yazdığı bir tvitdə Əsədi “heyvan” adlandırmış, “Foks biznes netvork” teleaparıcısına verdiyi müsahibədə isə “Putin gerçəkdən də xəbis adamı dəstəkləyir - Putin is backing a person that's truly evil"- deyə təəssüflənir.

Başqa bir jurnalist müsahibə zamanı Bəşar Əsədə “cənab Trampın Sizə heyvan söyləməsinə münasibətiniz nədir?”, deyə sual etdikdə Əsəd cavabında “o özünü çox şəffaf şəkildə ifadə etmişdir - He expresses himself in a very transparent way” - söyləmişdir. Hərbi qarşıdurmanın dünya çapında geniş muharibəylə nəticələnməsi təhlükəsi nə qədər real olsa da, bələ bir müharibənin baş verməyəcəyi ehtimalı bu reallıqdan daha güclüdür. Biz bu xüsusda Rusiya dövlət başçısının sözlərini xatırlatmaq istərdik. Cənab V.Putinin düşüncəsinə görə, “qarşılıqlı məhvolma qorxusu həmişə beynəlxalq təmas iştirakçılarını və hərbi qüdrətli aparıcı ölkələri kəskin hərəkətlərdən çəkindirmiş və bir-birinə sayqılı olmağa vadar etmişdir.” Əminliklə söyləmək olar ki, Suriyada mənafeləri toqquşan dünya nəhəngləri ən kritik təmas anında geri çəkilməyi və beləliklə dünya müharibəsinin eşiyindən dönməyi bacardılar. Prezident Putin Dəməşq küçələrindən keçərkən yol boyu asılmış transparatdakı “İdlibdən çəkilirlər, dünya müharibəsini seçmədilər-تتراجعو عن ادلب ولا حرب عالمية اختارو” – yazısı çox şeydən xəbər verir.

Bizim düşüncəmizə görə, yenı dünya müharibəsi olmayacaqsa da, hərbi əməliyyatları biznes və fantastik gəlir mənbəyi kimi görənlərin sayəsində məhəlli muharibələr daim baş verəcəkdir. Hətta müharibələri təqdir edən fəlsəfi yanaşmalar da mövcuddur. Məsələn, məşhur demoqraf alim T. Maltus (1766-1834) 1798-ci ildə nəşr etdirdiyi “Əhali artımı prinsipi üzərində esse- Essay on the principle of population”- əsərində iddia edirdi ki, “əhalinin həndəsi, məhsulun isə ədədi silsilə ilə artması nəticəsində ümumdünya səviyyəsində aclıq yaranmaması üçün muharibələr olmalıdır”. Yeni kütləvi qırğın silahlarını sınaqdan çıxarmaq üçün, hərbi sənaye maqnatlarının fabrik və zavodlarının məhsullarını satmaq üçün, fantastik miqdarda preparatların, dava-dərmanların bazara çıxarılması üçün, saysız dərəcədə hərbi-tibbi personalın işlə təmin edilməsi məqsədilə, etnik qrupları daim nəzarətdə saxlamaq naminə, insanların daha yüksək ideallar barədə düşünmələrini əngəlləmək, onları “bu günümüzə də şükür” düşüncəsiylə yaşamağa vadar etmək v.s niyyətlər üçün lokal savaşlar daim törədiləcəkdir. Yazılı tarixdə bu acı həqiqəti isbatlayan yüzlərlə sübutlar var. 

Saxta qürur və eqoistlik hissi, özündən müştəbehlik ədası, hakimiyyət hərisliyi yetərincə yaxşı təhsil almış, oftolmoloq kimi nəcib peşə sahibi, ingilis və fransız dillərini mükəmməl bilən, üç övlad atası, əsilzadə xanımla ailə qurmuş Bəşar Əsədə üzüsulu şəkildə istefa verməyə mane olmasaydı, Suriya da indi, məcazi mənada, atlantların meydanına dönməzdi, əhalisi didərgin, səfil, başqalarının ianəsinə möhtac milyonlar ordusuna çevrilməzdi, bu qədər insanın ah-naləsini, nifrinlərini, bəddualarını qazanmazdı. Qurani-kərimin 104-cü surəsinin 1-3-cü ayələrindəki - يَحْسَبُ اَنَّ مَالَهُٓ اَخْلَدَهُۚ اَلَّذ۪ي جَمَعَ مَالًا وَعَدَّدَهُۙ وَيْلٌ لِكُلِّ هُمَزَةٍ لُمَزَةٍۙ - ALLAH hökmü hamıya aiddir: “Adamları ələ salanların, yığdıqları sərvəti sayanların və var-dövlətlərinin onları əbədiləşdirəcəyini düşünənlərin vay halına”.




Ana səhifəyə qayıt        Baxış: 2 294          Tarix: 28-01-2020, 13:26      

Xəbəri paylaş


Paylaş:   

Prizma