Xəbər lenti

 
 
ABŞ Dövlət Departamentinin sədri Antoni Blinkenin 2 həftəlik Uzaq Şərq və Avropa turu dünən başa çatıb. Dövlət katibi səfər çərçivəsində Cənubi Koreya, Yaponiya ilə yanaşı, Avropa İttifaqının mərkəzi sayılan Brüsseldə önəmli görüşlər keçirib. Məhz bu görüşlərin nəticəsində Avropa İttifaqı Rusiyanın SWIFT sistemindən çıxarılması və “Şimal axını-2” layihəsini dayandırmaq barədə qərar verib. Qərar tövsiyyə xarakterli olsa da, bu istiqamətdə atılmış mühüm addım sayılır. Blinkenin Brüssel görüşlərində Türkiyə və Almaniya ilə   bağlı müzakirələri də asan keçməyib. Diqqət çəkən ən maraqlı xüsus Almaniyanın Rusiya ilə, Fransanın Çinlə münasibətlərini davam etdirməsinin transatlantik münasibətlərə aidiyyəti olmamasını bildirməsidir. Türkiyə isə Rusiyadan müdafiə silahları almaqla Vaşinqtonun təpkisini öz üzərinə çəkir. Təbii ki, ABŞ-ın “sözəbaxmayan” müttəfiqlərini hizaya gətirmək üçün öz metodları var – Sanksiyalar. ABŞ dövlət katibi səfərin sonuncu günü “Evronews” media qurumuna verdiyi müsahibəsində də bunu gizlətməyıb.
 
Müsahibəni Ovqat.com-un tərcüməsində oxucularımızın diqqətinə çatdırırıq.
 
-Dövlət katibi Blinken, “Qlobal müzakirələr”də qonağımız olduğunuza görə çox sağ olun. Brüsselə xoş gəlmisiniz. Sizin Avropa İttifaqının müəssisələrində və NATO-nun mənzil-qərargahında görməyimiz bizdə belə bir təəssürat yaratdı ki, sanki “bal ayı”na çıxıbsınız. Siz bir neçə gərgin ilin ardından fikirlərinizi müttəfiqlərinizə çatdıra bildinizmi?
 
-Bildiyiniz kimi, biz bir əsas məqsədilə burada olmaq istəyirdik. Bu, bizim əsl müttəfiqlərimizə, NATO-ya, ortaq alyansımıza və Avropa İttifaqı ilə tərəfdaşlığımıza sadiqliyimizi təsdiqləmək üçün idi. Bu, vermək istədiyimiz ən əhəmiyyətli mesajdı. Bu ikihəftəlik səyahətin bir hissəsidir. Görüşlərimizi Yaponiyada və Koreyada davam etdirdik, daha sonra yenidən buraya gəldik. Bütün bunlar Amerikanın alyanslara və tərəfdaşlıqlarına sadiqliyinə geri qayıtdığını göstərmək üçün idi. Və müttəfiqlərimiz də bizi çox yaxşı qəbul etdilər.


 
-Amerika özünə qayıtdı - ikihəftəlik səfəriniz boyunca bizdə yaratdığınız təəssürat belə oldu. Çin də sizin son səfərlərinizdə ən çox diqqət etdiyiniz mövzulardan biri idi. Bu nədənlə təyyarəniz Brüsselə endiyi zaman, sanıram, bundan məmnun idiniz. Siz Avropa İttifaqı tərəfindən tətbiq edilən kifayət qədər yumşaq sanksiyalara Çinin necə reaksiya verdiyini gördünüz. Çünki bu sanksiya qərarı Avropa İttifaqını Çinlə münasibətlərdə ABŞ-ın mövqeyinə yaxınlaşdırdı. Təbii ki, bununla birlikdə Fransa prezidenti Emmanuel Makronun Çinə qarşı müttəfiqliyin ABŞ və Aİ-nin maraqlarına uyğun olmadığını söylədiyini də gördük. Amma yenə də, bu birgə qərarlar transatlantik münasibətlər üçün yeni çıxış nöqtəsi ola bilərmi?
 
 
-Əslində, söhbət Çinə qarşı cəbhə yaratmaqdan getmir. Bu, Çini təzyiq altında saxlamaq və ya ona nəzarət etmək də deyil. Söhbət bizim bölüşdüyümüz maraq və dəyərlər üçün birgə mövqe sərgiləməkdən gedir. Onlardan biri də bizim uzun illər ərzində qorumağa çalışdığımız qaydalar əsasında beynəlxalq sistem uğrunda birlik nümayiş etdirməkdir.
 
Biz göstərdik ki, ölkələrin birlikdə işləyə və əlaqələrini effektiv şəkildə idarə edə bilməsinin təminatı üçün ən yaxşı yol ümumi qaydalar və öhdəliklər bütününü imzalamaqdır.
 
Məqsədimiz də əmin olmaqdır ki, biz bu asayişi dəstəkləyirik. Ona görə də əgər Çin və ya hər hansı bir ölkə onu sarsıdan hərəkətlər etsə, əgər o, qaydalara uyğun davranmazsa, bizim ayağa qalxıb ona nə etməli olduğunu göstərmək məsuliyyətimiz var. Və biz bunu həmrəylik içində bərabər həyata keçirəndə daha səmərəli nəticələr əldə edə bilirik.


 
-Brüsseldə çox gərgin müzakirələr getdiyi zaman Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Pekində idi və sanki bununla həmin iki dövlət Avropa İttifaqı və ABŞ ilə bağlı ümumi mövqe ortaya qoyurdular. Qərbdə, Baltikyanı ölkələrdə Rusiya qoşunlarının hələ də qalması barədə fikirləriniz necədir? Bu məsələylə bağlı nə etməyi düşünürsünüz?
 
-Bu, NATO-da bu həftə müzakirə etdiyimiz ən əhəmiyyətli mövzu idi. Hesab edirəm ki, Rusiyanın bəzi təcavüzkar hərəkətləri ilə bağlı dərindən ümumi narahatlıq var. Biz də ABŞ-da “Solarvinds” (Solarwinds) kiberhücumuna məruz qaldıq. Bizim də seçkilərimizə müdaxilə edildi. Əfqanıstanda bizim Qüvvələrimiz bəzi məhdudiyyətlərlə üzləşdilər. Əlbəttə, Rusiyanın Ukraynanın şərqində davam edən təcavüzü də mühüm problemlərdən biridir. Biz Aleksey Navalninin kimyəvi silahla zəhərlənməsi və öldürülməyə cəhd edilməsini də gördük. Bütün bunlar və inkişaf etməkdə olan yeni silah sistemləri təkcə bizim deyil, həm də müttəfiqlərimizin və tərəfdaşlarımızın məsələsidir. Düşünürəm ki, Rusiyanın yaratdığı problemlə bağlı bizim birgə sərgiləyəcəyimiz ortaq mövqe və öhdəliklərimiz var.
 
Zənnimcə, biz hamımız vəziyyəti çox aydın görürük. Biz problemlərin fərqindəyik. Biz, həmçinin etiraf edirik ki, qarşılıqlı maraqlarımıza naminə əks tərəflə hələ də birlikdə işləyə biləcəyimiz sahələr var. Məsələn, ABŞ Rusiya ilə "Yeni START" razılaşmasını beş il müddətinə uzatdı.
 
Digər sahələr də var ki, orada biz strateji sabitlik və silah nəzarəti üzərində birgə işləmək yollarını tapa bilərik. Lakin bu sahələr Rusiyanın təcavüzkar hərəkət edəcəyi təqdirdə müttəfiqlərimiz və tərəfdaşlarımızla birlikdə ona qarşı qətiyyətlə çıxış etməyimizə mane olmayacaq.
 
-Əminəm ki, bu həftə keçirdiyiniz ən həyəcanlı görüş sizin Türkiyə müttəfiqiniz ilə idi. Türkiyə, əlbəttə ki, NATO-nun çox vacib üzvüdür, amma Rusiyadan müdafiə silahları alır. Bu açıq-aydın ittifaq destabiliziyası deyilmi?
 
-Sirr deyil ki, bizim bu məsələ ilə bağlı Türkiyə ilə real fikir ayrılığımız vardır. Türkiyəli həmkarımla görüşəndə mən bunu ona birbaşa dedim. Bunu başqa müttəfiqlər də deyiblər. Həmçinin o da doğrudur ki, Türkiyə Suriya ilə və terrorizmə qarşı mübarizə də daxil olmaqla, çox mühüm məqsədlər üçün bizimlə işləyir və bizim çoxdandır ki, əməkdaşlıq etdiyimiz sahələr var. Ona görə də biz fikir ayrılıqlarımıza məhəl qoymadan Türkiyə ilə sıx əlaqələrimizi və birgə işləməyimizi davam etdirməkdə maraqlıyıq. 


 
Ona görə də biz onlarla birbaşa əlaqə saxlayırıq. Bizim çox açıq, aydın və müsbət dialoqlarımız var. Ümid edirəm ki, Türkiyə alyans üçün problem kimi görünən məsələlərin həllində bəzi addımlar atacaq".
 
-Sizcə, Türklər sizi eşidirlərmi? Şərqi Aralıq dənizində qeyri-sabit vəziyyət yaranıb. Bu da böyük narahatlıq doğurur. Bunu həqiqətən, təkbaşına çözmək istədiyinizi düşünmürəm. Siz də istəyərsiniz ki, avropalılar da bu məsələ ilə maraqlansınlar. Bu mövzuda müttəfiqlərinizə mesajınız nə olardı?
 
-Əslində, Şərqi Aralıq dənizində gərginliyin azalmağa başladığını görürük. Düşünürəm ki, NATO mübahisənin həllində çox yaxından rol oynayır. O, mübahisəli regionda da tərəflərin təxribat xarakterli addımlar atmamasına çalışır. MəsələnTürkiyə artıq öz tədqiqat gəmilərini digərlərinin də iddia etdiyi sulara və ragionlara daxil etmir.
 
Biz bu fərqlərin beynəlxalq hüquqa uyğun sülh yolu ilə həllini istəyirik. Eyni zamanda resurslar üzərində yaranan problemlər əslində ölkələrin birləşməsinin açarı olmalıdır. Resurslardan birgə istifadə, birgə investisiyalar, birgə iş faktiki olaraq ölkələri birləşdirən dəyər ola bilər. Biz ümid edirik ki, bu baş verəcək".
 
-Cənab dövlət katibi, mənim "Şimal axını-2" layihəsi barədə də sualım var. Sizin bu layihənin Ukraynanı məhv edəcəyini və avropalıların bunu dayandırmasının vacib olduğunu söyləməyiniz Almaniyada böyük təpkilərə yol açdı. Ancaq boru kəmərinin inşasının 95 faizi artıq başa çatıb. Bu məsələyə münasibətiniz necədir və kompromisə açıqsınızmı?
 
 
-İlk növbədə onu vurğulamaq vacibdir ki, Almaniya bütün dünyada ən yaxın müttəfiq və tərəfdaşlarımızdan biridir. Hər gün biz birlikdə və bir çox məsələlər üzrə ən yaxın tərəfdaşlar kimi işləyirik, hansı ki, bunlar vətəndaşlarımızın həyatına dərindən təsir edir. “Şimal axını-2” ilə bağlı konkret mübahisəmizin olması ümumi tərəfdaşlığa və münasibətlərə təsir göstərməyəcək.


 
Ancaq bizim buna münasibətimiz əvvəldən çox aydındır. Prezident Bayden çox aydın bildirib ki, “Şimal axını”nı Avropa üçün pis ideya və sövdələşmə hesab edir. Bizim fikrimizcə, boru kəməri İttifaqın enerji təhlükəsizliyi və enerji müstəqilliyi baxımından Aİ-nin əsas prinsiplərini pozur. Hesab edirəm ki, bu, Ukrayna, Polşa və önəmsədiyimiz digər ölkələr üçün bir çağırışdır. Ona görə də dostum Hayko Maasaya bunu açıq və aydın deməyi özüm üçün çox vacib bildim ki, sonra hər hansı anlaşılmazlıq olmasın. Məsələ ondadır ki, ABŞ-da bizim elə qanunlarımız var ki, boru kəmərinin tikintisinə maliyyə yardımı göstərən şirkətlərə sanksiyaların tətbiqini nəzərdə tutur. Ona görə də mən əmin olmaq istəyirdim ki, tərəfdaşlarımız bu məsələ ilə bağlı mövqeyimizi və bizim bundan sonra nə edəcəyimizi başa düşsün.
 
Tərcümə etdi: Heydər Oğuz
Ovqat.com
 
 


Ana səhifəyə qayıt        Baxış: 6 725          Tarix: 6-05-2021, 07:46      

Xəbəri paylaş


Paylaş:   

Prizma