Xəbər lenti


İzvestiya, Rusiya
01.06.2021


Müəllif: Elnar Baynazarov
Rəsmi Bakı Qarabağ ermənilərinin üçtərəfli razılaşmaya əsasən Azərbaycanın nəzarətinə keçmiş ərazilərdə qalmış evlərinə qayıtmaq ehtimalını istisna etmir. Bunu “İzvestiya”ya müsahibəsində Azərbaycanın Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev bildirib. Onun sözlərinə görə, burada söhbət ərazilərin verilməsindən getmir.
Rövşən Rzayev bildirib ki, Bakının nəzarətinə keçmiş rayonların minalardan təmizlənməsi prosesi təxminən 5-10 il çəkəcək. Hazırda ilk növbədə cənub ərazilər təmizlənir. Bu torpaqları 1992-1993-cü illərdə tərk etmiş 750 mindən çox azərbaycanlının 70%-ə yaxını öz torpaqlarına qayıtmaq istəyir.

İlk iş minaların təmizlənməsidir
- Azərbaycanın nəzarətinə keçmiş rayonlara nə qədər adam qayıtmaq niyyətini bildirib?
- İnsanların əksəriyyəti öz doğma torpaqlarına qayıdacaq. Düşünürəm ki, 750 min məcburi köçkünün 60-70%-i bunu istəyir. Məcburi köçkünlərlə işədiyimiz bütün bu dövr ərzində biz onların öz doğma torpaqlarına qayıtmağa can atdıqlarını görürdük. Məsələn, mənim fikrimcə, Şuşaya əhalinin 101%-i qayıdacaq (gülür). Azərbaycan xalqı Şuşanın qaytarılmasını o qədər gözləyib ki, oraya qayıtmaq istəyənlərin sayı-hesabı yoxdur.

Mövcud qanunvericiliyimizə görə, dövlət məcburi köçkünlərin öz yurdlarına qayıtmasına şərait yaratmalı, onların orada layiqli həyatını təmin etməlidir. Bunu dedikdə biz onların öz həyatlarını yenidən qurması, övladlarının gələcəyini təmin etməsi üçün yaxşı mənzil-məişət şəraiti və iş yerlərinin yaradılmasını nəzərdə tuturuq.

Bilirik ki, müharibədən sonra bu ərazilər minalanıb. Demək, əvvəlcə minalı sahələr təmizlənməlidir. İkincisi, burada yenidən infrastruktur yaratmaq, yəni rayonlara qaz, işıq, su çəkmək, yol salmaq lazımdır. Bundan başqa, müasir şəhər və kəndlər salınmalıdır. Bunlar hamısı başa çatdıqdan sonra köçürülməyə başlamaq olacaq.

Biz paralel olaraq məcburi köçkünlərlə də işləyirik. Onların siyahılarına yenidən baxılır, hansı ailənin nə qədər böyüdüyü, nə işlə məşğul olduğu, rayonlara qayıtdıdan sonra nə ilə məşğul olmaq istədiyi dəqiqləşdirilir. Bundan başqa, insanların 30 ilə yaxın sürən köçkünlük dövründə hansı vərdişlərə sahib olduqlarını, hansı təhsil aldıqlarını öyrənirik.
- Onların hamısın işə necə təmin etmək olar? Həmin rayonlarda hansı istehsalat sahələri qurulacaq?
- Azad edilmiş ərazilərin inkişafı strategiyası həmin rayonların ərazisində 1989-1994-cü illərdəki müharibədən əvvəl mövcud olmuş istehsalat sahələrinin bərpasını, həmçinin ekologiya və kənd təsərrüfatı yönümlü “ağıllı kənd”lərin salınmasını nəzərdə tutur.

- Ərazilərin bərpasına xarici kapital cəlb etmək planlaşdırılırmı?
- Bildiyim qədər, Azərbaycan bu ərazilərin bərpasını öz vəsaitləri hesabına, xarici investorları cəlb etmədən həyata keçirəcək.
- Buna nə qədər vaxt gedəcək? 5 il, 10 il?
- Bilirsiniz, 10 il ərzində məcburi köçkünlər birmənalı olaraq doğma kəndlərinə, şəhərlərinə qayıdacaqlar. Lakin bu müddət ərzində bizim nə qədər iş görə biləcəyimizi zaman göstərəcək. Hələlik demək olmaz ki, məsələn, 1 ilə 10 min ev tikəcəyik.
Ermənistan mina sahələrinin xəritələrini bizə vermək istəmir. Bərpa işlərinə daha tez başlanılması, bu işlərin daha ucuz başa gəlməsi üçün isə bu, vacibdir. Əsas maneə də elə budur. Təəssüf ki, bu ərazilərdə dəfələrlə insanlar ailəliklə minaya düşərək həlak olub. Bu, böyük faciədir. Üstəlik, bu faciə davam edir.

Döyüş əməliyyatlarının başa çatmasından sonra mina sahələrinin xəritələrinin verilməməsi beynəlxalq hüquq normalarının pozulmasıdır. İkincisi, Ermənistanın bu davranışı xalqlar arasında etimad mühitinin yaradılması, uzunmüddətli sülhün bərqərar edilməsi üçün vacib element olardı.
- Bəs xəritələr olmadan minaların təmizlənməsi nə qədər vaxt aparacaq?
- Bu asan məsələ deyil. Mütəxəssislərin dediklərinə görə, buna 5 ildən 10 ilədək vaxt gedəcək.
- İlk növbədə hansı rayonlar minalardan təmizlənəcək?
- İlk növbədə Ağdam, Cəbrayıl və Füzuli rayonları təmizlənir.
Alternativ – əbədi müharibə
- Füzuli və Cəbrayıldan fərqli olaraq, Hadrutda son müharibəyədək 2 minədək erməni yaşayırdı. Onlar artıq dəfələrlə bildiriblər ki, hazırda Azərbaycanın nəzarəti altına düşmüş doğma evlərinə qayıdacaqlarına ümid edirlər. Bunu mümkün sayırsınızmı? Bakı onları Hadruta qaytarmağa hazırdırmı?
- Siz yəqin bilirsiniz ki, eyni şəkildə azərbaycanlılar da Xankəndidə, Xocalıda və Ağdərədə yaşayıblar. Onlar oradan etnik təmizləmə nəticəsində qovulublar. Bu gün orada yalnız ermənilər yaşayır. Ötən il əldə olunmuş üçtərəfli razılaşma bütün köçkünlərin münaqişəyə qədər yaşadığı yerlərə qaytarılmasını nəzərdə tutur. Düşünürəm ki, gələcəkdə, ehtiraslar yatdıqdan sonra bu qayıdışın da formasına baxılacaq.
Yəni bu variant istisna olunmur?
- Biz keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin erməni əhalisinin Azərbaycan ərazisində inteqrasiyasına hazır oduğumuzu dəfələrlə ən yüksək səviyyədə təsdiqləmişik. Lakin hansısa ərazidə yaşamaq hüququ həmin ərazinin qoparılması hüququ demək deyil. Buna görə sualınızın cavabı budur – bəli, onlar Azərbaycanda müharibədən əvvəl yaşadıqları kimi, ölkəmizin vətəndaşları olaraq yaşaya bilərlər. Necə ki, dünyanın digər ölkələrində – Rusiyada, Fransada, Amerikada yaşayırlar. Lakin, tutaq ki, Marseldə yüz min erməni yaşayırsa, bu o demək deyil ki, Paris Marseldə daha bir erməni dövləti yaratmalıdır.

Azərbaycanda 50-dən çox millətin nümayəndəsi yaşayır və onların heç bir problemi yoxdur. Bəzən onlar hətta tarixi vətənlərində olduğundan da yaxşı yaşayır. İnanıram ki, ermənilər də Azərbaycanda belə yaşaya bilərlər, necə ki, indiyədək yaşayıblar. Üstəlik, indi yaşadıqlarından daha yaxşı. Ölkəmizdəki digər millətlər və milli azlıqlara yaradılan şərait onlar üçün də yaradılacaq.
Erməni əhali qayıdarsazorakııqla qarşılaşmayacağına zəmanət varmı?
- Azərbaycanda yaşayan bütün insanlara təhlükəsizlik təminatını dövlət, onun Konstitusiyası və qanunları verir. Bütün bunarın qarantı isə ölkəmizin prezidenti İlham Əliyevdir. Yeri gəlmişkən, rusiyalı jurnalistlərin hesablamalarına görə, hətta müharibənin ən gərgin vaxtlarında belə, prezident ermənilərlə azərbaycanlıların dinc birgəyaşayışının mümkünlüyünü 20 dəfədən çox qeyd edib.
Mən də inanıram ki, ermənilərlə azərbaycanlılar bir yerdə yaşaya biləcəklər. Bu, birmənalıdır. Lakin bunun üçün zaman və birgəyaşayış üçün çətin yol qət etmək lazımdır. Nə Ermənistan, nə Azərbaycan buradan min kilometrlərlə uzağa köçəndir. Odur ki, biz birlikdə yaşamağı öyrənməliyik. Bunun alternativi əbədi müharibədir. Demək, xalqarın marağından çıxış etsək, birgəyaşayışın alternativi yoxdur.

(Rus dilindən tərcümə - WorldMedia.Az)
Mənbə: İzvestiya


Ana səhifəyə qayıt        Baxış: 5 404          Tarix: 1-06-2021, 13:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma