Xəbər lenti



Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyevin “Xalq cəbhəsi” qəzetinə müsahibəsi

- Qüdrət bəy, bir neçə həssas məsələyə münasibət bildirmənizi istərdik. Bəzi adamlar iddia edirlər ki, Xankəndinə girə bilmədiyimiz halda niyə Zəngəzurdan danışırıq, Ermənistanla sərhəddə gərginlik yaradırıq və s. Bu kimi fikirlərin nə qədər əsası var?

- Əvvəla gərginliyi biz yox, Ermənistan yaradır. Dəfələrlə onları sərhədlərin delimitasiya və demarkasiya olunması üçün danışıqlara başlamağa çağırmışıq, amma onlar bundan imtina edir, 10 noyabr 2020-ci il sazişinin yerinə yetirilməsindən yayınır, həmin sazişi öz istədikləri kimi şərh edirlər. Zəngəzur üzərindən Naxçıvanla kommunikasiya xətlərinin açılması da müqavilənin şərtlərindən biridir. Həmin adamların məntiqi ilə məsələyə yanaşsaq, gərək heç nə etməyək. Dediyiniz adamlar sığındıqları ermənipərəst dairələrin sifarişi ilə danışırlar. Ermənistana təzyiq etməsək, onlar mövcud vəziyyəti qoruyub saxlamağa çalışacaqlar. Necə ki işğal etdikləri torpaqları öz nəzarətlərində saxlamaq istəyirdilər. Biz Azərbaycanın SSRİ dövründə mövcud olmuş və dünya birliyi tərəfindən tanınmış sərhədlərini bərpa etmək istəyirik. Hələlik buna tam nail olmamışıq. Görünür Ermənistan danışıqlara başlamasa güc tətbiq etməli olacağıq. Belə anlaşılır ki, onlarla yalnız zor dilində danışmaq lazımdır.

Xankəndinə isə hələlik ona görə girə bilmirik ki, orda bizim razılığımızla Rusiya sülhməramlıları yerləşib. Buna razılıq verməklə Azərbaycan beynəlxalq birliyə nümayiş etdirdi ki, biz etnik təmizləmə siyasəti aparmırıq, Qarabağda yaşayan ermənilər bizim vətəndaşlardır və biz onlara güc tətbiq etmək istəmirik. Onların cəmiyyətimizə inteqrasiyasının zamanla baş tutacağına ümid edirik.

“Elçibəy rus qoşunlarını çıxarmışdı, İlham Əliyev geri qaytardı” kimi tezislər isə demaqoqiyqdan başqa bir şey deyil. Elçibəyin dövründə Qəbələ RLS-də rus hərbiçiləri qalırdı, İlham Əliyevin prezidentliyi dövründə həmin RLS bağlandı və rus əsgərləri Azərbaycanı tamamilə tərk etdi. İkincisi, bu cür demaqoqlara qulaq asanlara bir daha təklif edirəm ki, Elçibəyin 1992-ci ildə Prezident kimi Rusiyanın ORT kanalına verdiyi müsahibəyə qulaq assınlar. Həmin müsahibə YouTube-da “17 avqust 2013-cü ildə Elçibəyin ORT-yə şok müsahibəsi” başlığı altında yerləşdirilib. Müsahibə zamanı Elçibəy deyir ki, biz Yeltsinlə sənəd paraflamışıq ki, İran-Azərbaycan sərhədlərini rus əsgərləri qoruyacaq, Rusiya ilə bizim aramızda isə sərhəd olmayacaq. Yaxud, Rusiyaya qarşı barışmaz mövqeyi ilə seçilən Saakaşvilinin, yenmə də YouTube-da “Qenialnıy refermator!” (Dahi islahatçı!) başlığı ilə, bu il mayın 1-də yerləşdirilmiş çıxışına qulaq assınlar. Həmin çıxışında Saakaşvili qeyd edir ki, 2008-ci ilin əvvəlində o Rusiyaya təklif edib ki, ərazi bütövlüyü qarşılığında Rusiya ordusunu Gürcüstandan çıxarmasın və Gürcüstan Rusiya ilə müvafiq sazişlər imzalamaqla qərbyönümlü siyasətdən və NATO-ya üzv olmaqdan imtina etsin, amma Rusiya razılaşmayıb. Bütün bunları ona görə təkrar-təkrar xatırladıram ki, gənc insanlar qərəzli və zərərli təbliğatın təsiri altına düşüb reallıq hissini itirməsin və bizim nə qədər böyük bir uğura imza atdığımızın fərqində olsunlar.

- Bəzi insanlar iddia edirlər ki, erməniləri Qarabağdan qovub çıxarmaq lazım idı. Onlar Azırbaycan vətəndaşı olmaq haqlarını itiriblər.

- Bu dünyada yalnız bizimlə ermənilər yaşamır. Beynəlxalq birlik, region dövlətləri var. Əgər biz erməniləri Qarabağdan tamamilə qovmaq istəsəydik başqa ölkələr də münaqişəyə cəlb oluna bilərdi. Azərbaycana beynəlxalq sankisaylar tətbiq olunacaqdı. Bu halda nəticəsi bəlli olmayan müharibə uzanacaq və neftdən asılı olan iqtisadiyyatımız tamamilə çökəcəkdi. Belə müharibəyə girmək müdriklikdən çox uzaq olardı.

- Başqa dövlətlər Ermənistan tərəfdən müharibəyə qatılardısa, o zaman biz də Türkiyə və Pakistana kömək üçün müraciət edə bilərdik. BMT Nizamnaməsi ilə bizim belə bir hüququqmuz var axı…

- Bir daha söyləyirəm, bizə geniş miqyasda sanksiyalar tətbiq olunacaqdı. İkincisi, bəlli deyil, həmin dövlətlər biləndə ki, Ermənistan 10 noyabr sazişinin şərtləri çərçivəsində atəşin dayandırılmasına razıdır, ancaq biz müharibəni davam etdirmək istəyirik, onlar müharibəyə bizim tərəfdən qoşulacaqdılar ya yox…. Həm də gəlin baxaq, görək regionun, o cümlədən dünyanın böyük dövlətlərinin iştirakı ilə Qarabağda aparılan savaş bizim mənafelərimizə nə dərəcədə cavab verərdi?


- Axı Türkiyə bəyan etmişdi ki, sona qədər Azərbaycanın yanında olacaqdır və başqa dövlətlər müdaxilə etsə o kənarda qalmayacaq...

- Daxilən əminəm ki, bu cür açıqlamalar Ermənistanı 10 noyabr sazişinə imza atmağa məcbur etmək, daha çox qan tökülməsinin qarşısını almaq məqsədi daşıyırdı. Türkiyə bizim təbii müttəfiqimiz kimi Azərbaycanın nə vaxt dayana biləcəyini bilirdi. Ona görə də heç kim qərəzli və öyrədilmiş bir neçə adamın qıcıq doğuran açıqlamalarına fikir verməməlidir. İlham Əliyev realist siyasətçi kimi mövcud vəziyyətdə işğala son qoyulması üçün mümkün olan hər şeyi edib. İndikindən daha yaxşı variantı gerçəkləşdirmək mümkün olsaydı o, bunu mütləq bunu edərdi. Baxın Qərbin dəstəklədiyi və ərazi bütövlüyünə zamin durduğu Ukraynaya, yaxud Gürcüstan və Moldovaya. Onu da nəzərə almalıyıq ki, Qərb xristian ölkələri arasında münaqişə baş verərkən ədalətli görünmək istəsə də Qarabağ münaqişəsi zamanı bizə münasibətdə buna heç bir ehtiyac hiss etmədi.

- Qüdrət bəy, bir çoxları kimi siz də Jirinovskini Putinin sözçüsü kimi qəbul edirsiniz?

- Özünə hörmət edən dövlət başçısı o cür qeyri-ciddi adamı nə rəsmi, nə qeyri-rəsmi formada özünün sözçüsü etməz. Mən bu barədə deyilənlərə inanmıram. Kremldən kimsə onun qulağına nəsə pıçıldaya bilər. Orda da müxtəlif maraqlara qulluq edən adamlar var.

- Qayıdaq 10 noyabr sazişinə… Ermənistan müqavilənin şərtlərinə əməl etməsə nə etməliyik?

- Mən bu məsələ barədə danışmışam. Ermənistanın qarşısında dəqiq vaxt qoymalıyıq ki, bu müddətdə masa arxasında oturmasan və Azərbaycanın ərazi bütövlüyün tanımasan, saziş tərəfimizdən qüvvədən düşmüş elan olunacaq. Həmişə söyləmişəm ki, Ermənistanla sülh sazişi daha çox Rusiyadan asılıdır. Rusiya desə ki, “Ermənistanın öz beynəlxalq öhdəliklərini yerinə yetirməməsi səbəbindən saziş qüvvədən düşmüş elan olunacağı təqdirdə mən sülhməramlı qüvvələri Qarabağdan çıxarmalı olacam”, qısa bir müddətdə məsələ öz həllini tapar, bölgəyə sülh gələr. Amma təəssüf ki, hələlik biz bu mövqeni görmürük. Rusiya istəsəydi Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıması barədə müddəanı 10 noyabr sazişinə daxil edərdi. Münaqişə dövründə dəfələrlə mətbuata verdiyim açıqlamalarda qeyd edirdim ki, Azərbaycan Ermənistanla ərazi bütövlüyünün tanınmadığı heç bir sənədə imza atmamalıdır. Amma bizim istədiyimiz başqa, reallıqlar başqadır. Hazırda biz Rusiyanı inandırmalıyıq ki, münaqişənin həlli Rusiyanın maraqlarına uyğundur və bu, digər sovet respublikalarının da Rusiyaya münasibətini yaxşı mənada dəyişər, onun beynəlxalq imicini yaxşılaşdırar. Rusiya Azərbaycanın timsalında özünə əbədi etibarlı dost qazanmış olar. Mayası xəyanətdən yoğrulmuş Ermənistana görə Azərbaycanla münasibətləri korlamağa dəyməz.

- Əli Kərimli son açıqlamasında yenə də ondan imtina etmiş adamları xəyanətdə suçlayıb. Bu barədə də fikirlərinizi bilmək maraqlı olardı.

- Şizofreniyanın birinci əlaməti özünütənqid hissinin itməsidir. Elçibəyin dünyasını dəyişməsi ərəfəsində AXCP-nin İdarə Heyətinin 19 üzvündən biri belə onun yanında qalmadı. Hər kəs kiçik bir araşdırma aparıb buna əmin ola bilər. Əvvəla, 2001-ci ilin aprelində Qarabağa dair Ki Uest (Key West) şəhərində, Florida ştatında, ABŞ-da aparılan danışıqlar zamanı o ABŞ səfirinin tapşırığı ilə elan olunmuş mitinqi təxirə saldı və hamı əmin oldu ki,o kənardan idarə olunur. İkincisi, zamanla hamı əmin oldu ki, dil-dil ötən bu adamın güclü siyasətçilərə xas olan dərin strateji düşüncəsi yoxdur və reallıq hissini itirib. 2000-ci ilin parlament seçkiləri bunun bariz nümunəsi oldu. Əvvəl dedi parlamentə getmirəm və bu barədə xalqın gözü qarşısında sənəd imzaladı, sonra görəndə ki, çevriliş ehtimalı yoxdur, qaçıb oturdu parlamentdə. O ən etibarlı adamı, daima Rusiya və İran əleyhinə yazılar yazan Qənimət Zahidi İran və Rusiyaya göndərəndə isə bəlli oldu bu adamın heç bir aydın siyasi xətti yoxdur, hakimiyyətə gəlmək üçün hər kəslə əməkdaşlığa və ölkənin maraqlarını hər an satmağa hazırdır. Zamanında onu yersiz radikallıqdan çəkindirmək üçün deyirdim ki, cəmiyyətimizdəki bütün problemləri iqtidara bağlamaq düzgün deyil, böyük dəyişikliklərə xalq hazır olmalıdır. Azsaylı tərəfdarlarımızı iqtidarla qarşıdurmaya çəkib mərhumiyyətlərlə üz-üzə qoymaq qəhrəmanlıq deyil. Xalq yeni dövrə hazır olsaydı heç Elçibəyin devrilməsinə imkan verməzdi. Radikallıqdan imtina edib, iqtidarla əməkdaşlıq yolu ilə cəmiyyətin inkişafına tövhə vermək lazımdır. İndi, iyirmi ildən sonra deyir ki, dəyişikliklər xalqdan asılıdır. İqtidarın imtina etdiyi, imkanları ilə iddiası üst-üstə düşməyən bu dayaz təfəkkürlü və sürüşkən siyasi mövqeli adam hazırda ondan imtina edənləri aşağılayır, özündən qəhrəman düzəltmək istəyir. Gənc nəsil sonradan böyük məyusluq yaşamamaq, ölkəmizə problemlər yaratmamaq üçün populist çıxışların ardınca getməməli, həmin çıxışların müəlliflərinin kimliyini “Xalq Hərəkatının tarixini və Müstəqillik tariximizi həm yazılanlardan, həm canlı şahidlərlə söhbət etməklə diqqətlə öyrənməli, sonra seçim edib, qərar verməlidir. Əli Kərimli artıq Azərbaycanın keçmişidir.



Ana səhifəyə qayıt        Baxış: 5 265          Tarix: 6-08-2021, 16:38      

Xəbəri paylaş


Paylaş:   

Prizma