Xəbər lenti



Şair-publisist Heydər Oğuzun dünyada və ölkəmizdə baş verən son hadisələrlə bağlı Moderator.az-a veridiyi müsahibəni təqdim edirik.


-ABŞ 20 illik işğaldan sonra Əfqanıstandan çıxdı. Üzərindən az keçməmiş “Taliban” bütün ölkəni ələ keçirdi. Halbuki, Vaşinqton məhz “Taliban”ı yox etmək üçün bu ölkəyə girmişdi. Dünyanın ən böyük hərbi qüdrətinin 20 il ərzində bir terror təşkilatı ilə bacarmamasının sirri nədədir?


-20 il bundan əvvəlki ABŞ-ın da, hazırda bizim də “Taliban” gerçəyini qiymətləndirərkən yanıldığımız əsas məqam bu təşkilatın birdən-birə süni şəkildə yarandığını, Əfqanıstanın milli xarakterinə və reallığına zidd, bir növ yamaq olduğunu düşünməyimizdir. Halbuki, “Taliban”ın əsaslandığı ideologiya yüz illərdir bu coğrafiyanın, necə deyərlər, qanına hopub, insanlarının inanc sisteminə çevrilib. “Taliban”çılıq hənəvilik-nəqşibənbilik dini düşüncəsi üzərində qurulub və bu cərəyanın həmin coğrafiyada yayılma tarixi orta əsrlərə qədər uzanır. “Taliban”çılıq Hindistan, Pakistan, Banqladeş və Əfqanıstan müsəlmanlarının böyük əksəriyyətinin yüz illər boyu həyata baxışının, inanc sisteminin təməlləri üzərində inşa olunub və bu səbəbdən də Əfqanıstanda kök sala bildi. Bir növ 10 milyonlarla insanın milli xarakterinə çevrildi. İstənilən xalqın milli xarakterini işğalla, zorla dəyişdirə bilməzsən. İşğal bu milli kimliyi daha da radikallaşdırar, hətta bəşəri dəyərləri müdafiə edən kosmopolit insanları belə, ultra-millətçi cizgiyə yaxınlaşdırar. Necə ki, bu gün Azərbaycanda siyasi orientasiyasından asılı olmayaraq hər kəsin Qarabağ məsələsinə, erməni təcavüzünə münasibəti eynidir; müxalifətçisindən tutmuş iqtidarına, qərbpərəstindən rusqafalısına qədər hamı erməni işğalının sona çatmasını arzulayır, Əfqanıstanda da əksər vətəndaşlar ölkələrinin ABŞ tərəfindən işğal olunmasına qarşı idi və 20 il ərzində bu mövqe dəyişilmədən qalmışdı. İşğala qarşı mübarizə aparan əsas qüvvə isə “Taliban” idi və bu təşkilatı bəyənməyənlər də istər-istəməz onun yanında yer alırdı. Təsəvvür edin ki, ABŞ 20 illik işğal müddətində ən yaxşı halda Əfqanıstanın 30%-nə nəzarət edə bilirdi. Belə ki, aqrar ölkə olan Əfqanıstan əhalisinin cəmi 27%-i şəhərlərdə, vilayət mərkəzlərində yaşayır. Digər 73% isə kənd əhalisidir. ABŞ-ın işğal müddətində qurduğu kukla hökuməti isə yanlız şəhərləri nəzarətdə saxlaya bilirdi. Kənd yerlərində isə “Taliban”ın hökmü keçirdi. Bu məntiqlə, ABŞ son 20 il ərzində Əfqanıstanın əslində 27%-ni işğal edə bilmişdi. Ölkədən çıxanda isə həmin 27% də öz mövcudluğunu itirdi və “Taliban”ın cəmi 10 günə bütün vilayət mərkəzlərini ələ keçirməsi çətin olmadı. Təsadüfi deyil ki, bir çox vilayət mərkəzlərində insanlar “Taliban”ı alqışlarla qarşıladı, heç bir müqavimət göstərmədilər. ABŞ-ı, NATO ölkələrini də ən çox heyrətləndirən də bu oldu. ABŞ prezidenti Co Bayden çıxışlarından birində 20 illik işğal müddətində Əfqanıstan ordusuna 1 trilyondan çox pul xərclədiklərini, 300 min əsgəri olan ordu yaratdıqlarını, amma bu ordunun “Taliban”a qarşı heç bir dirəniş göstərmədiyini və buna çox üzüldüyünü bildirirdi. Eks-prezident Donald Tramp isə hər il əfqan ordusuna 42 milyard dollar xərcləndiyini, bu məbləğin az qala Rusiyanın illik hərbi büdcəsinə yaxın olduğunu etiraf edir, onun “Taliban”la mübarizədə ağır məğlubiyyətlə uğramasının səbəbini anlamaqda çətinlik çəkir. ABŞ-ın ən böyük yanılğısı da elə bir ölkəni yalnız hərbi yolla dəyişdirə biləcəklərinə inanmaları idi. Halbuki, işğala xərclənən 1 trilyon dolların 10-da 1-ni Əfqanıstanın sənayeləşməsinə sərf etsəydilər, daha uğurlu nəticələr qazanardılar. Həm ölkə bu yolla iqtisadi cəhətdən inkişaf edər, urbanizasiya prosesi keçirər, insanların məşğulluq, qazanma imkanları artar, həm də “Taliban” öz sosial bazasından məhrum olardı. ABŞ isə pulu “Taliban”a qarşı döyüşmək istəyən qüvvələrə verirdi. Nəticədə, ölkədə 300 min insan dünyanın ən böyük hərbi maaşını alır (mən hətta əfqan ordusunun bu qədər əsgəri olduğuna da inanmıram), əhalinin digər qismi isə heç bir iqtisadiyyatı olmayan ölkədə Allahın ümidinə qalırdı. Bu da nəticə etibarilə həmin işsizlərin “Taliban” sıralarında yer almasına və ya ona simpatiya duymasına gətirib çıxarırdı. Nəzərə alsaq ki, Əfqanıstanın 40 milyona yaxın əhalisi var, bu, həmin əhalinin cəmi 300 minin, yəni 0,8%-nin işlə təmin olunması deməkdir. Digər 99%-dən çoxu isə işsiz idi. ABŞ həmin 300 minlik ordunun maaşını kəsəndə onlar da istər-istəməz ya 99%-ə qoşuldular, ya da canları bahasına ölkəni tərk etməyə çalışdılar. Bu mənada Əfqanıstanda baş verənlər əslində azsaylı idarəçilər zümrəsi ilə geniş xalq kütləsi arasında sinfi mübarizədir. Həmin kiçik zümrə də proletariatlaşınca sosial inqilab qaçılmaz oldu. Əlbəttə ki, ABŞ-ın bu məğlubiyyətində Əfqanıstanın bayaq bəhs etdiyim milli xarakterindən gələn faktorlar da misilsiz rol oynadı.


-Heydər bəy, “Taliban”çılıq 1995-cı ildə özünü üzə çıxıb və ilk dəfə o zaman hakimiyyəti götürüb. O zaman siz necə bu siyasi-ideoloji cərəyanı Əfqanıstanın yüz illərlə formalaşmış milli xarakterindən irəli gəldiyini düşünə bilirsiniz? 


-Məsələ burasındadır ki, istər Rusiya işğalı, istərsə də ondan sonrakı mücahidlər dövründə “Taliban”çılar siyasi proseslərə qarışmır, sadəcə xalq arasında yayılmağa üstünlük verirdilər. Mücahidlər dövründə “Taliban”çıların ideoloji rəhbərləri həbs olunanda onlar silahlı mübarizəyə başladılar. Sözsüz ki, bu mübarizələrində Pakistanın da onlara hər cür maddi-mənəvi dəstək verməsi, təşkilat üzvlərini öz ərazisində yetişdirməsi də önəmli rol oynadı. Amma “Taliban”ın əsl sosial bazası əfqan xalqının özü idi və bu səbəbdən də bu layihə baş tutdu. 


Taliban”ın Əfqanıstanda kök salmasının digər önəmli səbəbi ABŞ-ın həmin təşkilatı məhv etmək istəməməsindən qaynaqlanır. Məlum olduğu kimi, indiyədək “Taliban”ın əsas siyasi təşkilatlanması ABŞ-ın “ərəb baharı” layihəsinin sponsoru kimi tanınan Qətərdə yerləşir. ABŞ-ın razılığı olmasa, Doha, sözsüz ki, “Taliban”a logistik dəstək verməzdi. Bütün bu amilləri üst-üstə qoyanda məlum olur ki, ABŞ 20 il ərzində başqa niqab altında əslində “Taliban”ı silahlandırır, gücləndirirdi. Məqsədi isə, yəqin ki, özünün iki əsas düşməni Rusiya və Çin arasındakı əlaqələri kəsmək üçün bufer zona yaratmaqdı. Başqa niyyətləri də ola bilər. Hesab edirəm ki, yaxın zamanlarda yaşanacaq hadisələr Vaşinqtonun “Taliban” layihəsində əsl nəyi hədəflədiyini ortaya çıxaracaq.


-Bayaq bir söz dediniz. Əfqanıstanda 300 min əsgərin olduğuna inanmırsınız. Sizcə, Bayden və digər ABŞ rəsmiləri bu ölkədə nə qədər özlərinə bağlı əsgər olduğunu bilmirlərmi?


-Yəqin ki, bilirlər. Bildiklərinə görə də 20 ildən sonra Əfqanıstanı tərk etməyə qərar verdilər. Bir çox müşahidəçilər də bu qənaətdədirlər ki, Əfqanıstanda rəqəmləri şişirdərək korrupsiya ilə məşğul olublar. Həm ABŞ hərbçiləri, həm də əfqan hakimiyyəti əl-ələ verib bu ölkənin real hərbi qüdrətini olduğundan çox göstərərək orduya ayrılan pulu mənimsəyiblər. Zarafat deyil, 1 trilyon dollardan çox vəsait silinib. Ortada da isə heç nə yoxdur. Bilirsinizmi, ordu ən yaxşı korrupsiya mənbəyidir. Xərclənən pulu göstərmək hərbi sirr olduğundan istədiyin qədər sənədlərdə maxinasiya edə bilərsən. Belə başa düşürəm ki, Əfqanıstanda da bu həyata keçirilib. Məqsəd ölkəni inkişaf etdirmək, hərbi qüdrətini artırmaq olmayıb. Əgər belə bir niyyət olsaydı, Əfqanıstanı həmin vəsaitlə Mərkəzi Asiyanın cazibə mərkəzinə çevirmək mümkün idi.


-Yeri gəlmişkən, Türkiyənin israrla Əfqanıstandakı hərbi birliklərini çıxarmaq istəməməsini necə qiymətləndirirsiniz? Nəzərə alsaq ki, Azərbaycanın da Türk hərbi kontingentində 120 hərbçisi var, bu sual bizi də narahat etməlidir. Türkiyə xarabaya çevrilmiş bu ölkədə nə axtarır?


-Əfqanıstan nə qədər xarabaya çevrilsə də, öz geopolitik əhəmiyyətini itirməyib. Xüsusilə Mərkəzi Asiyaya açılmaq istəyən Türkiyə üçün. Bilirsiniz ki, Əfqanıstanın şimalı coğrafi olaraq Güney Türküstan adlanır. Yəni Orta Asiyanın bir uzantısıdır. Bu ölkədə milyonlarla özbək, türkmən yaşayır. Tacikləri, həzarələri də hesaba qatsaq, bu, 10 milyonlarla əhali deməkdir. “Taliban”ın isə yalnız Əfqanıstanla kifayətlənməyəcəyi, Orta Asiya ölkələrinə də sızacağı şübhə doğurmur. Orta Asiya ölkələri arasında xüsusilə Tacikistan “Taliban” təhdidi altındadır. Əfqanıstanın quzeyində yerləşən Bədəxşan vilayətinin böyük qismi Tacikstanın içərilərinə qədər uzanır. Tacikistanın eyni adlı vilayəti var və ölkə ərazisinin 45%-i həmin vilayətin payına düşür. Üstəlik, tacik Bədəxşanı muxtar hüquqlara malikdir və müstəqilliyə can atır. Bu zamana qədər öz arzusunu reallaşdıra bilməməsinin səbəbi əhalisinin azlığı ilə əlaqədardır. Tacikistan əhalisinin cəmi 3%-ni təşkil edən Dağlıq Bədəxşan vilayətinin sakinlərinə Əfqanıstan “Taliban”ından dəstək gəlsə, rahatlıqla öz müstəqilliklərinə nail ola bilərlər. Bu hələ Duşənbə üçün ən yaxşı aqibətdir. Tacikistanın bütünlüklə radikal islamçıların əlinə keçmək ehtimalı da var. Çünki bu təşkilatın daxilində taciklər də az deyil və bir çoxları rəhbər vəzifələrə gətirilib. Ümumiyyətlə, Əfqanıstanda Tacikistandan daha çox tacik yaşayır və bu amili gözdən kənarda saxlamaq olmaz. “Taliban” qüvvələrinin hərəkata başladıqları ilk günlərdə bayraqlarını Dağlıq Bədəxşanın mərkəzi Qoruq şəhəri yaxınlığındakı Pənc çayı üzərində salınmış körpüdən asmaları bu baxımdan təsadüfi sayıla bilməz. Bu, “Taliban”ın Tacikistana və yaxud onun Dağlıq Bədəxşan Vilayətinə da iddiasına işarədir. Bədəxşanın “Taliban” tərəfindən ələ keçirilməsi onun rahatlıqla öz ideyasını Fərqanə vadisinə yayması anlamına gəlir. Fərqanə vadisi isə Orta Asiyanın 3 ölkəsini – Tacikistan, Özbəkistan və Qırğızıstan ərazilərinin mühüm qismini əhatə edir. Bundan əlavə, nəzərə alsaq ki, Əfqanıstanın həm də Özbəkistan və Türkmənistanla birbaşa səhrədləri mövcuddur, üstəlik bu ölkələrin əhalisi mövcud rejimdən narazıdır, “Taliban”ın həmin ölkələrdə də özünə tərəfdar tapması çətin olmayacaq. Təsəvvür edin ki, “Taliban”ın Əfqanıstanda fəallaşması xəbəri yayılan kimi, Türkmənistanda bir çox “rusqafalı” vətəndaşlar ölkəni tərk etməyə başlamışdılar. Ümumiyyətlə, Türkmənistanın despotik rejimi əhalinin böyük qisminin ölkədən didərgin salıb. Müstəqil ekspertlərin hesablamalarına görə, sənədlərdə 5-6 milyon göstərilən Türkmənistan əhalisinin real sayı 2.7 milyondur. Onların bir qismi də “Taliban”ın qorxusundan indi ölkədən qaçır. Ölkədə ya olduqca kasıb adamlar, ya da əhalinin mühafizəkar kəsimi qalır. Bir də təbii ki, bir ovuc idarəçi sinfi. Bu da Türkmənistanın xarici təhdidlərə qarşı dirəniş gücünü zəiflədir. Eyni sözləri Özbəkistan üçün də demək olar. Dindarlığın geniş yayıldığı və “Taliban”la eyni məzhəbə - hənəfi-nəqşibəndilik cizgisinə sahib olan Özbəkistanda hələ 2005-ci ildə Əndican hadisəsi baş vermişdi. 1500 nəfərin öldürülməsi nəticəsində basdırılan bu üsyanın bir neçə səbəbi göstərilir. Bunlardan biri Daşkənd-Fərqanə klanı ilə Səmərqənd klanı arasındakı hökumət daxili mübarizədirsə, digəri radikal islamçı qrupların bağlı olduqları iş adamlarının həbsinə etiraz idi. Sözsüz ki, Əndican və Fərqanə əhalisi bu qətliamı unutmayıb, əllərinə fürsət düşən kimi yenidən revanş mübarizəsinə qalxa bilər. “Taliban”ın Orta Asiyaya irəliləməsi də bu prosesi sürətləndirəcək. Regionun bu 3 ölkəsində başlayacağı proqnozlaşdırılan prosesin Qırğızıstana sıçraması da qaçılmaz ola bilər. Təsadüfi deyil ki, bir müddət əvvəl Qırğıstan-Tacikistan arasında ciddi qarşıdurmalar yaranmış və zorla yatırılmışdı. “Taliban” Orta Asiyaya yayılacağı təqdirdə konservləşdirilmiş bu problem yenidən aktivləşə bilər. Orta Asiyada hələlik Qazaxıstan bu problemlərdən özünü sığortalamış kimi görünsə də, zamanla onun da bənzər təxribatlarla üzləşəcəyi istisna deyil. Çünki Qazaxıstan bir çox etniklərin yaşadığı ölkədir və islami radikallaşma bu ölkəyə sıçrasa, əhalinin 27%-dən çoxunu təşkil edən ruslarla qazaxlar arasında qarşıdurmalar yaşana bilər. Üstəlik, Rusiya rəsmilərinin, özü də ən yüksək səviyyədə, Qazaxıstana qarşı təxribatçı ritorikaları da etnik ziddiyyətləri böyüdür. Belə bir vəziyyətdə Türkiyənin Əfqanıstanda yaşananlara laqeyd qalması mümkün deyil. Məhz bu səbəbdən də Ankara Əfqanıstanı “Asiyanın ürəyi” adlandırır. Ürəyi qoruya bilməsən, bədənin digər hissələrinə diqqət ayırmağın da anlamı yoxdur.


-Çox ciddi təhlükələrdən bəhs edirsiniz. Bəs Əfqanıstanda baş verənlərin Azərbaycana hansı təsirləri ola bilər?


-Türk respublikaları arasında Əfqanıstan hadisələrindən ən az təsirlənən ölkə biz ola bilərik. Bunun mühüm səbəbi Əfqanıstandan və digər Mərkəzi Asiya ölkələrindən fərqli olaraq Azərbaycanın oturuşmuş dini düşüncə sisteminin “Taliban”çılığa yad olmasından irəli gəlir. Məlumdur ki, Azərbaycan əhalisinin böyük qismi şiə inanclıdır. Bununla belə, radikal məzhəbçilik təzahürləri bizdə də özünü göstərir. Özü də bu təzahürlər təkcə sünni məzhəbinə mənsub kəsimlərdə deyil, həm də şiələr arasında da ortaya çıxır. Əsl təhlükə də bundan qaynaqlanır. Digər Orta Asiya ölkələrində “Taliban”ın təsiri sekulyar-dinci qarşıdurması qismində özünü büruzə verirsə, Azərbaycanda bu, məzhəblərarası ziddiyyətə çevrilə bilər. Digər tərəfdən, ölkəmizdə getdikcə iqtisadi vəziyyət çətinləşir. Bir çox insanlar işsizlikdən, dolanışıqdan əziyyət çəkirlər. Hakimiyyətdəki “5-ci kolon” mənsubları isə sanki qəsdən bu narazılığı artırmaqda maraqlı görünürlər. Kimlərsə rusa xidmət etmək və ya öz kreslolarını qorumaq üçün bunu həyata keçirməyə çalışsalar da, nəticə etibarilə ölkəni xaosa sürükləyirlər. Unudulmamalıdır ki, Əfqanıstanda “Taliban”ın özünə sosial baza tapa bilməsinin əsas səbəblərindən biri də məhz bu vəziyyət idi. Azərbaycan hakimiyyəti ölkənin və özünün aqibətini düşünərək radikal islahatlara getməsə, “əfqanıstanlaşma” prosesinin mənbəyini quruda bilməyəcək. Təxirəsalınmaz tədbirlərdən ilki “5-ci kolon”un hakimiyyətdən uzaqlaşdırılması olmalıdır. Bu lüstrasiya siyasətindən dərhal sonra məhkəmə-hüquq islahatları aparılmalı, xalqın iradəsini ifadə etməyən parlament buraxılmalı və həqiqi seçkilər keçirilməli, eynilə Ukraynada olduğu kimi, “5-ci kolon”a bağlı media qurumlarının fəaliyyəti dayandırılmalı, “rusqafalı” vətəndaş yetişdirən məktəblər bağlanmalıdır. Ümumiyyətlə, istənilən ciddi ölkənin vahid təhsil siyasəti olmalıdır. Milli təhsil sisteminin əsas göstərici isə tədrisin dövlət dilində aparılmasıdır. Azərbaycan kiminsə xoşuna gəlmək üçün başqa dillərdə tədris siyasətinə son qoymalıdır. 


Aparılması vacib digər islahat iqtisadiyyatımızın inkişafını əngəlləyən məmur-iş adamı tandeminin tamamilə ləğv olunmasıdır. Məmurun iş adamı olduğu ölkələrdə monopoliya qaçılmaz reallığa çevrilir. İnhisarçılıq isə ölkə iqtisadiyyatını məhvə sürükləyir. Məhz bu səbəbdən dünyanın inkişaf etmiş ölkələrində məmurların bizneslə məşğul olmasına qadağa qoyulur. Qanunvericiliyə görə, bizdə də elədir. Reallıqda isə ən iri məmurlar ən iri şirkətlərin sahibləridir. Bu da inhisarçılığa aparır.


-Sizə elə gəlmir ki, İran və Səudiyyə Ərəbistanı kimi radikal islamçı ideyaları yayan ölkələrin təxribatlarından ən yaxşı sığortalanmağın yolu başqa mədəniyyəti əxz edən insanlar yetişdirməkdir? Elədirsə, niyə rusdilli məktəblərə qarşısınız?


(Ardı var)





Ana səhifəyə qayıt        Baxış: 6 570          Tarix: 20-08-2021, 09:42      

Xəbəri paylaş


Paylaş:   

Prizma