Xəbər lenti
Dünən, 18:46
Dünən, 11:23
Dünən, 10:54
21-11-2024, 23:44
21-11-2024, 22:59
21-11-2024, 21:44
21-11-2024, 20:54
21-11-2024, 19:23
21-11-2024, 18:30
21-11-2024, 17:45
21-11-2024, 16:14
21-11-2024, 14:30
21-11-2024, 14:00
21-11-2024, 11:47
Məlum olduğu kimi, Ərdəbil imam-cüməsi Seyid Həsən Amili ötən həftə cümə xütbəsində Azərbaycan, Türkiyə və Pakistan hərbçilərinin birgə təlimlər keçirməsinə sərt münasibət bildirərək yenidən ortalığı bir-birinə qatıb. O, xütbəsində deyib ki, Azərbaycan Milli Məclisinin bir üzvü guya bu təlimlər ərəfəsində Türkiyə hakimiyyətinə yaxın "Yeni Şafak" qəzetinə müsahibə verib və "İran xəritədən silinəcək", - deyib.
Xeyli araşdırmamız nəticəsində məlum oldu ki, sən demə, bənzər fikirləri 2016-cı ildə Milli Məclisin iclaslarından birində səsləndirən BAXCP sədri Qüdrət Həsənquliyev olub.
Bəs görəsən, Ayətullah ünvanı daşıyan Amili həzrətləri bu sözə niyə isti-isti yox, üzərindən 5 ildən sonra reaksiya verib? Üstəlik, bir ayətullaha yaraşmayacaq şəkildə faktı təhrif edərək həmin ifadələrin guya Azərbaycan-Türkiyə-Pakistan hərbi təlimlərinin keçirildiyi ərəfədə deyildiyini bildirib.
Millət vəkili, BAXCP sədri Qüdrət Həsənquliyevin Ovqat.com-a müsahibəsini təqdim edirik.
-Qüdrət bəy, səhv etmiriksə, hörmətli Amili həzrətlərini qəzəbləndirən həmin fikirləri Siz deyibsiniz. Özü də 5 il bundan əvvəl. Sizcə, İran dini liderinin sözçüsü bu fikirlərə niyə indi reaksiya verir?
-Əvvəla, mən həmin fikirləri indi Türkiyə hakimiyyətinə yaxınlığı ilə seçilən “Yeni Şafak” qəzetinə müsahibədə səsləndirməmişəm. 2016-cı ildə parlamentin toplantısında dilə gətirmişəm. Türkiyənin həmin qəzeti də yəqin ki, mənim parlamentdə dediyim fikirləri götürüb xəbər kimi verib.
Fikirlərimin səbəbinə gəlincə, həmin vaxt səhv etmirəmsə, SEPAH-ın generallarından biri Azərbaycanı müharibə ilə təhdid etmişdi. Mən də parlamentin növbəti iclasında ona cavab verərək bildirmişdim ki, İran bizə hücum edərsə ən azı beş yerə parçalanar.
-Yəni əslində Azərbaycanın İranı parçalamaq niyyətindən yox, təcavüzün nəticəsi olaraq İranın parçalanma ehtimalından danışıbsınız. Burada qeyri-adi nə var ki, İran ayətullahlarının acığına gedir?
-Yəqin İvan Krılovun “Qurd və quzu” təmsilini oxumusunuz. Qurd quzunu yemək üçün bəhanə axtarır və suyun axarında ondan sonra dayanan quzunu suyu bulandırmaqda suçlayır. İran da eynilə Azərbaycanın inkişafına mane olmaq üçün müstəqilliyimizi bərpa etdiyimiz gündən bizə problem yaratmağa çalışır, bunun üçün müxtəlif bəhanələr axtarır. Ərdəbil imam-cüməsinin mənim 5 il əvvəl söylədiyim fikirləri təhrif edərək bundan ölkəmizə təzyiq kimi istifadəsi də növbəti bəhanələrdəndir. Mənim Cənubi Azərbaycan, İran barədə fikirlərimlə yəqin Siz də tanışsınız. Ən müxtəlif platformalarda bunu dilə gətirir və dövlətlər arasında normal münasibətlərin qurulmasının vacibliyini vurğulayıram. İran isə müstəqil və güclü Azərbaycanın varlığını yalnış olaraq öz ərazi bütövlüyü üçün təhdid olaraq görür və hər fürsətdə ölkəmizə qarşı əsassız ittihamlar irəli sürür. Onun xüsusilə 44 günlük Vətən Müharibəsində qazandığımız qələbədən sonra bəhanə axtarışını gücləndirməsi də təsadüfi deyil. Tehran gördü ki, Azərbaycan öz hərbi qüvvələrini gücləndirərək, işğalçı Ermənistan üzərində hətta böyük hərbi potensiala malik Qərb ölkələrini heyrətləndirən qələbə çaldı. Bu Qələbə və işğala son qoyulması ölkəmizin regional təsir gücünü artırır, ona həm hərbi, həm də siyasi cəhətdən yeni status qazandırır. Bilirsiniz ki, biz 30 il bundan əvvəl müstəqilliyimizi elan edəndə zəif idik. İndisə regional gücə çevrilirik. Bir çox dövlətlərin açıq şəkildə dəstəklədiyi, silah-sursatla təmin etdiyi Ermənistan üzərində əldə etdiyimiz möhtəşəm Qələbə, Ordumuzun sərhədlərimizi və ərazi bütövlüyümüzü qorumaq imkanları təəssüf ki, İranı narahat edir.
Bu zamana qədər İran bizi zəif görür, Qarabağ probleminin həllində öz vasitəçiliyini təklif edirdi. Xatırlayırsınızsa, hələ 1992-ci ilin may ayının 8-də İranın vasitəçiliyi ilə Tehranda Azərbaycan və Ermənistan rəhbərlərinin görüşü keçiriləndə ermənilər hücum edərək, Şuşanı almışdılar. O vaxt İran hakimiyyəti nəinki bunun qarşısını ala bilmədi, hətta işğalı sərt qınamağa belə cəsarət göstərmədi.
İran bundan nəticə çıxarmayaraq, hansı mənəvi haqla və dövlət nüfuzu ilə indiyə qədər vaxtaşırı vasitəçilik təklif edir, başa düşmürəm. Biz isə artıq Qarabağ problemini əsasən həll etmişik. Hətta ATƏT-in Minsk Qrupunun belə, vasitəçiliyinin artıq əhəmiyyətinin qalmadığına inanan Azərbaycan, təbii ki, xatirələrində Şuşa ağrısı ilə bir anılan İranın bu cür təkliflərini heç yaxına buraxmır. Axı, problem artıq yoxdursa, vasitəçiyə nə ehtiyac var?
Təəssüf ki, İran regionda təsir gücünü saxlamaq üçün bu problemin qiyamətə qədər davam etməsində maraqlı görsənir. Azərbaycan isə öz yaxın müttəfiqləri Türkiyə və Pakistanla öz 30 illik problemini həll etdi və hər üç ölkə regionda və dünyada ciddi təsir gücünə malik dövlətlərə çevrildilər. Təsəvvür edin ki, hətta İranın ən yaxın müttəfiqi Ermənistan belə, indi Türkiyə ilə əlaqə qurmaq və sərhədləri açmaq istəyir. Bilirsiniz ki, bu yaxınlarda Paşinyan Gürcüstanın Baş naziri vasitəsilə rezidenti Rəcəb Tayib Ərdoğana dialoq mesajı göndərmişdi. Ərdoğan isə ona “Azərbaycanla problemini həll et, sonra mənə üz tutarsan” mesajını verdi. Türkiyənin bu mesajına İrəvanın da cavabı müsbət oldu. Bu isə onu göstərir ki, yaxın zamanlarda regionda sülhə nail ola bilərik və İran yalnız Prezident Əliyevin təklif etdiyi 6-lıq formatında əməkdaşlıq yolu ilə bölgədə siyasi və iqtisadi varlığını qoruyub saxlaya bilər.
-Qüdrət bəy, mənə maraqlı gələn bir başqa məsələ var. Bilirsiniz ki, İran bu zamana qədər bizi İsraillə əməkdaşlıqda günahlandırırdı. 44 günlük Vətən Müharibəsində isə Azərbaycanın yanında iki dövlət vardı – Türkiyə və Pakistan. Onların hər ikisi müsəlman dövlətdir. Hətta Pakistanın rəsmi siyasi ideologiyası İslamçılıqdır və bu, onun adında da əks olunub. Amma İran bizim müsəlman dövlətləri ilə hərbi ittifaq yaradıb öz ərazi bütünlüyümüzü və suverenlik haqlarımızı bərpa etməyimizi də həzm edə bilmir. Bəs biz nə etməliyik? Ermənilərin ərazimizi işğalı ilə barışmalıyıq?
-İranın hazırkı mövqeyi bir daha təsdiqləyir ki, İsrail, ABŞ və s. kimi ölkələrlə Azərbaycanın qurduğu münasibətlər bəhanədir. İran Azərbaycanı güclü və nüfuzlu bir dövlət kimi görmək istəmir. Çox istərdi ki, Azərbaycan da Ermənistan kimi baş tutmamış dövlət, kiminsə forpostu olsun. Azərbaycan isə dünya dövlətləri ilə öz əlaqələrini genişləndirir, bir dövlət kimi inkişafını və təhlükəsizliyini beynəlxalq birliklə əməkdaşlıq yolu ilə möhkəmləndirir. İsrail də dünya dövlətlərindən biridir və istər iqtisadi, istər siyasi, istərsə də hərbi cəhətdən aparıcı ölkələrdən sayılır. Sözsüz ki, biz onunla da əlaqələrimizi gücləndirməliyik.
Sirr deyil ki, biz həm də İsraildən aldığımız silahların hesabına 44 günlük Vətən Müharibəsində ciddi uğurlar əldə etmişik. Bizim İsraillə münasibətlərimiz öz milli maraqlarımızın təminatı ilə məhdudlaşır və bu əlaqələrdən başqa dövlətlərə, xüsusilə də öz dindaşlarımıza, qonşularımıza qarşı istifadə etmirik. Təsəvvür edin ki, bizim üçün son dərəcə əhəmiyyətli olmasına baxmayaraq, hətta digər müsəlman ölkələrinin, o cümlədən İranın həssasiyyətlərini nəzərə alıb İsraildə səfirlik belə açmamışıq. Halbuki, ərəb dövlətlərinin bir-birinin ardınca İsraildə səfirlik açdığı hər kəsə bəllidir. İranın işğalçı Ermənistanla qardaşlığını davam etdirdiyi bir vaxtda bizim İsraildə səfirlik açmamağımızın özü də yalnış siyasətdir və dəfələrlə bütün tribunalardan hökuməti İsraillə diplomatik münasibətlərimizi genişləndirməyə çağırmışam.
-Qüdrət bəy, sözünüzə qüvvət, məsələ burasındadır ki, İran bizi İsraillə əməkdaşlıqda günahlandırarkən əsasən iki arqumentə söykənir. Bunlardan biri dini ehkamlarla bağlıdır. Bilirsiniz ki, Quranın Bəqərə surəsinin 120-ci ayəsində yəhudilərlə və xristianlarla dost olmamaq tövsiyyə edilir. Bizim İsraillə əlaqəmizi bu ayənin ruhuna zidd hesab edən İranın özü Ermənistanın ən yaxın müttəqidir. İkincisi, İranın strateji müttəfiqi Ermənistan 30 ildir bizim torpaqlarımızı işğal altında tuturdu və bu müddət ərzində 900-dən artıq yaşayış məntəqəsini, həmin şəhər və kəndlərdə minlərlə islam aibidəsini yerlə yeksan edib, məscidləri donuzxanaya çevirib. İran isə bunu edən dövlətə hər cür yardım edir. Azərbaycan Ordusunun öz ərazilərini işğaldan qurtarmasını həzm edə bilməyən rəsmi Tehranın bu arqumentləri ilə üst-üstə düşməyən hərəkətlərini necə qiymətləndirirsiniz?
-Əvvəla, dövlətlərin xarici siyasətlərinin müəyyənləşdirilməsində, sözsüz ki, mədəni əlaqələr, ortaq tarix, qonşuluq münasibətləri, siyasi, iqtisadi, təhlükəsizlik maraqları əhəmiyətli rol oynayır. Bu baxımdan İranın həmin arqumenti ümumiyyətlə yersizdir və dediyiniz kimi, özü istinad etdiyi prinsipləri yerinə yetirmir. Üstəlik, bizim İsraillə münasibətlərimiz yalnız Azərbaycan Ordusunun və iqtisadiyyatının inkişafına, dövlətimizin təhlükəsizliyinə yönəlib. İsrail Azərbaycanla əməkdaşlıq etməsə belə, güclü dövlətdir, həm də İsrail İranın torpaqlarını işğal etməyib. Amma İranın Ermənistanla əlaqəsi işğalçı dövləti gücləndirməyə hesablanmış münasibətlərdir. Bu mənada haqqında danışdığımız münasibətləri eyniləşdirmək olmaz. İranın bu addımlarının dində yerinə qiyməti isə mən vermək istəməzdim. Azərbaycanın ilahiyyatçıları və dindarları var, hesab edirəm ki, onlar bu məsələyə münasibət bildirsələr, daha yaxşı olar.
-Bəy, söhbət İsrail-Azərbaycan münasibətlərindən düşmüşkən, Ayətullah Amili Sizi həm də İsrailə işləməkdə günahlandırır. Onda bu qənaəti yaradan nədir və iddialara cavabınız...
-Görünür, Amili də bizim bəzi “siyasətçilərlə” eyni zehniyyətə malikdir. Mən ölkəmizin maraqları naminə Rusiya ilə münasibətlərimizi düzəltməyin və inkişaf etdirməyin vacibliyini vurğulayan kimi, bizim bəzi “siyasilər” necə məni ruspərəst adlandırırsa (yeri gəlmişkən, onların çoxu Tehrana səfər etmiş və İran siyasi isteblişmenti ilə yaxşı əlaqələri olan şəxslərdir), İsraillə diplomatik əlaqələrimizi genişləndirmək lazımdır dediyimə görə də, görünür, Amili məni İsrailin adamı kimi görür. Mən İranla da münasibətimizi yaxşılaşdırmağa çağırıram, viza rejiminin götürülməsini, mədəni, iqtisadi, siyasi əlaqələrin genişləndirilməsini istəyirəm. Yəqin hansısa “qərbyönümlü” çıxıb məni bu sözlərimə görə iranpərəstlikdə ittiham edəcək. Əslində mən bütün dünya dövlətləri ilə, xüsusilə qonşularla xoş münasibət qurmağın tərəfdarıyam və bu fikrim Azərbaycanın milli maraqlarından doğur. Baxın, biz ermənilərlə müharibə aparmağa məcbur olmasaydıq, istər biz, istərsə də onlar hərbə ayırdığımız vəsaitləri ölkəmizin inkişafına sərf edər və daha güclü dövlətlərə çevrilərdik. Eynilə İran da öz xalqının boğazından kəsərək, Suriyada, İraqda göyə sovurduğu 10 milyardlarla dolları iqtisadiyyatına yatırsaydı, bəlkə də Yaxın Şərqin ən güclü dövlətlərindən birinə çevrilərdi. Sanksiyalara məruz qalmaz və dünyanın aparıcı gücü kimi ortaya çıxardı. Amma biz İrandan fərqli olaraq zorən müharibəyə cəlb olunmuşuq. İran isə qurulduğu gündən bəri ancaq kimlərləsə döyüşür, on milyardlarla, bəlkə də yüz milyardlarla pulu öz əhalisinə yox, İrana heç nə verməyəcək “nüfuz” müharibələrinə xərcləyir. Bu isə nəinki dünyada, hətta öz ölkəsində ictimai narazılıqla qarşılanır. Bütün etirazlara baxmayaraq, bu siyasətindən əl çəkmək istəmirlər. Görünür müharibələr İranda kimlərinsə siyasi və maddi maraqlarına xidmət edir. Mən İranın rəsmi siyasətinin İranın dövlət maraqlarına cavab vermədiyini, bu siyasətin regional inkişafın qarşısını aldığını düşünürəm. Mənim fikirlərimin İrandakı müharibə tərəfdarlarının sözçülüyünü edən bəzi ayətullahlara xoş gəlməməsinin səbəbini məhz burda axtarmaq lazımdır. İranda “şirin quyruğundan” yox, Rusyanın quyruğu olmaqdan necə xilas olmağın yolları barədə söhbətlər aparılsa İran xalqı bundan daha çox fayda görər.
Söhbətləşdi: Heydər Oğuz,
Ovqat.com
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar