Xəbər lenti

Siyasi-şərhçi: “Rusiya çalışacaq hansısa mərhələdə, hansısa bir şəkildə Qərblə anlaşsın və bu əsaslarla müharibənin dayandırılmasına nail olsun”.
“Hər bir halda bundan sonra Rusiya artıq əvvəlki kimi iddialı dövlət olmayacaq. Bu artıq aksiomdur”.
Aprelin 19-da Ukrayna Prezidenti Volodimir Zelenski Donbas uğrunda döyüşlərin başladığını təsdiq etdi. Ukrayna lideri qeyd etdi ki, şərqdə və cənubda rus qoşunları son vaxtlar əvvəlkindən daha planlı şəkildə hücum etməyə çalışır.
Amma sonra Donbasda ağır döyüşlərin başlamadığı məlum oldu. Artıq iki həftədən çoxdur ki, Rusiyanın Donbasda böyük hücum əməliyyatına başlaması gözlənilsə də, bu baş vermir. Sadəcə Rusiya mövqe döyüşləri həyata keçirir.
Rusiya-Ukrayna müharibəsinin son vəziyyətini və beynəlxalq təsirlərini PİA.az-ın əməkdaşı siyasi-şərhçi Ərəstun Oruclu ilə müzakirə edib.


Ərəstun Oruclu: “Bu haradasa, böyük qasırğa ərəfəsində olan sükut kimidir. Yəni qarşıda çox ağır döyüşlər ola bilər”.
PİA.az hazırda ABŞ-da yaşayan siyasi-şərhçi Ərəstun Oruclu ilə olan müsahibəni oxucularımızın diqqətinə çatdırır:
- Ərəstun bəy, Rusiyanın Donbasda genişmiqyaslı hücuma keçməməsini nəylə əlaqələndirərdiz. Hesab etmək olarmı ki, Rusiyanın Ukrayna müharibəsi dalana dirənib və hərbi cəhətdən uğur əldə edilməsi artıq imkansıza çevrilir?
Rusiyanın planı hələ bəlli deyil. Bəlli deyil ki,, Rusiya artıq ələ keçirdiyi mövqeləri və əvvəlcədən yaratmış olduğu separatçı qurumların nəzarətində olan bölgələri saxlamaqla kifayətlənəcək, yoxsa qoşunlarını yenidən dislokasiya edib, tamamilə gözlənilməz bir hücum əməliyyatlarına başlayacaq. Yəni bunu istisna etmək olamz. Lakin yayılan çoxsaylı məlumatlardan görünür ki, Rusiya ordusunun fəaliyyətində koordinasiya tamamilə pozulub. Daha doğrusu Rusiya ordusunun fəaliyyətində koordinasiya heç əvvəldən də olmayıb.
Müxtəlif beynəlxalq hərbi ekspertlərin fikrincə, Rusiya ordusunun çox ciddi logistika və təminat problemləri var. Ordunun bu vəziyyətdə irəli getməsi demək olar ki, qeyri-mümkündür. Rusiya ordusu ciddi itkilər hesabına cuzi irəliləyə bilər. Ola bilsin, Rusiyanın Donbasda hücum əməliyyatlarının həyata keçirilməməsi də bu səbəbdəndir.

Amma mən Rusiya ordusunun Donbasda yerində dayandığını da deməzdim. Düşünürəm ki, bu mövqe döyüşləridir. Bu haradasa, böyük qasırğa ərəfəsində olan sükut kimidir. Yəni qarşıda çox ağır döyüşlər ola bilər.
- Hesab edirsinizmi ki, bütün sahələr üzrə böyük qurbanlar verən və demək olar ki, bu müharibə nəticəsində geosiyasi fəlakətlə üzləşən Rusiya üçün Ukrayna müharibəsini başlatmaq zərurətə çevrilmişdi?
- Müharibə haqqında mən əvvəlcədən də fikirlərimi bildirmişdim. Fikrimcə Rusiyanın burada iki istiqamətdə marağı var. Birincisi geosiyasi, digəri Putin hakimiyyətinin daxili-siyasi maraqlarıdır. Fakt odur ki, Rusiya geosiyasi müstəvidə məğlubiyyətə düçar olacağını bilirdi. Həmçinin Rusiya iqtisadi cəhətdən rəqabətdə məğlub olacağını bilirdi. Hər bir halda yeni mövqelər əldə edə bilməyəcəyini də bilirdi.
İndi Rusiya təbliğatçıları bildirirlər ki, əgər Rusiya müharibənui başlatmasaydı, onda bir müddətdən sonra Rusiya da olmayacaqdı. Daha doğrusu Rusiya alçaldılaraq geosiyasi məğlubiyyətə uğradılacaq və fövqəldövlət olaraq olmayacaqdı. Təsadüfi deyil ki, Putin fevralın 24-də xalqa müraciətində bildirdi ki, onsuzda Qərb Rusiyaya qarşı bu sanksiyaları tətbiq edəcəkdi. Yəni Rusiyaya görə bu müharibəni başlatmaq zərurət idi. Lakin beynəlxalq prizmadan baxanda bu heç də belə deyil. Çünki söhbət Rusiyanın “yorğanından çox-çox uzun ayaqlarından” gedir. Yəni Rusiyanın iddiaları heç də imkanları ilə üzt-üstə düşmür. Rusiyada Putin başda olmaqla hesab edirdilər ki, onlar zorla bu iddialarını reallaşdıra biləcəklər. Çünki bütün hesablar Ukraynanın bir həftəyə işğal olunmasına idi. Bu işğal faktı reallaşdıqdan sonra isə Qərb zor-xoş reallıqla barışmalı olavaqdı. Yəni müharibəni zərurət olaraq görən Rusiya strateqlərinin hesabı bundan ibarət idi.
Ərəstun Oruclu: “Əslində müharibəni başlatdıqdan sonra dəyişən bir şey varsa, o da geosiasi anlamda qorxduğu şeyin Rusiyanın başına gəlməsi oldu. Yəni Rusiya üçün artıq “it də, ip də” əldən gedir”.
Müharibəni başlatdıqdan ika sonra belə, heç bir hədəfinə çata bilməyən Rusiya üçün faktiki olaarq heç nə dəyişmədi. Əslində müharibəni başlatdıqdan sonra dəyişən bir şey varsa, o da geosiyasi anlamda qorxduğu şeyin Rusiyanın başına gəlməsi oldu. Yəni Rusiya üçün artıq “it də, ip də” əldən gedir.
- Ukrayna sənayesinin, infrastrukturunun və şəhərlərinin az qala yarısı bombalarla darmadağın edilməsinə baxmayaraq, Rusiya hələ də Ukraynada müharibə etdiyini inkar edir, hətta “müharibə” sözünü dilinə gətirən insanları repressiyaya məruz qoyur...
- Əslində, əlbəttə ki, müharibə gedir. Ruslar bunun adını hərbi əməliyyat qoyublar, amma Ukraynada son iki ayda yaşananlar geniş miqyaslı müharibədir. Bu müharibədə motoatıcı diviziyalardan tutmuş tanklara, toplara, qanadlı və ballistik raketlərə, aviasiyaya qədər bütün taktiki silahlardan istifadə edilir. Rusiya bütün imkanları ilə Ukrayna şəhərlərini atəşə turur. On minlərlə itki var. İstər hərbi, istər mülki şəxslər qətlə yetirilib. Şəhərlər dağıdılıb. Hərbi cinayətlərə yol verilib.
Rusiyanın müharibəni elan edib-etməməsindən asılı olmayaraq istər Ukrayna, istərsə də dünya tərəfindən bu müharibə kimi qəbul olunur. Müharibəni elan etməmək, ancaq Rusiya üçün əhəmiyyət kəsb edə bilər. Onsuz da informasiya, söz azadlığı Rusiyada məhdudlaşdırılıb. Rusiya müharibəni elan etsə, daha çox məhdudiyyətlər tətbiq etməli olacaq. Faktiki olaraq Rusiya repessiv-xunta rejiminə keçər. Yəni bu Rusiyanın daxili işidir.

Beynəlxalq səviyyədə isə Rusiyanın müharibəni elan edib-etməməsinin elə bir əhəmiyyəti yoxdur. Hər bir halda faktiki olaraq müharibə gedir və bu müharibənin təsirlərini artıq bütün dünya hiss etməkdədir. Həm də bu müharibə İkinci Dünya Müharibəsindən də daha dəhşətlidir. Çünki tətbiq olunan silahların dağıdıcı gücü çox-çox böyükdür.
Ərəstun Oruclu: “Bu gün Ukrayna xalqı müharibə şəraitindən, raket bombardmanlarından nə qədər əziyyət çəkirsə, bir o qədər də yaxın zamanlarda rus xalqı zillətə düçar olacaq”.
Yuxarıda da qeyd elədiyim kimi, dünyaya diş, güc göstərmək məqsədilə Rusiya müharibəni başlatdı. Amma müharibə nəinki gözlənilən nəticəni vermədi, mən fikirləşirəm ki, əks nəticə verdi. Hətta Qərb analitiklərinin hesablamalarından kənar əks nəticə verdi. Bu müharibə Rusiya üçün elə bir acınacaqlı vəziyyət yaradıb ki, Rusiya bu nəticəni on illikıər boyu hiss edəcək. Çünki müharibənin yaratdığı nətəclər hələ irəlidə özünü göstərəcək.
Mən hesab edirəm ki, növbəti addım kimi yəqin ki, Rusiya səfərbərlik elan etmək, ölkə resurslarının hamısını müharibəyə yönəltmək, iqtisadiyyatı müharibəyə uyğun qurmaq üçün rəsmən müharibə elan etməlidir. Bu addımın da Rusiyaya siyasi və iqtisadi təsirləri ağır olacaq. Yəni hər nə qədər bu gün Ukrayna xalqı müharibə şəraitindən, raket bombardmanlarından nə qədər əziyyət çəkirsə, bir o qədər də yaxın zamanlarda rus xalqı zillətə düçar olacaq.
Bir daha qeyd edim ki, Rusiyanın müharibə elan edib-etməməsinin əhəmiyyəti yoxdur, çünki dünya artıq bu hücumu müharibə kimi tanıyıb.
- Bilirik ki, Rusiyanın müharibəyə başlamasının əsas səbəbi Ukraynanı Qara dənizdən məhrum etmək və Qara dənizinin şimalını tamamilə nəzarətə götürməkdir. Onu da bilirik ki, Rusiya tarixən Bosfor və Dardanel boğazlarına iddialıdır. Bu durumda Türkiyənin bitərəf, hətta seyrçi mövqeyini necə dəyərləndirmək olar?
- Mən deməzdim Rusiyanın maraqları yalnız bundan ibarətdir. Rusiya Ukrayna dövlətini ləğv etmək, onu özünə birləşdirmək istəyirdi. Yaxud da Rusiya Ukraynanı Belarusdan da pis bir şəkildə vassal dövlətə çevirmək istəyirdi. Amma bunlar alınmadı. Rusiyanın Qara dənizinin şimalını nəzarət etməsinə görə müəyyən uğurları var. Lakin bu uğurlar cuzdir və Rusiyaya baha-başa gəlib. Hesab eləmirəm ki, Rusiya sonuna qədər o torpaqları öz əlində saxlaya biləcək. Çünki Qərbin verdiyi silah-sursatla Ukrayna öz torpaqlarını azad etməyə qadir olacaq.
Rusiyanın Bosfor və Dardanel boğazlarına iddiaları isə həmişə olub. Bizansın süqutundan sonra, həmişə Rusiya bu xəyalla yaşayır. Hətta 19-cu əsrdə, II Əbdülhəmidin dövründə Rusiya donanması Bosfora girmişdi. Həmin vaxt ingilislər buna mane oldular. Həm də Rusiya anladı ki, uzun müddət Bosforu əlində saxlaya bilməyəcək.

Bütün hallarda iddia etmək azdır, həm də iddianı reallaşdırmaq üçün resursa da sahib olmalısan. Boğazlar tək Türkiyə üçün deyil, bütün Qərb üçün strateji məsələdir. Buna görə də məlum deyil ki, Rusiya Ukraynadakı məğlubiyyətindən, ağır itkilərdən sonra, Türkiyə ilə üz-üzə gəlmək istəyərmi və istəsə də, bunu bacararmı? Rusiyanın bu iddialara düşə biləcəyinə inanmıram.
Ərəstun Oruclu: “Qərb artıq Rusiyanın göründüyü qədər güçlü olmadığını, daha doğrusu nə qədər zəif olduğunu görür və buna görə də Rusiyanı ağır məğlubiyyətə uğratmadan Ukrayna müharibəsinin bitməsinə izn verməz”.
Həm də Türkiyə indiki şəraitdə Rusiya ilə yeni bir konflikt məkanı açmaq istəmir. İstər Qara dəniz hövzəsində, istərsə də Cənubi Qafqazda Rusiya ilə konflikt etmək bu gün Türkiyəyə lazım deyil. Rusiya ilə Türkiyənin maraqları bir çox yerlərdə toqquşur. Liviyada, Şərqi Aralıq Dənizi hövzəsində, Suriyada və digər ərazilərdə Türkiyə və Rusiyanın maraqları toqquşur. Amma buna baxmayaraq, hər iki tərəf səbrli davranır və münaqişəyə deyil, əməkdaşlığa can atır. Düşünürəm ki, bu doğru strtegiyadır və hər iki ölkənin yarırınadır.
- Ərəstun bəy, artıq hiss olunur ki, Ukraynada döyüşlərin dayandırılmasına can atan tərəf Ukrayna deyil, Rusiyadır. Hətta Ukraynanın ən üst səviyyəli rəsmiləri artıq elan edirlər ki, onlara Moskva ilə sülh müqaviləsi deyil, Rusiyanın kapitulyasiyası lazımdır. Böyük ehtimalla Rusiya da ələ keçirdiyi əraziləri əlində saxlamaqla müharibəni dondurmağa çalışır. Qərbin Ukraynaya göstərdiyi böyük hərbi və maliyyə yardımları fonunda bu ehtimalı mümkün hesab edirsinizmi?
- Müharibənin yaxın zamanda dayanacağını düşünmürəm. Ona görə ki, artıq o şanslar əldən verilib və bu mərhələdə Rusiya üçün müharibəni durdurmaq məğlub olduğunu elan etmək deməkdi. Bu Ukrayna rəsmilərinin artıq dilə aldıqları kapitulyasiya anlamına gəlir. İndi döyüş meydanında güclər bərabərdir. Yəni heç kim uğur əldə edə bilmir. Rusiya irəli gedə bilmir, Ukrayna da torpaqlarını azad etmək üçün əks-hücuma keçə bilmir.
İndiki vəziyyət nə hərb, nə də sülh vəziyyətidir. Belə bir şəraitdə anlaşmanın, sülh müqaviləsinin, yaxud da kapitulyasiyasiya müqaviləsinin əldə olunması asan görünmür. Belə müqavilələr yalnız o zaman olur ki, tərəflərdən biri daha ciddi itkilər vermiş olsun və daha ağır məğlubiyyətə düçar olsun. Hələlik isə bu görünmür. Buna görə də mən düşünmürəm ki, belə bir dinamika yaxın zamanlarda sülh əldə mümkün olacaq.

Təbii ki, indiki şərtlər altında Putin üçün ən əlverişli və ideal variant Xarkov və Odessanı işğal edib müharibəni dondurmaqdır. Bu Putinə öz sifətini, həm də Rusiyanın sifətini qorumaq üçün, qələbəni elan etmək üçün çox vacibdir. Onu da qeyd edim ki, Putinin bütün hakimiyyəti dönəmində ən yaxşı başardığı şey münaqişələri başlayıb, sonra onları dondurmaq olub. Lakin indi vəziyyət çox fərqlidir. Putin öz qələbəsini elan etmək üçün Xarkov və Odessanı ələ keçirməlidir ki, bu da indiki şərtlərdə mümkün görünmür. Əvvala bu qədər itkilər verdikdən, bu qədər şəhərləri dağıldıqdan sonra, Qərbdən aldığı dəstəklə güclənən Ukrayna buna getməz. Digər tərəfdən, Qərb artıq Rusiyanın göründüyü qədər güçlü olmadığını, daha doğrusu nə qədər zəif olduğunu görür və buna görə də Rusiyanı ağır məğlubiyyətə uğratmadan Ukrayna müharibəsinin bitməsinə izn verməz. Çünki əsas “kartlar” artıq Rusiyanın masasında deyil, Qərbin masasındadır.
- Ümumiyyətlə, Ukrayna müharibəsində Rusiyanın məğlubiyyətinə nə qədər ehtimal verirsiniz və məğlubiyyət Rusiyanın gələcək siyasətini, eyni zamanda geosiyasi vəziyyətini necə tənzimləyə bilər? Xüsusən məğlubiyyət nəticəsində Rusiyanın Qara dınizi itirməsi mümkün görünürmü?
- Hazırda istər Rusiyanın, istərsə də Ukraynanın məğlubiyyət ehtimalı eynidir. Lakin nəzərə alsaq ki, Rusiya hücum edən tərəf olaraq artıq bu missiyanı həyata keçirə bilmir, onda Rusiyanın bu müharibədən məğlub ayrılması ehtimalı böyüyüyr. Əgər Rusiya məğlub olacaqsa, təbii ki, Qara dəniz bölgəsindən sıxışdırılıb çıxarılacaq. Rusiya məğlub olmayacaqsa, ən azı işğal etdiyi əraziləri nəzarətdə saxlaya biləcək və öz mövqelərini qoruyub saxlaya bildiyinə görə yenidən iddialarını davam etdirəcək.
Onu da qeyd edim ki, Rusiya məğlub olacağı halda, bu proses təkcə onun Qara dəniz bölgəsində rolunu itirməklə yekunlaşmayacaq. Bu həm də Rusiyanın daxilində çox ciddi sosial, iqtisadi və siyasi təlatümlərə gətirib çıxaracaq. Hakimiyyət dəyişikliyi, ola bilsin hərbi çevriliş, ya da ola da bilsin uzun müddət davam edəcək qanlı daxili qarşıdurma olsun. Yəni Rusiyada bütün ssenarilər mümkündür.
Ərəstun Oruclu: “Rusiya məğlub olacağı halda, bu proses təkcə onun Qara dəniz bölgəsində rolunu itirməklə yekunlaşmayacaq. Bu həm də Rusiyanın daxilində çox ciddi sosial, iqtisadi və siyasi təlatümlərə gətirib çıxaracaq”.
Bu müharibədə məğlub olacaqsa, özünü fövqəldövlət olarq görən Rusiya geosiyasi əhəmiyyətini xeyrli dərəcədə itirəcək. Hətta Rusiya çox saylı milli dövlətlərə də parçalana bilər ki, artıq bir dəfə SSRİ-nin timsalında biz bunun şahidi olmuşuq. Bu da mümkündür. Buna görə də Rusiya çalışacaq ki, bu müharibənin hansısa mərhələsində, hansısa bir şəkildə Qərblə anlaşssın. Yalnız bu şəkildə Rusiya özünü xilas edə bilər ki, bu da çox az inandırıcı görünür. Çünki Rusiyanın əlində artıq Qərbu şantaj edə bilmək üçün ancaq nüvə müharibəsi “kartı” qalıb. Bu şantaja isə Qərbin boyun əyəcəyini və bunun alınacağını söyləmək də bir qədər çətindir.
Hər bir halda bundan sonra Rusiya artıq əvvəlki kimi iddialı dövlət olmayacaq. Bu artıq aksiomdur. Çünki Rusiyanın həmişə güvəndiyi şey, onun hərbi gücü olub. Ukrayna müharibəsində də onun hərbi gücü göründü. Hər şey aydın oldu. Daha doğrusu Ukrayna müharibəsində Rusiya özünü hərbi güc olaraq bitirdi. İndi daha əvvəl qorxunc görünən şimal ayısından çəkinəcək çox az ölkə var.
Nərminə UMUDLU
pia.az


Ana səhifəyə qayıt        Baxış: 5 547          Tarix: 5-05-2022, 11:51      

Xəbəri paylaş


Paylaş:   

Prizma