İctimai Maraqlar Naminə Vətəndaş Təşəbbüsləri İctimai Birliyinin eksperti Vüqar Hüseynov ilə Avrasiya Əməkdaşlıq Fondu arasında bağlanmış “e-vetendash.az onlayn platformasının yaradılması” adlı xidmət çərçivəsində ünvanlı dövlət sosial yardımının alınması ilə əlaqədar vətəndaşlardan daxil olan suallar ümumiləşdirilib və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim olunub. Bu suallar əsasında Nazirliyin Sosial təminat siyasəti şöbəsinin müdiri Fuad Hüseynov vətəndaşlara ünvanlı dövlət sosial yardım alınması ilə bağlı tövsiyyələrini verib və mövcud problemləri diqqətə çatdırıb.
Qeyd edək ki, “e-vetendash.az onlayn platformasının yaradılması” adlı xidmət Niderland Xarici İşlər Nazirliyinin maliyyə dəstəyi ilə Avrasiya Əməkdaşlıq Fondunun həyata keçirdiyi “Azərbaycanda İnsan Haqları, Demokratikləşmə və Yaxşı İdarəetmənin Təşviqi” Proqramı çərçivəsində icra olunur.
– Bildiyimiz kimi ÜDSY təyin olunması tam elektronlaşıb. Bu yüz minlərlə vətəndaşı əhatə edən bir xidmətin tam tsikl elektronlaşmasının Azərbaycan üzrə ilk təcrübəsi oldu. Eyni zamanda səhv etmiriksə bu MDB məkanında da bir yenilikdir. Artıq bir müddət keçib və yəqin ki, ilkin ümumiləşdirmələriniz var. Hansı nəticələr, tapıntılarınız var?
– ÜDSY sisteminin tam elektronlaşdırılması ilə aşağıdakı nəticələr əldə edilmişdir:
Məmur-vətəndaş təmasları tam aradan qaldırılmışdır;
Qərar qəbul etmə prosesində neqativ hallara şərait yaradan subyektiv amillər ləğv olunmuşdur;
Büroktratik hallar (sənəd və arayışların toplanılması, vətəndaşların müxtəlif dovlət qurumlarına getmələri) aradan qaldırılmışdır;
Şəffaflıq təmin edilmişdir;
Aztəminatlı ailələr haqqında elektron məlumat bankı formalaşdırılmışdır;
Elektron qaydada toplanılan məlumatların (ailələrin potensial imkanlarının, peşə yönümlülüyünün, əmək resurslarının, maddi-məişət şəraitinin vəziyyətinin və s. göstəricilərin ) təhlili nəticəsində aztəminatlı ailələrin böyük bir qisminin aktiv sosial yardım proqramlarına uyğun olduqları müəyyənləşdirilmişdir;
Benefisiarların aztəminatlılığına təsir edən amillər aşkar edilmişdir;
Yeni sosial proqramların formalaşdırılmasına imkanlar yaranmışdır.
– Praktikada hansı problemlərlə üzləşirsiniz?
– Vətəndaşlar ÜDSY-nin alınması üçün VEMTAS-a müraciət edərkən bəzi hallarda bəyannamədə əks olunan məlumatları (gəlirləri,ailə üzvləri, torpaq və əmlakları haqqında və s.) tam və düzgün təqdim etmirlər. Bu isə öz növbəsində vətəndaşlara ÜDSY-nin verilməsindən imtina edilməsinə və həmin vətəndaşların narazılığına səbəb olur. Vətəndaşlar bilərəkdən onların ÜDSY almaq hüququna və ÜDSY-nin məbləğinə təsir göstərən hər hansı məlumatları gizlətməklə ÜDSY-nin təyin olunmasına çalışırlar. Lakin Nazirlik tərəfindən aparılan monitorinqlər zamanı həmin hallar aşkar olunaraq, ÜDSY-nin verilməsi dayandırılır, bu da öz növbəsində vətəndaşların haqsız narazılığına səbəb olur.
– Bizə müraciət edən vətəndaşlar qeyd edirlər ki, cavablar çox tez gəlir. Belə təəssürat yarana bilərmi ki, müraciətlər kifayət qədər araşdırılmır? Yaxud VEMTAS-ın iş prinsipi imkan verirmi ki, ÜDSY-nin təyin olunması ilə bağlı müraciətlərin hərtərəfli araşdırılması mümkün olsun?
Müraciətlərdə göstərilən məlumatların təhlili zamanı ailəni təmsil edən şəxsin “Ərizə-bəyannamə”də qeyd etdiyi məlumatların sistem tərəfindən ilkin təhlili aparılır və xüsusi imtina halları yoxlanılır. İlkin təhlilin nəticəsinə əsasən ÜDSY-nin alınması üçün ailənin hüququnun olub-olmamasi müəyyən edilir:
– ailənin orta aylıq gəlirinin ehtiyac meyarının məcmusundan yuxarı olması;
– ailənin istifadəsində nəqliyyat vasitəsinin olması;
– ailənin mülkiyyətində müxtəlif ünvanda 2 və daha çox eyni təyinatlı daşınmaz əmlakın olması;
– ailənin əmək qabiliyyətli üzvünün işsiz olması və s.
– “Ərizə-bəyannamə”də sadalanan hallardan 1-i aşkar olunduqda ailəyə ÜDSY-nin verilməsindən dərhal imtina edilir və bu səbəbdən də cavablar çox tez gəlir. VEMTAS-ın iş prinsipi təqdim edilən məlumatların hərtərəfli araşdırılmasına imkan verir və bu müddət 15 iş gününədək davam edə bilər.
– Bizə müraciətlər zamanı qeyd olunur ki, elektron müraciət edən zaman gəlirlərin hesablanması alqoritmi nə dərəcədə etibarlıdır? Təbii ki, bizə müraciətlərdə telefon haqqı ödənişinin, elektrik enerjisinin haqqının ödənilməsi ilə bağlı məlumatların nə dərəcədə rol oynaması ilə bağlı suallar daxil olur. Biz ümumiləşdirmə etdik bu sualı verməklə.
– Ailənin gəlirlərinin hesablanması “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən hesablanır. Yaşayış minimumunun məbləği hər il təsdiqlənir. Bu məbləğin 30%-i ərzaq malları, 35%-i qeyri ərzaq malları, 35%-i isə icbari ödənişlər üçün nəzərdə tutulmuşdur.
Bunu nəzərə alaraq, ailənin bəyan etdiyi adambaşına düşən orta aylıq gəliri aşağıda qeyd olunan hesablama qaydası üzrə müəyyənləşdirilən məbləğdən az olduqda (ailə başçısını itirməyə görə əmək pensiyası və ya sosial müavinət alan ailələr, həmçinin 2 və daha çox sağlamlıq imkanları məhdud və ya I və II qrup əlil üzvü olan ailələr istisna olmaqla) ailənin adambaşına düşən orta aylıq gəliri aşağıdakı məbləğdə götürülür:
YM (30%+11.7%+6.1%)+R+RM
Burada:
YM – yaşayış minimumunun ölkə üzrə məbləği;
R – ev telefonu üçün ailənin adambaşına son 12 (on iki) ay ərzində xərcinin orta aylıq məbləği;
RM – mobil telefon üçün ailənin adambaşına son 12 (on iki) ay ərzində xərcinin orta aylıq məbləği.
Təcrübə göstərir ki, bir çox ailələr orta aylıq gəlirlərinin ya gizlədərək az göstərdikləri halda, hər ay kommunal və rabitə xidmətlərinə görə müəyyən miqdarda ödənişlər edirlər. Bu isə həmin ailələrin, öz gəlirlərini gizlətməklə ÜDSY hüququna nail olmaq istəklərini göstərir. Ona görə də kommunal xidmətlərə görə ödənişlərin qeyd edilməsi ailələrin real gəlirlərinin müəyyənləşdirilməsində və onların gəlirlərinə uyğun olaraq ÜDSY-nin təyin olnuması prosesində mühüm rol oynayır.
– ÜDSY almaq üçün elektron müraciət edənlərə hansı praktik tövsiyələr verərdiniz?
– ÜDSY-nin alınması üçün VEMTAS-a müraciət edənlərə bəyannamədə əks olunan məlumatları düzgün və dolğun doldurmalarını tövsiyyə edirik.
e-vetendash.azƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmisi: “Vətəndaşlar bilə-bilə məlumatları gizlətməsinlər”
Paylaş: