Xəbər lenti

Dünən, noyabrın 10-da, hətta İrəvanın özündə kapitulyasiya aktı adlandırılan Rusiya-Azərbaycan-Ermənistan Üçtərəfli Bəyanatının imzalanmasının ikinci ildönümündə Ermənistanın baş naziri Nikol Paşinyan ölkə hökumətinin iclasında bir sıra açıqlamalar verib və faktiki olaraq iki ildir müzakirə olunan razılaşmalardan imtina edib.

Nikol Paşinyan Azərbaycanın Qarabağ bölgəsində demilitarizasiya zonasının yaradılmasının zəruriliyini, Qarabağda erməni ordusunun olmadığını açıqlayıb. Rusiya sülhməramlıları məsələsinə gəlincə o bildirib ki, onlar qeyri-müəyyən müddətə yerləşdirilirlər (baxmayaraq ki, bu müddət sənədlərdə aydın göstərilib). Ermənistanın baş naziri faktiki olaraq Azərbaycanın Qarabağ sakinlərini öz vətəndaşı hesab etməsindən və buna görə də onların hüquq və təhlükəsizliyinə təminat verməsindən narazılığını ifadə edib. Paşinyan bəyan edib ki, guya Bakı Ermənistanın Azərbaycanı Naxçıvanla birləşdirən kommunikasiyaların açılması təklifindən imtina edib və s.

Oxu.Az Nikol Paşinyanın açıqlamalarına münasibət bildirməsi üçün rusiyalı politoloq, “Milli Müdafiə” jurnalının baş redaktoru İqor Korotçenkodan münasibət öyrənib. Ekspert müsahibəsində Ermənistan liderinin “məğlubiyyət kompleksi” olduğunu qeyd edib:

- Bu kompleks Azərbaycan Prezidenti İlham Əliyevin noyabrın 8-də Şuşada söylədiyi parlaq, strateji nitq fonunda xüsusilə kəskinləşib. Təbii ki, İlham Əliyev fateh, qalib kimi görünürdü. Nikol Paşinyanın çıxışı isə ən təmiz formada refleksiyadır və dediyim kimi, Ermənistanın baş nazirinin həm siyasətçi, həm də dövlət xadimi kimi məğlubiyyət kompleksinin təzahürüdür.

Onun açıqlamalarının mahiyyətinə gəlincə - onlar tamamilə qeyri-adekvatdır, mövcud reallıqlara əsaslanmır. Qarabağ Azərbaycandır, ona görə də Paşinyanın bununla bağlı istənilən təşəbbüsü, sadəcə, mənasızdır və bu, Azərbaycanın daxili işlərinə qarışmaqdır. Ona görə də rəsmi Bakıdan müvafiq diplomatik reaksiya olmalıdır. Ermənistanın baş naziri Qarabağın hansı demilitarizasiyasından danışır?! Yalnız bir demilitarizasiya ola bilər - Azərbaycan Respublikasının suveren ərazisində yerləşən bütün erməni qeyri-qanuni silahlı birləşmələrinin və Ermənistan ordusunun şəxsi heyətinin çıxarılması.

Qeyd edim ki, bu, demilitarizasiyanın yeganə variantıdır: “Çamadan - Laçın dəhlizi - İrəvan!” - bu, silahlı terrorçular və erməni hərbçiləri üçün tamamilə başadüşülən və tarixən əvvəlcədən müəyyən edilmiş marşrutdur.

- Sizdə belə bir hiss varmı ki, Nikol Paşinyan bizi, heç olmasa, Ermənistan silahlı qüvvələrinin Qarabağdan çıxarılması məsələsində problemlərin həlli üçün gücdən istifadə etməyə sövq edir?

- Bəli, məqsəd və vəzifə (Paşinyanın - red.) yeni münaqişənin qızışdırılması və sanksiyalar altında olan Rusiya üçün indiki geosiyasi vəziyyətdə son dərəcə vacib sayılan “Şimal-Cənub” nəqliyyat dəhlizini məhv etməklə regionu qeyri-sabit vəziyyətə salmaqdır. Bizim üçün bu, idxal-ixrac kanalıdır. Əgər region böyük müharibəyə cəlb olunarsa, o zaman burada Paşinyanın dəvəti ilə Ermənistana yollanacaq xarici qoşunlar peyda ola bilər. Ermənistan hər an KTMT-dən çıxa, Rusiya ilə müttəfiqlik münasibətlərini poza bilər. Ya da indi etdiyi işi - üç stulda oturmağı davam etdirə bilər.

Burada əsas odur ki, Rusiya ilə Azərbaycan arasında yüksək səviyyədə qarşılıqlı fəaliyyət və etimad qorunsun. Biz Moskva ilə Bakının münasibətlərinə xələl gətirməyə çalışan çoxlu oyunçular görürük. Amma mənə elə gəlir ki, Azərbaycan tərəfi beynəlxalq erməni lobbisi amilinin rolunu başa düşməlidir. Bir daha təkrar edirəm - bu, güclü maliyyə-siyasi struktur siyasi oyunun müstəqil amilidir.

Başa düşürük ki, erməni lobbisinin maraqları ilə Rusiyanın ən azı Cənubi Qafqazdakı maraqları iki fərqli şeydir. Rusiyanın daxilindəki erməni lobbisi istərdi ki, Kreml regiondakı vəziyyətə erməni maraqları prizmasından baxsın. Amma bu, bizim üçün qəti şəkildə qəbuledilməzdir, biz vəziyyəti hərtərəfli dəyərləndirməli, həm Türkiyə, həm də Azərbaycanın əsas rol oynadığı türk dünyası ilə böyük geosiyasi müttəfiqliyə çalışmalıyıq.

Nair Əliyev




Ana səhifəyə qayıt        Baxış: 4 053          Tarix: 11-11-2022, 11:29      

Xəbəri paylaş


Paylaş:   

Prizma