Xəbər lenti

Dağlıq Qarabağ münaqişəsinin həlli üçün yeganə stimul cəbhə xəttindəki vəziyyətin de-fakto dəyişdirilməsidir. Bu barədə "Report"a açıqlamasında rusiyalı politoloq Nikita Qolobokov Soçidə Qarabağ məsələsinin də müzakirə olunduğu Rusiya və Ermənistan prezidentlərinin - Vladimir Putin ilə Serj Sarqsyanın görüşünü şərh edərkən bildirib.

"Prinsipcə, Putin ilə Əliyevin, Putin ilə Sarqsyanın belə görüşləri tez-tez keçirilir. Bu görüşdə məhz bu münaqişəylə bağlı əhəmiyyətli qərarların əldə olunduğunu düşünmürəm", - N.Qolobokov deyib.

Politoloq hesab edir ki, Rusiya öz cənub sərhədlərinə yaxın olması səbəbi ilə Dağlıq Qarabağ münaqişəsinin dondurulmasında maraqlıdır. "Rusiya münaqişəni ötən əsrin 90-cı illərindən qalan ağır miras kimi görür və istənilən halda onun dondurulmasında maraqlıdır. Hələlik sərhəd xəttində 2016-cı ilin aprel ayında olduğu kimi, keyfiyyətli dəyişiklik yoxdur, ona görə də danışıqlarda hansısa ciddi dəyişikliklər gözləmək lazım deyil", - ekspert vurğulayıb.

ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Riçard Hoqlandın səsləndirdiyi nizamlanmanın altı prinsipi barədə danışan ekspert prinsipcə yeni heç bir şeyin deyilmədiyini qeyd edib: "Bütün bunlar 1995-ci ildən bəri ATƏT-in Minsk qrupu tərəfindən müzakirə olunub və səsləndirilib".

Endryu Şeferin ATƏT-in Minsk qrupunun amerikalı həmsədri postuna təyinatını şərh edən N.Qolobokov Kipr probleminin həlli ilə məşğul olduğunu xatırladıb.

"Hazırda Şimali Kipr ətrafındakı vəziyyət tərəflər üçün bir idealdır: hər şey sakitdir, dinclikdir, yunanlar adanın türklər olan tərəfinə, türklər də yunanlar olan tərəfinə gedib-gəlir, birgə turizm ekskursiyaları təşkil olunur, müharibə yoxdur, danışıqlar dondurulub, status qeyri-müəyyəndir. Belə görünür, həm Qərbdə, həm də Rusiyada Qarabağı Şimali Kipr kimi görmək istəyirlər. Ancaq bir sıra obyektiv səbəblərə görə bu, alınmayacaq", - politoloq hesab edir.

Onun fikurincə, Şimali Kipr ətrafındakı vəziyyəti Dağlıq Qarabağa proyeksiya etmək üçün heç bir əsas yoxdur.

"Rusiyadan belə görünür ki, Krım və Donbasdakı hadisələrin fonunda Rusiya və Ukrayna arasındakı münasibətlər ermənilərlə azərbaycanlıların münasibətlərindən daha isti və yaxındır. Qəzəb dərəcəsi o həddə çatıb ki, müharibədən başqa yol yoxdur", - N.Qolobokov bildirib.

Ekspert eyni zamanda vurğulayıb ki, münaqişənin qarşısının tam alınması üçün sülhməramlı missiyası çərçivəsində güclü birləşmiş qruplaşma yaradılmalıdır, amma hazırkı məqamda Qərb, xüsusilə də Rusiya çətin ki buna imkan versin.

"Rusiya Qarabağda sülhməramlı missiya tətbiq etmək istəyirdisə, münaqişə tərəflərindən birini çox yaxşı, öz istehsalı olan silahlarla silahlandırmazdı", - N.Qolobokov bildirib. Onun sözlərinə görə, Afrika və ya Serbiya nümunəsində münaqişə zonasında sülhməramlı qüvvələrin yerləşdirilməsi effektiv ola bilərdi, amma güclü ordusu olan Azərbaycanla bağlı bu, işləməyəcək, bu addım elə də fayda verməyəcək.




Ana səhifəyə qayıt        Baxış: 927          Tarix: 25-08-2017, 11:28      

Xəbəri paylaş


Paylaş:   

Prizma