Xəbər lenti

Apteklər vətəndaşları BELƏ ALDADIR

Bakı şəhər sakini İmran Haşımov apteklərin birində aldığı dərmanın keyfiyyətsiz olduğunu iddia edir. O deyir ki, bununla bağlı şikayətinə nə aptek, nə də Səhiyyə Nazirliyində baxan olub.

Publika.az xəbər verir ki, İmran Haşımov bu barədə Azad İstehsalçılar Birliyinə müraciət ünvanlayıb. Müraciətdə bildirilir ki, mütamadi istifadə etdiyi dərmanı sonuncu dəfə içəndə onda acılıq hiss edib. “Böyrək daşı xəstəliyi üçün resept əsasında aldığım “Ratun”adlı dərmandan istifadə edirəm. Bu ayın 23-də Nizami rayon Qara Qarayev prospekti ev 31-də yerləşən “Vita aptekləri” MMC aptekindən (Dərman “Avromed” firmasının paketində verilib 012 514 55 77) 27.30 AZN ödəyib bir qutu "Ratun" preparatı aldım. Qutunun içərisində 14 paket olur. Evə aparıb 1 paketdən istifadə etdim. Əvvəlki dərmanlardan fərqli olaraq bu dəfə boğazımda şirinlik əvəzinə acılıq gördüm. Həkimlə məsləhətləşdim. Həkim bunu dərmanın keyfiyyətinin aşağı olması ilə izah etdi, dəyişdirməyi məsləhət gördü. Qeyd edim ki, əvvəl bu dərmanı 27 AZN-ə almışdım. Aptekə qayıdıb bir paketi işlətdiyimi dedim, dəyişdirilməsini və ya qaytarılmasını xahiş etdim. Aptekdən mənə qəti etiraz bildirildi. Dərmanın keyfiyyəti və dəyişdirilməsi ilə bağlı müraciət üçün Səhiyyə Nazirliyinin Cəfər Cabbarlı küçəsində yerləşən ekspertiza mərkəzinə getdim. Burada mənim şikayətimə baxan olmadı”.

Müraciət edən şəxs bildirir ki, sonuncu aldığı “Ratun” dərmanından şübhəlidir: “Belə ki, qutu üzərində, habelə içlik kağızda dərman və qida əlavəsi olması yazılmayıb, hətta əvvəl aldığım dərmanın içliyində heç bir yazı olmayan sadəcə ağ kağız qoyulub. Əvvəl aldığım dərmanın ştrix kodu 869-la başlayır. Sonra aldığım dərmanın ştrix kodu 868-lə başlayır. Üzərindəki yazılarda və şəkillərdə fərqlər var. Sonuncu aldığım dərmanın tərkibindəki bəzi maddələrin miqdarı əvvəlkindən 10 dəfə az olsa da baha satılır və s. Xahiş edirəm istehlakçı hüququmu qoruyasınız, aldığım sonuncu dərman bir paket işlənmə şərtilə keyfiyyətli dərmanla dəyişdirilsin və ya qaytarılsın, sonuncu dərman ekspertizaya verilsin, markalanması başa düşülən vəziyyətə gətirilsin”.

Məsələ ilə bağlı adıçəkilən apteklə əlaqə saxlamağa çalışdıq, lakin telefona cavab verən olmadı. Şikayətçi İmran Haşımov bildirir ki, müraciətdən sonra onun ödədiyi pul geri qaytarılıb, dərmanın isə yalnız bir paketini özündə saxlaya bilib. Lakin İ.Haşımov dərmanın tərkibinin araşdırılmasını istəyir.

Azad İstehlakçılar Birliyinin dərsi Eyyub Hüseynov Publika.az-a açıqlamasında bildirib ki, “Ratun” adlı bu məhsulun dərman, yaxud da qida əlavəsi kimi qeydiyyatdan keçməsi barədə dəqiq məlumat yoxdur:

“Dərmanın içliyində bu barədə heç nə yazılmayıb. Buna görə də, biz dərmanın yoxlanılması üçün hansı quruma müraciət edəcəyimizi bilmirik. Bu dərmandırsa, o zaman Səhiyyə Nazirliyinin Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzi, qida əlavəsidirsə, Respublika Sanitariya-Karantin Müfəttişliyinə müraciət etməliyik. İmran Haşımov da əvvəl şikayəti ilə bağlı Səhiyyə Nazirliyinə müraciət ünvanlayıb, lakin onu Sanitariya-Karantin Müfəttişliyinə yönləndiriblər. Buna görə də güman edirik ki, bu qida əlavəsidir. Amma bu barədə dəqiq məlumatın içlikdə qeyd edilməməsi vətəndaşı çaşdırır. Üstəlik bu məhsul hələ də, satışdadır. Tərkibinin insan sağlamlığı üçün təhlükəli olub-olmaması araşdırılmalıdır”.

Sanitar-Karantin Müfəttişliyinin sədr müavini İsgəndər Qarayev Publika.az-a açıqlamasında bildirib ki, "Ratun” qida əlavəsidir və bu il fevralın 21-də qeydiyyatdan keçib:

“Həmin məhsul yoxlanılıb və insan sağlamlığı üçün təhlükəli olmadığı müəyyən edilib. Apteklərdə satılan bu qida əlavəsinin içərisində bununla bağlı məlumatın olmamasına biz məsuliyyət daşımırıq. Məhsul bizə təqdim ediləndə içlik vərəqəsi olub və orada qida əlavəsi olması məlumatı qeyd edilib. İçlik vərəqəsi yoxdursa, bu barədə vətəndaş aptek və məhsulu gətirən şirkət qarşısında məsələ qaldıra bilər”.

Qida əlavəsinin keyfiyyəti ilə bağlı vətəndaşın şikayətinə gəldikdə, İ.Qarayev buna görə də məsuliyyət daşımadıqlarını deyib:

“Qida əlavələrinin dadının fərqli olması, əvvəlki effekti verməməsi barədə bizə şikayətlər çox olur. Biz yoxlayarkən qida əlavəsi təhlükəsizlik tələblərinə uyğun olur. Dad və digər şikayətlər məhz sonrakı saxlanma şəraiti, ya da hər hansı maddənin az və ya çox olması ilə bağlı ola bilər. Qida əlavəsinin tərkibindəki maddələri yoxlamaq səlahiyyətimiz yoxdur. Vətəndaş şikayətini yalnız dərmanı ölkəmizə gətirən şirkətə çatdıra bilər”.




Ana səhifəyə qayıt        Baxış: 1 240          Tarix: 26-10-2017, 17:24      

Xəbəri paylaş


Paylaş:   

Prizma