Halsızlıq, yuxusuzluq, yorğunluq, depressiya... Dünyada təxminən 200 milyon insanda qalxanabənzər vəzi xəstəliyi var. Ancaq müsbət haldır ki, hazırda bu xəstəliklərin bir çoxunun müalicəsi mümkündür. Müalicə edilməmiş qalxanabənzər vəzi xəstəlikləri isə ciddi və qalıcı problemlərə səbəb ola bilər. Bu vəziyyətdə, xəstələr ən kiçik bir şübhədə birbaşa həkimləri ilə təmasa keçərək, erkən dövrdə xəstəliyin nəzarət altına alınmasını təmin edə bilərlər.
Qalxanabənzər vəzi boynun orta xəttində, Adəm alması deyə adlandırılan qığırdaq çıxıntının altında yer alan, kəpənək şəklində, kiçik bir vəzdir. Sadəcə 25 qram ağırlığında olmasına baxmayaraq ifraz etdiyi hormonlar ilə böyümə və inkişafda təməl rol oynamaqdadır. Qalxanabənzər vəzi, "bütün bədən funksiyalarının təşkilatçısı" olaraq da adlandırılır.
Qalxanabənzər vəzi xəstəliyi fərqli şəkillərdə, fərqli şikayətlərlə ortaya çıxa bilir. Qalxanabənzər vəzi xəstəliklərinin çoxunda xəstələr ya "hipotiroidizm - vəzin qeyri-kafi çalışması" ya da "hipertiroidizm - vəzin həddindən artıq çalışması"ndan qaynaqlanan şikayətlərlə gəlirlər.
Məsələ ilə bağlı açıqlama verən və qalxanvari vəzin metobolizmanın ana orqanı olduğunu bildirən endokrinoloq Günay Qasımovanın sözlərinə görə, tiroidin hipofunksiyası zamanı daha çox yorulma, yuxululuq, əqli geriliklər yarana bilər: "Durduq yerdə ağlamalar, qarabasmalar, saç tökülmə və s. yarana bilər. Uşaqlarda boyun, cinsi orqanın inkişafında problemlər ola bilər. Fəaliyyəti artıqda, yəni hipertiroid zamanı isə daha çox oyanıqlıq, tərləmələr və s ola bilər. Bu diffuz zob - vəzin həcminin böyüməsi, diffuz düyünlü zob - vəzin həcmi düyünlərin hesabına böyüməsi, tiroidin iltihabı forması ilə özünü biruzə verə bilər".
Qadınların hamilə qalmasında bu vəzin böyük əhəmiyyətindən bəhs edən Qasımova, tiroidin bəzən hamiləliyin qarşısını ala biləcəyini də qeyd edib: "Heç bir tiroid vəzi problemi yaşamayan qadınlarda belə hamiləlik zamanı bu yoxlanılmalıdır. Çünki göstəricilər bu zaman dəyişə bilər. Hamiləliyin ilk 3 ayında reaktivlərin normativliyi 2.5 olmalıdır (normal hamiləliyin baş tutması üçün bu vacibdir), daha sonrakı 3 aylığında isə 3-ə qədər qalxa bilər. Bu dövrdə göstərici 4 olarsa, artıq biz ona müalicəyə başlayırıq. Bu, onun üçün vacibdir ki, qadın normal hamiləlik keçirtsin və dölə heç bir zərər dəyməsin. Əgər öncədən qadında tiroid problem varsa ayda bir dəfə və ya 3 ayda bir dəfə müayinədən keçməlidir. Buna həkim qərar verir".
Həkim xəstəliyin yaranma səbəbində yod defisitinin durduğunu vurğulayaraq, pasiyentlərin etdiyi bəzi yanlışlardan danışıb: "Müəyyən tiroid patalogiyası var ki, həmin xəstələrə yod tamamilə əks göstərişdir. Pasiyentə yodlu qidaları qəbul edə bilib-bilməməsini həkim təyin edir. Hər zobu olanın yodlu preparatdan istifadə edilib-edilməməsini həkim təyin edə bilər. Bir də pasiyentlər ən böyük səhvi suya yod töküb içərək edirlər. Unutmasınlar ki bu, məişət yodudur. Bu, daxilə qəbul edilmir. Qətiyyən olmaz".
Həkim vurğulayıb ki, orqanizmin normal fəaliyyəti üçün gündəlik müəyyən miqdarda yoda ehtiyac var: "Uşaqlarda 50-75 mq-a qədər olur, böyüklərdə 100-150 mq yod ehtiyatı lazımdır. Sular yodlaşdırılmadığı üçün bu nizam pozula bilər".// Milli.az
Paylaş: