El arasında "zob" deyilən xəstəlik qalxanabənzər vəzinin həcminin böyüməsidir. Vəzi böyüdüyü zaman boğulma halları ola bilər. Ancaq bu əlamət tək "zob"dan deyil, nevroloji xəstəliklərdən də ola bilər.
Ovqat.com axar.az-a istinadən bildirir ki, bu sözləri həkim-endokrinoloq Lamiyə Nəbibəyli qalxanabənzər vəzi xəstəlikləri haqda danışarkən deyib. Onun sözlərinə görə, xəstə müraciət etdiyi zaman ilk növbədə qalxanabənzər vəzinin böyüyüb-böyüməməsini bilmək üçün ultrasəs müayinəsi edilir:
"Ultrasəs müayinəsi zamanı vəzidə struktur, qan dövranı və yaxud hansısa bir dəyişiklik hiss etsək, bu zaman biz qanda hormonları, ümumi arteriyaları müayinə edirik. Bəzən elə hallar ola bilər ki, bu vəzilərin "zob"dan deyil, digər xəstəliklər səbəbindən fəaliyyəti azala və ya arta bilər. Vəzinin fəaliyyəti artanda ürək döyüntülərinin, tərləmə hallarının artması, əllərin nisbətən əsməsi, arıqlama, ümumi bədən zəifliyi, tez yorulma, iştahanın artması və bu tip digər hallar müşahidə olunur. Bundan başqa, vəzinin fəaliyyətinin azalması olur ki, bu zaman isə xəstəlik xəstədə halsızlıq, yorğunluq, yəni gün ərzində müəyyən bir iş görüb tez yorulma kimi özünü göstərir. Həmçinin bu xəstələrdə hemoqlabin nisbətən aşağı düşə bilər. Aybaşı pozulmaları, xüsusən də sonsuzluq halları, ürək döyüntülərinin azalması, təzyiqin oynaması, yaddaşın zəifləməsi, nitqin kəsilməsi kimi hallar müşahidə olunur".
Endokrinoloq Lamiyə Nəbibəyli qalxanabənzər vəzi xəstəliklərinin müalicəsindən də danışıb:
"Pasiyentlərin qanda hormonlarının miqdarını ölçürük və biz ona uyğun olaraq biotənzimləyici hormonal terapiya edirik. Qalxanabənzər vəzi xəstəliklərinin növləri həddindən çoxdur. Müxtəlif xəstəliklər var ki, qalxanbənzər vəzinin həcmi normadan çox böyüyür. Bu zaman ətrafdakı toxumaları sıxdığına görə əlamətlərini hiss edirik. Pasiyent bəzən bu xəstəliyi adi halda hiss etmir. Xəstənin udqunduğu zaman vəzinin hərəkətini əlimizlə hiss ediriksə, demək, bu, prosesin irəliləməsi deməkdir. Bəzən vəzinin həcmi böyümədən də bəzi vəzi xəstəlikləri ola bilər. Elə hallar da olur ki, qalxanabənzər vəzinin fəaliyyəti normaldır, lakin üzərində düyünlər var. 2016-cı ilə qədər belə xəstələrə normal terapiya təyin edirdilər. Ancaq son 2-3 ilin tədqiqatlarına görə, düyün varsa, onda xəstəyə dərman yazmaq yox, onu nəzarətdə saxlamaq lazımdır. Amma elə pasiyentlər var ki, onlar artıq bir müddətdir dərmanlardan istifadə edirlər. Əlbəttə, belə pasiyentlərdə birdən-birə dərmanı kəsmək olmaz. Biz müayinədən sonra vəzinin strukturunda sağlam toxuma görsək, bioloji təbabət üsulları ilə həmin vəzinin rezerv funksiyasını müəyyən qədər artırırıq".
Qeyd edək ki, Bioloji Təbabət Klinikasında peşəkar həkimlər tərəfindən qalxanabənzər vəzi xəstəiklərinin müayinəsi və uğurlu müalicəsi həyata keçirilir.
Paylaş: