Xəbər lenti
Dünən, 23:09
Dünən, 22:16
Dünən, 20:13
Dünən, 18:25
Dünən, 17:22
Dünən, 14:10
Dünən, 12:14
Dünən, 10:57
9-12-2024, 23:30
9-12-2024, 21:49
9-12-2024, 21:00
9-12-2024, 20:00
9-12-2024, 19:00
Bir neçə gün əvvəl Azərbaycana koronavirusa qarşı ABŞ və Almaniya şirkətlərinin birgə istehsalı olan "Pfizer-BioNTech" vaksini gətirilib. Səhiyyə Nazirliyinin yaydığı məlumata görə, ilkin olaraq gətirilən 218 min doz vaksin Bakı Sağlamlıq Mərkəzində və 1 saylı Kliniki Tibbi Mərkəzin ambulator şöbəsində vətəndaşlara vurulacaq. İyunun 7-də proflaktik məqsədlə 12 nəfərə vaksin vurulub və hər hansı əks göstəriş qeydə alınmayıb.
Qeyd edək ki, sözgedən peyvən Covid-19-a qarşı istehsal olunmuş digər vaksinlər arasında ən etibarlı və təsirlisi sayılır. ABŞ, İsrail, Böyük Britaniya kimi ölkələrdə əhalinin peyvəndlənməsində əsasən bu vaksindən istifadə olunub. Ona görə də Azərbaycanda da bu peyvəndə maraq böyükdür, vətəndaşların bir qismi Çin, Rusiya vaksinlərinə etibar etməyərək onun yolunu gözləyirdilər.
İyunun 8-də Səhiyyə Nazirliyi məlumat yayıb ki, "Pfizer” vaksini üçün peyvənd məntəqələrinin sayı artırılıb. Məlumatda qeyd olunur ki, adıçəkilən vaksinin istifadəsi Bakı Sağlamlıq Mərkəzində və Zərifə Əliyeva 5 ünvanında yerləşən Mərkəzi Klinik Xəstəxanasının ambulatoriyası ilə yanaşı, həmçinin “Leyla Medical Center”də, “Caspian İnternational Hospital”da və M.Ə.Əfəndiyev adına 2 saylı Şəhər Klinik Xəstəxanasında da aparılacaq.
"Özəl klinikalara vaksin üçün müraciət edən vətəndaşların nəzərinə çatdırılır ki, həmin müəssisələrdə peyvəndlənmə prosesi müəssisənin daxili qaydalarına uyğun olaraq aparılacaq", - deyə nazirliyin məlumatında vurğulanır.
Bu vaskinin vurulması üçün qaydalara gəlincə, Səhiyyə Nazirliyi bildirir ki, vətəndaşlar randevu.its.gov.az saytına daxil olaraq, “COVID-19 vaksin randevu” elektron xidmətindən istifadə etməklə onlayn qaydada növbə götürməlidir. Vətəndaş ilk olaraq şəxsiyyət vəsiqəsinin seriya nömrəsini və FİN kodunu daxil edib, “Yoxla” düyməsinə basmalıdır.
Bundan sonra vətəndaş təqdim olunan siyahıdan peyvənd məntəqəsini, randevu tarixini və saatını seçib, mobil nömrəsini daxil etməlidir. Qeydiyyat başa çatdıqdan sonra daxil edilən mobil nömrəyə növbənin qeydə alınması ilə bağlı mesaj göndərilir. Mesajda birinci dozanın vurulacağı tarix, saat və məkan qeyd edilir.
İcbari Tibbi Sığorta Agentliyinin saytında isə qeyd olunub: “Özəl tibb müəssisəsində vaksinasiya üçün onlayn növbə götürüldükdə nəzərə alınmalıdır ki, tibb müəssisəsinin daxili qaydalarına əsasən peyvənd vurulmadan öncə tibbi müayinə tələb edilə bilər. Bu halda tibbi müayinə ödənişlidir və ətraflı məlumat üçün həmin tibb müəssəsinə müraciət edə bilərsiniz”.
Amma reallıqda proses heç də Səhiyyə Nazirliyinin açıqladığı qaydada getmir. Çünki "Pfizer" vaksininin vurulacağı tibb mərkəzlərinin adları İsbari Tibbi Sığorta Agentliyinin randevu.its.gov.az saytında yerləşdirilməyib. Saytda Bakıda və ölkənin hər yerində vaksinasiya üçün poliklinika və xəstəxanaların adları, ünvanları qeyd olunsa da, Bakı Sağlamlıq Mərkəzinin, Mərkəzi Klinik Xəstəxanasının, “Leyla Medical Center”, “Caspian İnternational Hospital” və M.Ə.Əfəndiyev adına 2 saylı Şəhər Klinik Xəstəxanalarının adlarına rast gəlmədik.
Bununla bağlı Agentlikdən "AzPolitika.info"-ya bildirilib ki, bölgü Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən aparılıb. Quruma yalnız siyahı gəlib və onlar da saytda yerləşdiriblər. Agentlikdən o da bildirilib ki, "Pfizer" vaskininin əsasən özəl klinikalara verilməsinin səbəbləri haqda da heç bir bilgiyə malik deyillər.
Səhiyyə Nazirliyinin "Pfizer" vaksininin özəl klinikanın daxili qaydaları çərçivəsində vurulacağı, əvvəlcə ödənişli müayinə tələb ediləcəyi barədə xəbərdarlığına gəlincə, bu məsələ peyvəndlənmə prosesində yenilikdir.
Məlumdur ki, vaksinlər ölkəyə dövlət hesabına gətirilir və pulsuz vurulur. Amma "Pfizer"-lə bağlı fərqli vəziyyət yaranıb. Özəl klinikaların böyük tələbat olan adıçəkilən peyvəndi gəlir mənbəyinə çevirəcəyi barədə narahatlıq var. Səhiyyə Nazirliyi də məlum açıqlaması ilə ona "yaşıl işıq" yandırıb.
Mərkəzi Klinik Xəstəxanadan bu barədə "AzPolitika.info"-nun sorğusuna cavab olaraq bildirilib ki, vətəndaşlar onlayn qaydada qeydiyyatdan keçdikdən sonra vaksin vurdura bilərlər. Bu zaman vətəndaşın təzyiqi ölçüləcək və terapevt tərəfindən yoxlanılacaq. Klinikadan bu xidmətlərin ödənişsiz olduğu qeyd olundu. Xəstəxananın adının randevu.its.gov.az saytının bazasında çıxmamasına gəlincə, bildirildi ki, bu suala aidiyyatı üzrə cavab verilməlidir. Amma xəstəxanaya vaksin üçün müraciət edən vətəndaşlar var və onlara xidmət göstərilir.
“Leyla Medical Center”-dən isə "AzPolitika.info"-ya bildirildi ki, Səhiyyə Nazirliyi onların adını "Pfizer" vurulacaq klinikaların siyahısına daxil edib. Amma hələ vaksinin necə vurulacağı barədə qaydalar dəqiqləşmədiyinə görə konkret məlumat verə bilməzlər.
“Caspian İnternational Hospital”-dan isə "AzPolitika.info"-ya bildirildi ki, "Pfizer" vaskinlərinin klinikaya daxil olması gələn həftə gözlənilir: "Qaydalar artıq müəyyənləşib, vətəndaşlar onlayn qaydada növbə götürüb randevu saatında yaxınlaşıb peyvənd vurdurmalıdırlar. Bundan əvvəl vətəndaşların tibbi müayinəsi nəzərdə tutulur və bu xidmət ödənişsizdir".
Beləliklə, apardığımız sorğu zamanı müəyyən oldu ki, özəl klinikalar "Pfizer" vaksini üçün əlavə ödəniş tələb etmək niyyətində deyillər. Problemli məsələ Səhiyyə Nazirliyinin müəyyən etdiyi tibb mərkəzlərinin adlarının randevu.its.gov.az sisteminə inteqrasiya olunmamasıdır. Ümid edək ki, bu porblem də qısa müddətdə həllini tapa bilər.
E. Rüstəmli
"AzPolitika.info"
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar