Xəbər lenti

 

Dəniz suyu, havası, isti dəniz qumu - bütün bunlar əsl sağlamlıq mənbəyidir.

Lakin çimərlikdə dincələndə bəzi  sadə qaydalara əməl etmək lazımdır ki, bu istirahət sizə ziyan deyil, yalnız fayda versin.

1. Su için!

Çimərlikdə dincələndə mütləq yanınızda təmiz su saxlayın və vaxtaşırı olaraq suyu kiçik qurtumlarla için. Günün altında olan insanda susuzlaşma tez inkişaf edir. Susuzlaşma çox ziyanlıdır - ürək-damar, sinir sisteminin, böyrəklərin fəaliyyətini pozur, qocalmanı tezləşdirir. Susuzlaşmanın qarşısını almaq üçün tez-tez su için.

Şirin qazlı sular, enerji içkiləri, spirtli içikələri çimərlikdə içməyin. Onlar susuzlaşmanı daha da artırır, orqanizmə ciddi ziyan vurur.

2. Gündən qoruyan vasitələri unutmayın!

Hər 2 saatdan bir dərinizə gündən qoruyan krem çəkin. Bu vasitələr dərini ultrabənövşəyi şüaların ziyanlı təsirindən qoruyur.

Son zamanlar alimlər bir çox gündən qoruyan kremlərin az effektli olduğunu aşkar ediblər. Yaxşı keyfiyyətli kremlərdən istifadə edin, kremləri aptekdən alın.

Alternativ variant - təbii yağlardır. Bəzi yağlar da dərini gündən qoruyan istənilən kremdən daha yaxşı qoruyur. Bu yağlar arasında - təbii zeytun, çaytikanı, küncüt, kokos, avokado yağıdır.

Krem və ya yağı günə çıxmamışdan 10-15 dəqiqə əvvəl bədəninizə çəkin, dənizdən çıxdıqdan sonra krem çəkməyi unutmayın.

3. Nəm çimərlik geyiminizi mütləq dəyişin!

Bu həm kişi, həm də qadınlara aiddir. Nəm çimərlik geyimində qalmaq sidik-cinsiyyət sistemi xəstəliklərinin riskini artırır, bu sistemdə mövcud olan xəstəliklərin kəskinləşməsinə səbəb olur.

4. Gündən qoruyan eynək taxın!

Gün şüaları gözlərimiz üçün ziyanlıdır. Şüalanma bir çox göz xəstəliklərinin (katarakta və s.) inkişafı riskini artırır.

Keyfiyətli gün eynəklərindən istifadə edin. Ucuz eynəklər heç nədən qorumur və əksinə əlavə təhlükə yaradır.

5. Çimərlikdə düzgün qidalanın!

Çimərlikdə süd və ət məhsulları yeməyin. Bu kimi məhsullar isti havada orqanizmi artıq yükləyir və həmçinin zəhərlənməyə səbəb ola bilər. Çimərlikdə meyvə-tərəvəz, qoz-fındıq, tum və adi sudan əlavə digər qidaları qəbul etməyin.

6. Başınıza panama, kepka taxın!

Bu sizi günvurmadan qoruyacaq. Bundan əlavə panama saçınızı günün mənfi təsirindən qoruyur. /Saglamolun.Az/






Ana səhifəyə qayıt        Baxış: 998          Tarix: 24-07-2017, 19:45      

Xəbəri paylaş


Paylaş:   

Prizma