Xəbər lenti

Azərbaycana Rusiyadan növbəti iri partiya silahların gətirilməsi Ermənistanda ciddi təşviş doğursa da düşmən ölkənin hərbi rəhbərliyi hələlik bunu büruzə verməməyə çalışır.

Virtualaz.org xəbər verir ki, ötən gün Ermənistan silahlı qüvvələrinin Baş qərargah rəisi, general Movses Akopyan jurnalistlərin bu barədə suallarına cavab verməkdən israrla yayınıb. Habelə müdafiə naziri Vigen Sərkisyan bu haqda danışmaq istəməyib.

“Azadlıq” radiosunun erməni xidməti bildirir ki, Ermənistan müdafiə naziri Rusiyanın Azərbaycana yeni ağır hücum silahları göndərməsinə dair suallarla üzləşib, lakin şərh vermək istəməyib. Jurnalistlər sualı bir də təkrarladıqda Vigen Sərkisyan bildirib ki, iki gün sonra mətbuat konfransı keçirəcəklər “Eşitmədiniz? Mən dedim ki, iki gün sonra mətbuat konfransı keçirəcəyik”-nazir İrəvanın “Erebuni” aviabazasında Rusiya və Ermənistan aviasiyasının parad uçuşlarını izləyərkən onu sual yağışına tutan jurnalistlərə qəzəblənib.

Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi, başqa vaxtlarda özünün Facebook səhifəsində Azərbaycanın hərbi sahədə atdığı istənilən addımı operativ şərh edən Artsurun Ovanisyanın da deyəsən bu məsələdə nitqi tutulub. Ovanisyan Facebook səhifəsində Azərbaycana gətirilən silahlar barədə ancaq bunları yazıb: “Deyəsən “Xrizantema-S” tank əleyhinə raket kompleksləridir”.

Xəbər verildiyi kimi ötən həftə Azərbaycana Rusiyadan 42 eşalon hərbi texnika və silah, o cümlədən çoxsaylı “Xrizantema-S” tank əleyhinə raket kompleksləri gətirilib. Müdafiə Nazirliyi həmin komplekslərn tezliklə ön xəttdəki qoşun bölmələrinin sərəncamına veriləcəyini açıqlayıb və Rusiyadan silahların gətirilməsinin davam edəcəyini bildirib.

 “Xrizantema-S” tank əleyhinə dünyanın ən güclü zirehli raket kompleksidir və Rusiyadan başqa cəmi iki-üç ölkənin silahlanmasında yer alır. Virtualaz.org bu silahların imkanları barədə ötən buraxılışlarında yazıb.

Ermənistan hərbi rəhbərliyinin Azərbaycanın Rusiyadan aldığı yeni silahlarla bağlı nitqi tutulsa da sosial şəbəkələrin erməni seqmentində və ekspert çevrələrində bu məsələ geniş rezonans doğurub. “Bu necə nadir həyasızlıqdır-silah partiyasını öz müttəfiqinin düşməninə bəstəkar Raxmaninovun adını daşıyan gəmidə göndərəsən. Heç olmasa özlərinin hansısa “Komsomolçu” və ya “Dzerjinski” gəmilərində göndərərdilər”-ermənipərəst publisist Denis Dvornikov Facebook-da yazıb.

“Bakılılar üçün daha nə qədər gəmi və “gül-çiçək” göndərmək planlaşdırılır?!”-media eksperti Samvel Martirosyan bildirir. Siyasi şərhçi Armen Abovyan isə yazır ki, rus siyasətçiləri “gec-tez bu silahların rus əsgərlərinə də atəş açacağını dərk etmir”. Abovyan silah məsələsində nə rusları, nə azərbaycanlıları günahkar görmür. “Bu, bizim iflasımızdır”-o bildirir. Onun fikrincə, Ermənistan Rusiya ilə elə münasibətlər sistemi qurmalıydı ki, ruslara ermənilərin düşmənlərinin tərəfində oynamaq sərfəli olmazdı.

Qafqaz İnstitutunun rəhbəri, ekspert Aleksandr İsgəndəryan isə deyir ki, Azərbaycan bu silahları çoxdan sifariş vermişdi, sadəcə olaraq gecikmə olub və silahlar indi çatdırılır. İsgəndəryana görə onu narahat edən əsas məsələ İsrailin Azərbaycana verdiyi silahlardır. “Daha çox Rusiyanın verdiyi bu silahlara yox, İsrailin “Spayk” raketlərinin verilməsinə diqqəti yönəltmək lazımdır. Ötən ilin aprel eskalasiyasında erməni qüvvələri üçün əsas problem “Spayk”lar idi. Bu yaxınlarda isə həmin raketin yeni versiyası tətbiq edilib. Məsələ ondadır ki, “Xrizantema” birbaşa görünüş hüdudları daxilində 5-6 kilometr atır, “Spayk”lar isə daha uzaq məsafəyə”-İsgəndəryan deyir.

 




Ana səhifəyə qayıt        Baxış: 1 107          Tarix: 27-06-2017, 14:22      

Xəbəri paylaş


Paylaş:   

Prizma