Xəbər lenti

Prezident Donald Tramp dövründə Birləşmiş Ştatların bir çox ölkələrdə imici pisləşib. Çoxluq onun idarəçilik bacarığına inamının azlığını ifadə edib. Bunu «Pew» araşdırma mərkəzi üzə çıxarıb. Sorğu Trampın prezidentliyinin beş ayı tamamlanandan sonra, iyunun 27-də açıqlanıb. 37 ölkədə keçirilmiş sorğu göstərir ki, Birləşmiş Ştatların dünyadakı reytinqi 64 faizdən 49 faizə düşüb. 64 faiz Barack Obama-nın 8 illik prezidentlik dövrünün sonunda qeydə alınmışdı.

Ən böyük düşüşlər Amerikanın ən yaxın müttəfiqləri və qonşularında – Meksika və Kanadada, eləcə də Almaniya və İspaniyada qeydə alınıb. Ancaq iki ölkədə Tramp-a sələfi Obamadan daha yüksək reytinq verilib: Rusiya və İsraildə onun reytinqi 53 və 56 faizdir.

Trampa şəxsi inamsızlıq daha dərindir. Cəmi 22 faiz onun dünya işlərində düzgün olanı edəcəyinə inandığını deyib. Obama-ya inananlar isə 64 faiz idi.

Rəyi soruşulanların 74 faizə respublikaçı prezidentə inanmadıqlarını söyləyiblər. Onlar Trampın immiqrasiyanı önləmək, ticarət, iqlim dəyişikliyi ilə bağlı siyasətini də dəstəkləmədiklərini dilə gətiriblər.

Sorğuya qatılan meksikalıların cəmi 5 faizi Trampa inandığını deyib. Bu, əsasən, ABŞ prezidentinin Meksikayla sərhəddə hasar ucaltmaq niyyətiylə izah olunur. Meksikalıların 94 faizi həmin plana qarşı olduqlarını deyiblər. Bu mənfi münasibət təkcə Meksikada qeydə alınmayıb. Sorğu keçirilən 37 ölkədə 76 faiz həmin planı dəstəkləmədiyini dilə gətirib.

«Newsweek» dərgisi yazır ki, sorğuya salınmış, Trampın əsas siyasi təkliflərinə ortalama müxalif mövqenin üstün olduğu üzə çıxıb. Həmin təkliflər sırasında İranla nüvə sazişindən çıxmaq, Trump-ın altı müsəlman ölkəsindən gələnlərə səyahət qadağası, beynəlxalq iqlim sazişlərini tərk etmək daxildir.

Bu sorğu ABŞ Paris iqlim sazişindən çıxandan öncə keçirilib. Yəni bu, Trampın mövqeyinin bir az da zəifləməsi anlamına gəlir. Onun iqlim sazişiylə bağlı qərarı beynəlxalq səviyyədə pislənib. Tramp-dan ötrü yeganə yaxşı xəbər odur ki, ortalama 55 faiz onun güclü lider olduğunu söyləyib.

ABŞ prezidentinin özəlliklə də Qərbi Avropadakı reytinqi Buşun prezidentliyi dövründəkinə bənzəyir. O zaman Birləşmiş Ştatların beynəlxalq nüfuzu xeyli zəifləmişdi. Rusiya prezidenti Vladimir Putinə və Çin prezidenti Xi Jinping-ə inam reytinqi Trampınkından daha yüksəkdir. Onlara inam uyğun olaraq 27 və 28 faizdir. Almaniya kansleri Angela Merkel-ə inam 42 faizdir, 31 faiz ona inanmadığını vurğulayıb.

 




Ana səhifəyə qayıt        Baxış: 877          Tarix: 27-06-2017, 16:17      

Xəbəri paylaş


Paylaş:   

Prizma