Xəbər lenti

 

 

"Türkiyənin üzünə qapıları qapatmayacağıq".

Strateq.az xəbər verir ki, Avropa Parlametinin sədri Antonio Tajani deyib.

O, Brüsseldə İngiltərənin AB-dən ayrılmasıyla əlaqədar keçirilən sammitdə iştirak etdikdən sonra jurnalistlərin sualına cavab verərkən dilə gətirdiyi mövqeyini belə əsaslandırıb:

 "Türkiyə Avropa Birliyinə namizəd ölkədir. Ümid edirəm Kopenhagen kriteriyalarını yerinə yetirmək üçün lazım olan hər şeyi edəcək. Təbii ki, edam cəzası müzakirələri, jurnalistlərin həbs olunması kimi hallar qəbul edilə bilməz. Mətbuat azadlığı demokratiyanın ən əsas ünsürü, təməl daşıdır".

Rəsmi Ankaraya basqıların heç bir nəticə verməməsindən sonra geri çəkilmək xarakterizə edilə biləcək bu açıqlama Avropa rəsmilərinin atdığı ilk addım deyil. İki gün əvvəl Maltada toplanan Avropa Birliyi Xarici İşlər nazirlərinin görüşündə də buna bənzər açıqlama verilmişdi.

Son Brüssel sammitində “Brexit”-lə yanaşı Türkiyə məsələsinin də Avropa liderlərinin əsas müzakirə mövzuları olduğu anlaşılır. Sammitdən sonra mətbuata açıqlama verən Almaniyanın Baş naziri Angela Merkel də AB Şurasının sədri Donald Tusk və AB Komissiyası Jean-Claude Junckerin prezident Rəcəb Tayyib Ərdoğan ilə Brüsseldə görüşməyə çalışacaqlarını etiraf edib. Onun fikrincə, bu dördtərəfli görüş üzərində uzun bir müddətdir dayanılır. Merkel görüşün 25 mayda Brüsseldə keçiriləcək NATO sammiti zamanı baş tuta biləcəyini də istisna etməyib.

Maraqlıdır ki, qitə liderlərinin bu etiraflarıyla eyni vaxtda NATO-nun baş katibi Cens Stoltenberq də Almaniyanın “Welt am Sonntag” qəzetinə verdiyi müsahibəsində Türkiyənin Alyans üçün daşıdığı əvəzedilməz strateji önəmdən danışıb. O, etiraf edib ki, “NATO Türkiyə olmadan daha zəif duruma düşə bilər”.

Ekspertlərin fikrincə, əslində Türkiyə Prezidentinin siyasi rəqiblərini sərt cəzalandırması və edam hökmünün yenidən tətbiq olunacağı ilə bağlı açıqlamaları da məhz blef xarakteri daşıyırdı. Məqsəd Türkiyənin geostrateji əhəmiyyətindən yararlanaraq Avropadan gələn basqıları azaltmaq idi. Avropadan gələn qısıq səslər bu niyyətin artıq baş tutmasından xəbər verir.

Heydər Oğuz




Ana səhifəyə qayıt        Baxış: 2 423          Tarix: 30-04-2017, 09:23      

Xəbəri paylaş


Paylaş:   

Prizma