Xəbər lenti
 Sabah tanınmış şair Musa Yaqubun 80 yaşı tamam olur. Moderator.az şairin yaxın dostu, dünya çapında tanınan alim, professor Rafiq Əliyevin Musa Yaquba həsr etdiyi yazını təqdim edir:
Əziz dostum Musa, yeni nəşr olunan kitabından anladım ki, hələ indi bildin ki, nağıldı. Biz-səni sevənlər lap çoxdan bilirdik ki, sənin it hürəndən işıq gələnə bütün həyatın – bu 80 illik ömrün başdan- ayağa bir nağıldır, ibrət dərsi verən bir nağıl. Reallıqlardan doğan bir nağıl, kosmik dunyadan doğan bir nağıl, mənəvi aləmimizdən doğan bir nağıl... Musa Yaqub, sənin böyüklüyün, əlçatmazlığın elə ondadır ki, sən bütün həyatınla mifik bir nağıl olduğunu görməmisən, duymamısan. 
Tanrının millətimizə bəxş etdiyi ləyaqətli, dəyərli şəxsiyyətlərdən biri də böyük, təkrarsız şairimiz, nağıl insanımız Musa Yaqubdur. Bütövlükdə böyük insanlıq nümunəsi olan, hər fikrində, hər misrasında ana təbiətə, ailəsinə, çevrəsinə, vətəninə, torpağına sonsuz məhəbbət duyulan Musa Yaqub.
Hamının qəbul etdiyi kimi Musa Yaqub təbiət şairidir. Ozünün dediyi kimi ağac, daş, dəyirman, ... Musa Yaqubun poetik obrazlarıdır. Onun göyərməyən qara daşı elə insan taleyidir. Şair deyir ki, bu dünyanın “qara daşı” göyərməsə də, insan onu ümidində, taleyində, məhəbbətində göyərdə bilər: 
 
Leyləklərin çöp yuvası boş qalıb,
Bahar gedib, payız gəlib, qış qalıb.
Göy çəməndə ocaq yanıb, daş qalıb,
Bu dünyanın qara daşı göyərməz.
 Daş göyərməsə də, onun düşdüyü çəmən göyərəcək...
Musa Yaqub məhəbbət şairidir, dopdolu sevgi şairidir. Yarına da, torpağına da, vətəninə də dolu sevginin şairi....
Tər-təmiz ürəklə dumduru gözlə
Dünyaya baxanda
Dünya nə gözəl,
Həyat nə işıqlı görünür, Allah!
Tikan da çiçəyə bürünür, Allah!
Vətən sevgisini aşağıdakı misralardan daha tutumlu və lokanik demək mümkündürmü?!
Bəlkə də borcundan çıxmadım, Vətən!
Ömür bahar deyil bir də qayıtsın.
Ölsəm də qoynunda qoy ölüm ki, mən,
Çürüyüm, bir ovuc torpağın artsın.
 
Musa Yaqub ləyaqət, əxlaqa sözlə heykəl qoyan şairdir. İndi dünyamızda əxlaqın aşılandığı bir vaxtda şair necə əxlaq nümunəsi gostərir. Mərhum həyat yoldaşına unvanladığı “Ruh söhbəti” şerində deyir:
Tək bənövşə bitib yaxınında,
Mənə deyəcəyin gizli sözündü –
Xırda ləçəklərdə titrəyir səsin
Atam da, anam da yatır yanında,
Necə danışaq ki, eşidilməsin.
Musa Yaqub ədalət şairidir. O, qarışıq dünyamızda yaşanan hadisələrə verdiyi qiyməti haqq-ədalət tərəzisi ilə ölçür:
Bir gözün sən əydin, bir gözünü mən,
Niyə narazıyıq bu tərəzidən?
Sən çeşmə qurudan, mən ağac kəsən,
Bir günah sənindir, bir günah mənim.
Orda bulanıq su hopur torpağa 
Burda üzə çıxıb dönür bulağa 
Hələ ki vaxtımız var durulmağa
Bir sabah sənindir, bir sabah mənim...
Musa Yaqub durulmağa çağırır hamımızı, bütün insanları, yoxsa, apokalipsisə cəmi 3 dəqiqə qalıb axirət saatında...
 Musa Yaqub – şəxsiyyət, dünyaca ünlü şair...  Mənim internetdə olan deyimlərimdən biri belədir: “Tanrı insanları Pareto-optimal yaradır: kimə, nəyi, nə qədər”. Yəni, Tanrı bir insana hər şeyi əta etməz, birini verəndə o birindən kəsər. Şairin özünə də demişəm, ilahi, bənövşə kimi bu zərif bədəndə palıd əzəməti, palıd invariantlığı hardandır? Dağdan süzülən bulaq suyu kimi saf və şəffaf, coşqun dağ çayı kimi qüdrətli olmaq haradandır onda? Görünür, Tanrının sevgisinə tuş gəlib.
Əziz dostum, təkrarsız şairimiz Musa Yaquba bir dostluq ismarıcım var. Dünyada heç bir məxluq günahdan xalı deyil. Özün deyirsən ki:
Taleyin qisməti rast saldı bizi.
Yolumuz haradasa qırılacaqsa,
İtirəcəyiksə, bir-birimizi,
Xatirəm yadında qalmayacaqsa,
Bu əllər mənimki olmayacaqsa,
Bu tellər mənimki olmayacaqsa,
Gəl məni, özünə öyrətmə məni,
Hicran qorxusuyla göynətmə məni.
Bəs, niyə bu qədər öyrətdin bizi özünə?! Bax, budu günahın. Onu yuya bilərsən. Əziz dostum, bunun üçün sənə uzun, mənalı bioloji ömür arzu edirəm, tarixi ömrü – 800, 8000 illik ömrünü onsuz da qazanmısan.



Ana səhifəyə qayıt        Baxış: 1 516          Tarix: 10-05-2017, 09:12      

Xəbəri paylaş


Paylaş:   

Prizma