Xəbər lenti

 Son illər aparılan araşdırmalar zamanı Naxçıvan ərazisində xeyli yeni arxeoloji abidə aşkar olunub. Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutundan APA-ya verilən xəbərə görə, arxeoloji tədqiqatlar zamanı dalma təpə tipli boyalı qablar aşkarlanıb. 

 AMEA-nın müxbir üzvü, Naxçıvan şəhər arxeoloji ekspedisiyasının rəisi Vəli Baxşəliyevin bildirdiyinə görə, bu abidələrin bir qismi Eneolit (mis-daş dövrü, e.ə. VI-IV minilliklər) dövrünə aiddir: “Azərbaycanda Şomutəpə və Kültəpə tipli abidələrin Neolit (yeni daş dövrü, e.ə. VIII-VI minilliklər) dövrünə aid edilməsi nəticəsində Son Neolit və Son Eneolit mədəniyyətləri arasında bir boşluq yaranmışdı.   Naxçıvanda aşkar olunan abidələr bu boşluğu doldurmağa imkan verir. Naxçıvan şəhəri yaxınlığındakı Uçan Ağıl və Uzunoba abidələrinin tədqiqi zamanı götürülən radiokarbon analizlər onların e.ə. V minilliyin birinci yarısına aid olduğunu göstərib. Bu baxımdan Naxçıvan şəhəri ərazisində, Naxçıvançayın sağ sahilində aşkar olunan yeni yaşayış yeri xüsusilə əhəmiyyətlidir. Hazırda tədqiqatlar davam edir. Yaşayış yerinin tədqiqi zamanı e.ə. V minilliyin birinci yarısına aid maddi-mədəniyyət nümunələri aşkar edilib. Yaşayış yerindən aşkar olunan Dalma Təpə tipli boyalı, dırnaq, barmaq və barmaq basqısı ilə naxışlanmış keramika diqqəti cəlb edir. Urmiya hövzəsində, Dalma Təpə yaşayış yerindən aşkar olunan Eneolit mədəniyyəti indiyədək izolyasiya olunmuş mədəniyyət sayılırdı və Cənubi Qafqazda aşkar olunmamışdı. Yeni tapıntılar bu mədəniyyətin Azərbaycanda mövcud olduğunu, Urmiya hövzəsi və Naxçıvanın qədim mədəniyyətlərinin ortaq özəlliklərə malik olduğunu deməyə imkan verir”. 




Ana səhifəyə qayıt        Baxış: 962          Tarix: 27-07-2017, 11:11      

Xəbəri paylaş


Paylaş:   

Prizma