Xəbər lenti

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Aygün Akimova və İlham Baxşıyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Ovqat.com xəbər verir ki, "Report"un məlumatına görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş qismində Səidə Əliyeva ifadə verib.

O, dindirilərkən təqsirləndirilən A.Akimovanı 2010-cu ildən tanıdığını, Beynəlxalq Universitetdə təhsil alan qızının diplom alması ilə bağlı ona müraciət etdiyini deyib. Zərərçəkmişin sözlərinə görə, A.Akimova ilə Afət Hüseynovanın mağazasında tanış olub: "O, mənə yüksək vəzifəli şəxslərlə qohumluğunun olduğunu söylədi. Buna görə də qızımın diplomunu bir həftəyə ala biləcəyini bildirdi. Mən də 5 min manat pul verdim. Aygün Akimova nə pulumu qaytardı, nə də diplomu aldı. Buna görə sonda hüquq-mühafizə orqanlarına müraciət etdim".

Daha sonra zərərçəkmiş qismində Rita Həsənzadə ifadə verib. O, A.Akimovanın evində dayəlik etdiyini ifadə edib. R.Həsənzadə ifadəsində bildirib ki, təqsirləndirilən şəxsə 28 min 700 manat pul verib: "Aygün Akimovanın evində günü 20 manat olmaqla onun uşağına baxırdım. O, məni evə getməyə qoymurdu, həmişə onlarda qalırdım. Həmin ərəfədə mən ev satmışdım. Aygün xanım bildirdi ki, ona 20 min manat pul lazımdır. Səbəbini soruşanda siə dedi ki, fəhlələrə verəcək. O, yoldaşının Gənclikdə ev tikdiyini, sonra mənə oradan ev verəcəyini söylədi. Mən də pullarımı bankdan çıxarıb ona verdim. Bir müddət sonra pullarımı Aygün Akimovadan geri istədim, lakin məni evə buraxmadı. O, həyat yoldaşının adını çəkmək lazım olmadığını deyirdi. Aygün xanım yoldaşının iş adamı Abdulla olduğunu bildirirdi. O, mənə tez-tez “sənə Gənclikdə tikilən binadan yer verəcəm, uşağına klinika açarsan” deyirdi".

R.Həsənzadə ifadəsində söyləyib ki, A.Akimova özünü mötəbər şəxs kimi təqdim edib, bahalı maşınlar sürürüb, gecə-gündüz başının qarışıq olduğunu deyib.

Məhkəmənin növbəti prosesi mayın 25-nə təyin edilib.

Qeyd edək ki, A.Akimova özünü sahibkarlara ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) məxfi agenti, vəzifəli şəxs kimi təqdim edərək, onlara 1 milyon manat dəyərində dələduzluq edib. İttiham aktına əsasən, həmin cinayət işində onun İ.Baxşıyevlə əlbir olduğu qeyd edilir.

Onlar Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham olunurlar.

Xatırladaq ki, AMAY ticarət mərkəzinin sahibi Abdulla Abdulalyev iş üzrə şahid qismində ifadə verib. O, dindirilərkən naxçıvanlı biznesmen A.Akimova ilə evli olmadığını, ancaq onun uşaqlarının doğum şəhadətnaməsində ata adı kimi adının yazıldığını deyib.

 




Ana səhifəyə qayıt        Baxış: 912          Tarix: 18-05-2017, 16:12      

Xəbəri paylaş


Paylaş:   

Prizma