Xəbər lenti

Bakı Ağır Cinayətlər Məhkəməsində qətlə cəhddə təqsirləndirilən Ramin Hüseynli, Günel Süleymanova, Rasim Süleymanov, Ramil Həsənov və Əlikübar Kübarovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın xəbərinə görə, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, R. Hüseynli və G. Süleymanlının hər biri 16 il, R. Süleymanov 8 il, R. Həsənov 7 il, Ə. Kübarov isə 1 il 6 ay müddətinə azadlıqda məhrum ediliblər.

Qeyd edək ki, bu il aprelin 11-də Binəqədi rayonunun Cavadxan küçəsində, şəxsiyyəti məlum olmayan 2 nəfər həmin ərazidə kirayədə yaşayan Bərdə rayon sakini Hüseyn Qasımova avtomat silahdan bir neçə dəfə atəş açıb. Nəticədə daban nahiyəsindən güllə yarası alan H.Qasımova xəstəxanaya yerləşdirilib, ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb. Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsi əməkdaşları tərəfindən hadisə yerindən 10 ədəd 7,62 çaplı giliz götürülüb.

Güllə yarası alan H. Qasımov əvvəllər Bərdə Rayon İcra Hakimiyyətində işləyib.

Daxili İşlər Nazirliyinin hadisə ilə bağlı yaydığı məlumatda bildirilib ki, polis və prokurorluq orqanları əməkdaşlarının apardıqları əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində aprelin 11-də paytaxtın Binəqədi rayonu ərazisində Bərdə rayon sakini Hüseyn Qasımovun istiqamətində avtomat silahdan atəş açmaqla xəsarət yetirmiş Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ramil Hüseynli tutulub. Onun Binəqədi rayonu ərazisində kirayədə yaşadığı evdən “AKM” markalı silah, 22 ədəd patron və patron darağı aşkar edilərək götürülüb.

Ətrafında aparılmış tədbirlərlə R.Hüseynlinin həmin cinayəti paytaxt sakini Günel Süleymanovanın sifarişi ilə törətməsi, habelə açdığı atəş nəticəsində Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin mühafizə otağının pəncərə şüşəsinə və Bakı şəhər sakini Xəzər Cəfərzadəyə məxsus “Niva” markalı avtomobilə ziyan dəyməsi də müəyyən edilib.

Həyata keçirilmiş tədbirlərlə G.Süleymanova da tutulub. 

R. Hüseynli əvvəllər adam oğurluğu maddəsi ilə 12 il həbsxanada olub.

 




Ana səhifəyə qayıt        Baxış: 911          Tarix: 23-05-2017, 13:37      

Xəbəri paylaş


Paylaş:   

Prizma