Xəbər lenti
Şairlik alın yazısı, tanrı payıdır. Yetər ki, bu pay vətən, ulus sevgisi ilə döyünən bir qəlbi təlatümə gətirsin. Bu təlatümdən doğulan şeirlər ürəklərə daha tez yol tapır, qəlbə daha yaxın olur-İltimas İsmayılın şerləri kimi.
"...Və yazıldı şeirlər” kitabı müəllifin oxucularla ilk görüşü olsa da şairə elektron mediada, yerli və qardaş Türkiyə mətbuatında kifayət qədər maraq doğura bilib. Bunun bir səbəbi serlərin mövzu və məzmunca orijinal bədii xüsusiyyətlərə malik olmasıdırsa, digər səbəbi onların şirin İstanbul türkcəsində yazılmasıdır.
Bu nəcib xanım türkçülüyü nəinki şerlərinin məzmununda, həmçinin formasında da təbliğ etməyi ustalıqla bacarır və ümumtürk ədəbi dilinin yaradılmasına doğru gedən yolun başlanğıcındadır. O, bu yolda ilk qaranquşlardandır. Türkiyə telekanalları mütəmadi olaraq şairənin şerlərini səsləndirir, bəzilərinə hətta mahnılar da bəstələnir. Bu müvəffəqiyyət nəinki İltimas xanımın, bütün Azərbaycan poeziyasının uğurudur. Çünki İltimas xanım Türkiyə türkcəsində yazan ilk şairəmizdir. Müxtəlif şairlərin yaradıcılığında bir-iki belə nümunəyə rast gəlsək də, türkçülük bu şairənin poeziyasının simvolu, fərqləndirici cəhətidir. Bir kitablıq şeri bu şirinliklə ifade etmək Turan sevgisindən qaynaqlanan titanik gücdür.
 

 
Anadolu ləhcəsini Azəri türkcəsi ilə sintez etməyi bacaran şairə heca vəzninin müxtəlif ölçülərində yaratdığı gözəl, poetik nümunələrlə gah Yunus İmrənin, gah Şah İsmayıl Xətayinin fikirlərini yeni biçimdə təqdim edir, bəzən də Cavidi xatırladır. İşlətdiyi bədii təsvir və ifadə vasitələri bu türkcəni daha poetik, daha ürəyəyatan edir. İltimas xanım vətən sevgisi ana laylası ilə qəlbinə süzülən şairlərdəndir. Bu sevgi Qarabağ dərdindən qor bağlayır.”Yaralı yurdum”,”Qarabağ dərdİ” kimi şerlərdə Bozqurd məkanında tülkü-çaqqal dolaşdığını, Vaqif kimi klassiklərimizin məzarının çiçəksiz qaldığını dilə gətirir və qəhrəman övladlarımızın igidliyi ilə təsəlli tapır:

Qəhrəman övladlar düşmənə oxdur.
Can verib qanıyla yazar dağları”
-deyir. Eyni şeri Türkiyə türkcəsində də ifadə edir.
Şehidler tarih yazıyor
Düşman yönünü azıyor
Kahramanlar zirvelere
Karabağ ismin qazıyor.
Digər bir şerində türklüyü ilə qürur duyur:
“Zorlu yollar geçip haqqa gələnə,
Nə mutlu, nə mutlu Türküm deyənə..."
İltimas xanım Qarabağ dərdini Turan ellərinə onların öz ləhcəsində çatdırmaqla əsil vətəndaş-şairə kimi vətənə dayaq olmağa çalışır, vətən harayını türk dünyasına çatdırır:
Hanın səsi dağlarından kesilmiş
Ceyran-cüyür meşələrdən eskilmiş
Torpağına hasret nisgil ekilmiş
Karabağ ağlıyor, Vatan ağlıyor.

 

İltimas İsmayıl poeziyasının ana xətti məhəbbətdir. Bu poeziyanın ilkin qaynağı olan Vətən məhəbbətinə bir lirik mən, fərd məhəbbəti də qovuşur. Doğmalarını sevə bilməyənlər, saf məhəbbətə qiymət verməyi bacarmayanlar vətənini də sevə bilməzlər. Millətə xitabən
Bu qədər biganə olma ,millətim,
Qeyrətsiz adını alma, millətim,
Şərəfi dəyərdən salma, millətim,
Deyirlər, yamanca qocalıb Şuşa!
-deyirsə, sevgilisi üçün də bir qadın kimi tələb qoyur:
…Dünya ezabından bıkıp giderim
Seni vicdanımla yakıp giderim.
Dayanamam bana yalan söylesin.
Bu poeziyada qadın psixologiyasının, qadın qəlbinin dərin fəlsəfəsi və poetik dillə bədii ifadəsi ehtiva oluna bilir. Sevgiyə möhtac olan qadın qırılıb sınarsa, ürəyi yaralanarsa, dərdini içinə atıb xəyanətlə, yalanla üzləşərsə, buz baxışların altında donarsa pinar gözləri yaş axıtmazmı:
Neleri istedi,neleri aldı
Gelen-giden onun ömründen çaldı
Yıllarla bir kalpte ac susuz kaldı,
Maziyi anarsa, ağlar kadınlar.

 
Şairənin poeziyasında vətən, torpaq, fərd sevgisi tanrı sevgisi ilə sintez olunur:
Aşığın hemdemi zülmet gecedir
Sevmeyen anlamaz halım necedir,
Rabbin aşkı her sevgiden yücedir,
Anladım Tanrıya yoldu bu sevda.
Ümumiyyətlə İltimas İsmayıl poeziyası daha çox qemli notlarla köklənmişdir. Bunun səbəbini isə daha çox dərdli Vətənin yaralarına məlhəm olmağa can atan və buna az nail olan şairənin vətəndaş ağrısında, vətən nisgilində axtarmaq lazımdır. Bəzən şairə o qədərkədərlənir ki, həyatla vidalaşmaq istəyir, “Kalbimi yerinden sökesim gelir”-deyir:
Saçlarıma tane –tane qar gelir
Uslan gönül,sevdan sana ar gelir
Yar vefasız,dünya bana dar gelir,
Neden geldi bunlar başa, bilemem.
Lakin şairə hərdən nikbin nota köklənməyə də özündə güc tapa bilir və “gəl, mutlu olalım”-deyir.
İltimas xanımın obrazlaına həyatın çətin sınaqlarından qalib çıxıb mutlu olmağı arzulayırıq.

Mətanət SARAÇLI
BDU-nun dosenti, filologiya üzrə fəlsəfə doktoru,
AYB-nin üzvü





Ana səhifəyə qayıt        Baxış: 1 536          Tarix: 14-04-2017, 22:19      

Xəbəri paylaş


Paylaş:   

Prizma