Xəbər lenti

Bakıdakı Dövlət Bayraq Meydanında bayraq dirəyinin götürülməsi ilə bağlı məlumatlara rəsmi münasibət bildirilib.

Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin şöbə müdiri Nazim Məcidov "Report"a açıqlamasında deyib ki, dirəyin götürülməsi barədə məlumatlar həqiqəti əks etdirmir.

O qeyd edib ki, artıq Dövlət Bayrağı Meydanının yaradılmasından 7 il keçir: “Meydanda quraşdırılan dirək texniki göstəricilərinə görə texnoloji cəhətdən mürəkkəb qurğudur. Təlimata uyğun olaraq, həmin dirəyə mütəmadi şəkildə ümumi texniki baxış və qiymətləndirilmə işləri keçirilir. Bu dəfə əsaslı texniki baxış olacaq”.

N.Məcidovun sözlərinə görə, əsas məqsəd metal konstruksiyaların dayanıqlığını qiymətləndirməkdir: “Lazım olarsa, müvafiq tədbirlər görüləcək. Təbii ki, bu işlərin hamısı planlaşdırılmış şəkildə aparılır. Texniki baxış müddətində ehtiyac olarsa, dirəyin müəyyən hissələri açılıb sökülə bilər. Texniki baxışın nə qədər müddət çəkəcəyini dəqiq bilmirik. Çünki baxış zamanı nə kimi problemlərin meydana çıxacağı əvvəlcədən bilinmir”.

O həmçinin əlavə edib ki, texniki baxış üçün hazırlıq işləri iyul ayından başlayıb: “Hazırda baxış üçün hazırlıq işləri gedir. Böyük kran quraşdırılıb. Əsas görüləcək işlər hələ qabaqdadır, yəni hazırda hazırlıq mərhələsidir. Əsas texniki baxış sonrakı müddətdə həyata keçiriləcək”.

Xatırladaq ki, Dövlət Bayraq Meydanındakı bayraq dirəyinin hündürlüyü 162 m (dəniz səviyyəsindən 192 m), dirəyin çəkisi 220 tondur. Bayrağın uzunluğu 70 m, eni 35 m, çəkisi isə 220 kq-dır.

 




Ana səhifəyə qayıt        Baxış: 854          Tarix: 5-08-2017, 11:15      

Xəbəri paylaş


Paylaş:   

Prizma